Vətəndaş cəmiyyətinin sütunu həmrəylikdir
Bu gün vətəndaş cəmiyyəti deyiləndə söhbət tək insanların dövlət quruculuğundakı aktivliyindən, səfərbərliyindən, cəmiyyətin söz sahibi olmasından getmir. Vətəndaş cəmiyyəti həm də özlüyündə bir həmrəylik mənasını daşıyır.
Hansısa çətin məqamda, hansısa milli maraqlar baxımından toplumun bütünlüklə həmrəylik nümayiş etdirməsi ən vacib faktordur. Və bu həmrəylik tək milli maraqlar məsələsində yox, eyni zamanda cəmiyyət üçün pis nümunə belə yaranan zaman baş verirsə, deməli vətəndaş cəmiyyəti kifayət qədər formalaşıb və effektli reaksiya vermək mümkün olur. "Unikal"a açıqlama verən psixoloq Samirə Abdullayeva bildirir ki, vətəndaş cəmiyyətinin əsas məqsədi də pis nümunələrin qarşısını almaqdır:" Bu gün vətəndaş cəmiyyəti nə qədər güclü olarsa pis nümunələr bir o qədər sıradan çıxar, insanlar ictimai qınağı nəzərə alar və daha normal cəmiyyətlər formalaşar. Yoxsa bu gün bir sıra xarici beyin mərkəzləri az qala beynimizə hopdurublar ki, vətəndaş cəmiyyəti etirazçı, inqilabçı bir ovqata sahib olmalıdır. Amma bu tam tərsinədir. Vətəndaş cəmiyyəti daha çox qurucu xarakterli olmalı və pis nümunələrə qarşı barışmaz olmalıdır". Maraqlıdır, bəs bu gün bizdə vətəndaş cəmiyyəti bu missiyanın öhdəsindən gələ bilirmi? Gəlin uzağa getməyək elə bu günlərdə öldürülən jurnalistlə bağlı hakimiyyətin və cəmiyyətin mövqeyinə baxaq. Məhz bu reaksiyalar vətəndaş cəmiyyətinin bütövlüyünü bir daha nümayiş etdirdi və aydın oldu ki, hakimiyyət də cəmiyyət də pis nümunələrə eyni şəkildə reaksiyalar verməyə qadirdir. Belə ki, hadisə baş verəndən dərhal sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, prezident İlham Əliyev avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olmuşdur.
Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd etmişdir ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.
Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar vermişdir. Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırmışdır.
Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirmişdir.
"Azərbaycan Prezidenti İlham Əliyevin jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı məsələyə operativ münasibət göstərməsi və bununla bağlı xüsusi göstəriş verməsi Mətbuat Şurası tərəfindən yüksək qiymətləndirilir". Bunu isə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidenti birbaşa həm Daxili İşlər Nazirliyinə, həm Baş Prokurorluğa göstəriş verdi ki, tezliklə bu məsələ ciddi olaraq araşdırılsın, hadisənin baş vermə səbəbləri müəyyən olunsun və günahkarlar cəzaların alsınlar: "Artıq biz əminik ki, lap tezliklə hadisəyə aydınlıq gələcək və günahkarlar öz cəzaların alacaqlar".
Şura sədri vurğulayıb ki, Azərbaycan Prezidenti istər maliyyə, istər sosial, istər söz və mətbuat azadlığı məsələləri ilə bağlı həmişə jurnalistlərin yanında olub və həmişə jurnalistlərə dəstək verib:"Cənab Prezident İlham Əliyevin Rasim Əliyevin ölümü ilə bağlı məsələyə belə operativ münasibət göstərməsi və məsələnin geniş araşdırılması üçün göstəriş verməsi Prezidentin Azərbaycanda söz və mətbuat azadlığının qarantı və jurnalistlərin həqiqi dostu olduğunu bir daha təsdiq etdi".
Ə.Amaşov eyni zamanda qeyd edib ki, Prezidentin bu münasibəti ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir.Amma çox təəssüflər ki, baş verən bu olaya Azərbaycan hakimiyyəti və cəmiyyəti həmçinin eyni reaksiyanı versələr də bəzi qüvvələr bundan da istifadə etməyə çalışırlar. Bu isə əslində tək ölənin ruhuna yox, bütünlüklə vətəndaş cəmiyyətinə qarşı hörmətsizlikdir. Belə ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın qətlə yetirilən jurnalist Rasim Əliyevin vəfatı ilə bağlı açıqlama verərək bunu siyasiləşdirməyə çalışıb. Amma bunun da dərhal cavabı verilib. PA-nın şöbə müdri Əli Həsənov deyib ki, Prezident İlham Əliyev jurnalistin ölümündən ciddi narahatlığını ifadə edib və bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib:
"Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırlması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib və məsələni şəxsi nəzarətinə götürüb. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaq".
Əli Həsənovun sözlərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi jurnalistin ölümünün səbəbinin araşdırılması və günahkarların qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirmiş, məsələ barədə ictimaiyyətə dolğun məlumat verilib:
"Lakin cənab Yaqlandın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyil. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra T.Yaqlandın bu tipli açıqlamalarına ehtiyac qalmayacaq.
O ki qaldı jurnalistlərə qarşı zorakılıq, onların ölümü ilə bağlı məsələlərə, qeyd etməliyəm və təcrübə də göstərir ki, dünyanın heç bir ölkəsi bu tipli cinayətlərdən sığortalanmayıb. Əsas odur ki, hakimiyyət hadisəni düzgün qiymətləndirsin, məsələ obyektiv araşdırılsın, təqsirkarlar barədə qanuna uyğun şəkildə ölçü götürülsün, habelə bu kimi halların gələcəkdə təkrarlanmaması üçün ciddi iradə nümayiş etdirilsin və zəruri tədbirlər görülsün. Azərbaycan hakimiyyəti bütün bunları etmişdir, ictimaiyyət də həyata keçirilən tədbirləri anlaşıqlı qarşılayır və dəstəkləyir.
Ümumiyyətlə, Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutları – qeyri-hökumət təşkilatları, siyasi partiyalar, kütləvi informasiya vasitələri, dini və milli azlıqları təmsil edən qurumlar arasında çox yaxşı dialoq mövcuddur. Hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasında müntəzəm qaydada görüşlər keçirilməsi, cəmiyyəti narahat edən məsələlərin müzakirə olunması və problemlərin həlli üçün birgə səy göstərilməsi bunu açıq şəkildə təsdiq edir.
Azərbaycan hakimiyyəti bu günə kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş və bundan sonra da bu istiqamətdə öz səylərini davam etdirmək əzmindədir".
Beləliklə bu olay bir daha sübut etdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilk növbədə öz hakimiyyətinə, cəmiyyətinə və dövlətinə inanmalıdır. Çünki elə son olay da göstərir ki, bütün Azərbaycan cəmiyyəti baş verən son prosesə eyni reaksiya verir və bunu qınayırsa, ölkə xaricində bundan siyasi məqsədlər üçün istifadə etmək istəyənlər tapılır.Hətta bu addımla bütövlükdə Azərbaycanın vətəndaş cəmiyyətini zədələməyə həvəs göstərirlər.
Digər Xəbərlər
2024-12-25 11:17:58
2024-12-25 10:54:47
2024-12-25 10:37:57
2024-12-25 10:22:00
2024-12-25 09:46:00
2024-12-25 09:12:09
2024-12-25 09:00:09
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20