Müsavatda seçki narazılığı pik həddə
10:42 04-09-2015
CƏMİYYƏT
Partiyanın namizədlər siyahısını açıqlaması aranı qatdı
Azərbaycan müxalifəti hələ mövcudiyyət tarixində seçkilərə bu qədər yıpranmış, parçalanmış və ümidsiz halda getməmişdi. AXCP ilə vəziyyət özlüyündə aydındı, kütləvi istefaların haldan saldığı partiya seçkilərdə iştirak etmək qabiliyyətini belə itirib. Düşərgənin ikincisi sayılan Müsavatda da durum fərqli deyil. Düzdür, Müsavat AXCP ilə müqayisədə nisbətən stabil daxili duruma malikdir. Amma partiyanın namizədlər siyahısını açıqlaması ilə bu kövrək daxili stabillik də çat verməyə başladı.
Məlum olduğu kimi, ötən həftənin sonunda Müsavat Partiyasının Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Məclisin iclasında partiyanın rayon təşkilatları tərəfindən namizədliyi razılaşdırılmış şəxslərin adları açıqlanıb.
Maraqlıdır ki, Müsavat Partiyasının 30-a yaxın dairədən deputatlığa namizədi yoxdur. Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsindən namizəd irəli sürülməyib. Rayon təşkilatlarının razılaşdırdığı namizədlər Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib.
Müsavat Partiyası Məclisinin iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin müəyyənləşdirilməsi məsələsinin müzakirəsində qalmaqal yaranıb. Belə ki, bu dairədən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər. Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb.
Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.
Başqanlığa namizəd olmuş Tural Abbaslı deputatlığa namizəd göstərilməyib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının APA-ya dediyinə görə, Tural Abbaslı Müsavat tərəfindən deputatlığa namizədliyinin irəli sürülməsi üçün prosedura uyğun olaraq partiyaya müraciət etməyib. Aslanlı bu səbəblə Abbaslının namizədliyinin Məclisin müzakirəsinə çıxarılmadığını bildirib.
Qeyd edək ki, T.Abbaslının namizədliyini irəli sürəcəyini açıqladığı 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən partiyanın həmin rayon təşkilatının sədrinin namizədliyi irəli sürülüb.
Tural Abbaslı isə deyib ki, müzakirəyə çıxarılmalı olan ilkin siyahıda onun adı olub: "Sadəcə, sonradan texniki bəhanələr uydurularaq, yəni "Tural Abbaslı müraciət etməyib" deyilərək müzakirəyə çıxarılmayacağı bildirilib. Bu, ağ yalan və iftiradır. Müraciət necə olunmalıdır? Gülağa Aslanlı dövlət orqanı, yaxud hər hansı rəsmi dövlət strukturu deyil ki, qeyd etsin ki, rəsmi müraciət olub, yaxud olmayıb. O halda eyni sualla müraciət edə bilərəm ki, namizədliyini irəli sürdüyünüz şəxslərin hamısının rəsmi qaydada ərizəsi varmı? Məndə olan məlumata görə, Müsavat Partiyasının deputatlığa namizədliyini irəli sürdüyü şəxslərin 90 faizinin bununla bağlı partiyaya rəsmi müraciəti yoxdur. Özləri telefonla zəng ediblər ki, sənin filan dairədən namizəd olmağını istəyirik, o da razılaşıb. Bu, bəhanədir, Arif Hacılının siyasi qısqanclığının nəticəsidir və qrup maraqları çərçivəsində verilmiş bir qərardır. Təəssüf ki, Arif Hacılı yenə də öz siyasi maraqlarını partiya maraqlarından üstün tutur və yalnız özünə "ləbbeyk" deyən insanlardan ibarət siyahı formalaşdırmağa çalışır".
O, adının Müsavat Partiyasının deputatlığa namizədlər siyahısında yer almamasının onun üçün sürpriz olmadığını vurğulayıb: "Siyasi baxımdan heç bir divident itirdiyimi düşünmürəm. Çünki qurultaydan sonra Arif Hacılının yürütdüyü siyasət nəticəsində partiya kifayət qədər nüfuz itirib, zəifləyib. Nüfuzunu itirmiş strukturdan namizəd olub-olmamaq o qədər böyük bir məsələ deyil, nəyisə həll etmir. Ancaq burada söhbət ən azı mənəvi məsələdən, siyasi mədəniyyətdən gedir. Uzun müddət partiya rəhbərliyində təmsil olunmuş şəxsin adının namizədlər siyahısına salınması ən azı mənəvi bir borcdur. Tutaq ki, mən müraciət etməmişdim, bu gün partiya rəhbərliyində olan şəxslərin hamısında mənim əlaqə nömrəm var, siyasi etika naminə məndən soruşa bilərdilər ki, mətbuatdan oxuyuruq, xəbərimiz var ki, 21 saylı dairədən namizəd olmaq istəyirsiniz, müraciət etmək, partiya sırasından getmək istəyirsiniz? Bu da göstərir ki, sadəcə, bu məsələ siyasi rəqabət kimi qiymətləndirilib, Arif Hacılı əleyhdarlarına qarşı növbəti demarşdır".
Qeyd edək ki, T.Abbaslı tərəfdarları ilə birlikdə "Ağ blok" yaradıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22