Arif Hacılı "repressiya" siyasətini gücləndirib
09:26 06-09-2015
CƏMİYYƏT
Qubad İbadoğlunun daha bir fəal tərəfdarının Müsavat Partiyasından xaric edilməsi prosesi davam edir
Müsavat Partiyasının başqanı Arif Hacılı "repressiya" siyasətini davam etdirməkdədir. Qubad İbadoğlu, Vurğun Əyyub və digərlərinin partiyadan çıxarılması ilə prosesin bitəcəyi gözlənilsə də, rəhbərlik dayanmadı.
"Unikal"ın məlumatına görə, Arif Hacılı yaratdığı rejimə qarşı çıxanlara qarşı sərt addımlar atır. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib. MNTK sədri Sevinc Hüseynovanın verdiyi məlumata görə, iclasda Müsavat Partiyası Ağstafa rayon təşkilatının üzvü İsmayıl Nəzərlinin (İsmayıl Kəsəmənli) sosial şəbəkələrdə partiya Nizamnaməsinə zidd olaraq, xüsusilə parlament seçkilərinə start verildikdən sonra partiya rəhbərliyinin, sabiq başqan İsa Qəmbərin ünvanına yazdığı təhqiredici və aşağılayıcı yazılar və mətbuata verdiyi müsahibələr müzakirə olunub: "MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü İsmayıl Nəzərlini Müsavat Partiyası Nizamnaməsinin preambulasının 6-cı və 1.9-cu bəndlərinin və proqramının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric etmək haqqında qərar qəbul edib". Daha sonra İsa Qəmbərə qarşı apardığı təbliğata görə partiyanın Sabunçu rayon təşkilatının üzvü Elşən Həsənova xəbərdarlıq olunub.
Qeyd edək ki, İsmayıl Nəzərli (Kəsəmənli) başqanlığa keçmiş namizəd, partiyadan xaric olunmuş Qubad İbadoğlunun fəal tərəfdarlarından biridir.
Xatırladaq ki, Müsavat Partiyası Məclisinin iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin müəyyənləşdirilməsi məsələsinin müzakirəsində qalmaqal yaranmışdı. Bu dairədən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər. Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb. Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.
Qeyd edək ki, başqanlığa namizəd Tural Abbaslıya qarşı da soyuq münasibət var və onun namizədliyi irəli sürülməyib. T. Abbaslı adının Müsavat Partiyasının deputatlığa namizədlər siyahısında yer almamasının onun üçün sürpriz olmadığını vurğulayıb: "Siyasi baxımdan heç bir divident itirdiyimi düşünmürəm. Çünki qurultaydan sonra Arif Hacılının yürütdüyü siyasət nəticəsində partiya kifayət qədər nüfuz itirib, zəifləyib. Nüfuzunu itirmiş strukturdan namizəd olub-olmamaq o qədər böyük bir məsələ deyil, nəyisə həll etmir. Ancaq burada söhbət ən azı mənəvi məsələdən, siyasi mədəniyyətdən gedir. Uzun müddət partiya rəhbərliyində təmsil olunmuş şəxsin adının namizədlər siyahısına salınması ən azı mənəvi bir borcdur. Tutaq ki, mən müraciət etməmişdim, bu gün partiya rəhbərliyində olan şəxslərin hamısında mənim əlaqə nömrəm var, siyasi etika naminə məndən soruşa bilərdilər ki, mətbuatdan oxuyuruq, xəbərimiz var ki, 21 saylı dairədən namizəd olmaq istəyirsiniz, müraciət etmək, partiya sırasından getmək istəyirsiniz? Bu da göstərir ki, sadəcə, bu məsələ siyasi rəqabət kimi qiymətləndirilib, Arif Hacılı əleyhdarlarına qarşı növbəti demarşdır" .
Görünən odur ki, Müsavat Partiyası Arif Hacılının nəzarətinə keçəndən sora çökməyə başlayıb. Prosesin uzun çəkəcəyini isə söyləmək olmaz. Hər halda, bu seçki Müsavatın tamamilə iflas olmasının nöqtəsini qoyacaq.
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22