Əli Kərimliyə qarşı birləşənlərin sayı artır
09:25 06-09-2015
CƏMİYYƏT
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı partiyadan gedənlərlə bağlı "fətva" verib
İllərdir Azərbaycanın siyasi arenasında varlığı ilə yoxluğu bilinməyən Əli Kərimlinin AXCP-si gülünc və eyni zamanda, düşündürücü kampaniyaya - "Facebook-da dostluqdan çıxarma" kampaniyasına start verib.
Bu barədə "Yeni Demokratiya" hərəkatından verilən açıqlamada bildirilir. Qeyd olunur ki, özlərini demokratiya carçısı kimi göstərməyə çalışan bu insanlar, əslində, azad fikrə, azad seçimə qarşı nə qədər dözümsüz və nə qədər cılız düşüncəli olduqlarını bir daha nümayiş etdirirlər. Bildirilir ki, onların bu addımı, eyni zamanda, Əli Kərimli AXCP-sinin fəaliyyətinin elə sosial şəbəkə çərçivəsindən ibarət olduğunu göstərir. Belə ki, AXCP-nin sədr müavini Facebook "qəhrəmanı" Fuad Qəhrəmanlı öz səhifəsində bütün partiya üzvlərini Facebook-da Razi Nurullayev və onun ətrafında birləşən insanları dostluqdan çıxarmağa çağırıb, daha doğrusu əmr edib.
Məlumata görə, F.Qəhrəmanlı bununla da kifayətlənməyərək, dosluqdan çıxarıldıqdan sonra, bununla bağlı statusun da yazılmasını tələb edib. Hətta o göstəriş verib ki, dostluqdan çıxarılma ilə bağlı status işin əsas tərəfidir və bu məsələ monitorinq ediləcək. Sədr müavini qeyd edib ki, Facebook-da dostluqdan çıxarma kampaniyası AXCP-nin ən vacib məsələlərindən biridir: "Bəylər, maraqlıdır, bu necə demokratiya sevdasıdır ki, AXCP rəhbərliyi üzvlərinin şəxsi həyatına kobud şəkildə müdaxilə edərək, onların kimi dost seçib, kimdən imtina edəcəklərinə qərar verir? Bu necə siyasi partiyadır ki, Əli Kərimli, onun partiya daxili diktaturasına və siyasi səriştəsizliyinə qarşı çıxan Razi Nurullayevlə mübarizəni, onun ətrafındakıları hansısa sosial şəbəkədə dostlqudan çıxarmaqla aparır? Bu, sadəcə, cılızlıqdır. Nə qədər də gülüncdür, acıdır. Özünü müxalifət adlandıran, hakimiyyətə gələcəklərini iddia edən bir partiyanın bu qədər kiçilməsi - sosial şəbəkədə üzvlərini kimlərisə dostluqdan çıxarmağa məcbur edərək, belə bir mübarizə yolu seçməsi. Razi Nurullayevlə siyasi, hüquqi müstəvidə mübarizə apara bilməyəcəyini görən bu insanlar, sosial şəbəkədə ləkələmə, qarayaxma, təhqir etmə, hədələmə, dostluqdan çıxarmaqda mədət axtarırlar. Bu, əslində, Razi Nurullayevin və onun ətrafında birləşən cəbhəçilərin Əli Kərimli sədrliyinə qarşı verdikləri qərarlarda, seçdikləri yolda, atdıqları addımlarda nə qədər haqlı olduqlarını göstərir".
"Unikal"ın məlumatına görə, narazıların cəmləşdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Eltural Mürsəlzadə qarşı tərəfi kəskin tənqid edib: "Onlar AXCP-nin olmadığını, dağıldığını, Əli Kərimlinin siyasi arenada çoxdan bitdiyini hiss edə bilmirlər. Səbəb isə çox sadədir. Əli Kərimli bu insanları mümkün olduğundan da çox zombiləşdirib, sərbəst düşünmək qabiliyyətini əllərindən alıb, bədbəxtliyi bu insanların düşüncə tərzinə çevirib. Mən ara-sıra bu insanlara baxıb çox təəssüflənirəm. Mağazalara 4-5 min borcu olan belələri bu məntiqlə yaşayırlar, düşünürlər ki, Əli Kərimli prezident olacaq, bunlar da deputat və ya icra başçısı təyin ediləcək. Bundan sonra isə borclarını qaytaracaqlar, yaxşı yaşayacaqlar".
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, hüquqşünas Mehman Muradlı isə başqa problemə toxunub. O bildirib ki, AXCP-nin apardığı dava möhür davası deyil. Onun sözlərinə görə, möhürə sözümüzü çatdırmaq üçün, fəaliyyətimizi Azərbaycan Respublikası Konstitusiyasına və "Siyasi partiyalar haqqında" qanunun tələblərinə əsasən davam etdirmək üçün ehtiyac var. Onu da qeyd edib ki, hazırki vəziyyətdə AXCP adından çıxış edən Əli Kərimli və dəstəsinin qanunvericiliyə və partiya nizamnaməsinə əsasən heç bir səlahiyyəti yoxdur! Nizamnaməyə əsasən 4 ildən bir keçirilməli olduğu halda 1 ilə yaxındır ki, qurultayın keçirilməsi vaxtından keçib: "Əli Kərimli nəinki partiya nizamnaməsini, hətta Azərbaycan qanunvericiliyini pozmaqdan belə çəkinmir. Bu vəziyyətdə hesab edirəm ki, AXCP-nin adından ancaq AXCP-nin Etimad Qurultayı Təşkilat Komitəsi çıxış edə bilər". Hüquqşünas deyib ki, qurultaydan sonra əgər nazirlik bizim sənədlərə mənfi cavab versə o zaman qanunvericiliyin bizə verdiyi hüquqlardan istifadə edərək məhkəməyə üz tutacağıq. Azərbaycan məhkəmələrində bu məsələ həllini tapmasa, Avropa İnsan Haqları Məhkəməsinə kimi gedəcəyik: "Çətin də olsa hesab edirəm ki, qurultayımızdan sonra Ədliyyə Nazirliyi bu məsələdə bizə qırmızı işıq yandırmayacaq və məsələnin sivil qaydada həll olumasını təmin edəcək. Hər halda Ədliyyə Nazirliyinə qurultayın keçirilməsi bildirişini verəcəyik və nazirliyin nümayəndəsinin iştirakını xahiş edəcəyik".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22