Abid Şərifovun müdhiş unutqanlığı
09:36 08-09-2015
CƏMİYYƏT
Baş nazirin müavini 3 il əvvəl verdiyi vədi unudub, yoxsa…?
Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının Xətai rayonu, Cavanşir küçəsi, 10-da yerləşən yataqxananın sakinləri acınacaqlı durumda yaşayırlar. Yataqxanada məskunlaşanlar illərdir sözügedən kombinatda çalışanlardır.
virtualaz.org saytının əməkdaşlarının oradan hazırladıqları reportajda yataqxana sakinlərinin necə məşəqqətli vəziyyətdə olduqları aydın görünür: "...3-cü mərtəbəyə qalxıb sağa dönürük. Dəhşətli üfunətdən nəfəs almaq mümkün deyil. Qəflətən qolumuzdan tutub kənara çəkirlər.
Aralarından biri qorxu içində qışqırır: "Hara gedirsiniz, tavan başınıza uça bilər. Görmürsünüz? Qapının yuxarısına baxın, tavanın bir hissəsi uçub..."
Digər qapıdan keçirik. Yuxarıdan su axır. Sakinlərdən həyəcan dolu növbəti xəbərdarlıq gəlir: "Çəkilin, kanalizasiya suyudur. Tualetin kanalizasiyası xarab olub, çirkab sular bizim mərtəbəyə tökülür. Bura isə hamamdır. Həm çimirik, həm də qabları yuyuruq. İçəriyə keçmək istəyirsiniz? Stolun üstündəki çətiri götürün..."
Bu il martın 17-də yataqxananın 4-cü mərtəbəsində uçqun olub. Uçqun nəticəsində həm 4-cü, həm də 3-cü mərtəbənin mətbəxi yararsız hala düşüb. Sakinlər məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Nazirlik isə mətbəxləri möhürləyib. Amma sakinlər xəbərdarlığa baxmayaraq mətbəxlərin qapısını açıblar.
Yataqxana sakini Nailə xanım deyib ki, dəhlizə soba qoyaraq növbə ilə yemək hazırlayırlar: "Bizim mərtəbədə 14-15 ailə yaşayır. Bəzən saat 6-da dururuq ki, tez yemək bişirək. Burada hər gün narazılıq, hər gün dava-dalaş olur. İllərin qonşuları şəraitsizlikdən mübahisə edir. Təsəvvür edin ki, hər ailədə ən azı 4-5 nəfər var. İşdən gələnlərə yemək qızdırmaq lazımdır. Birinin yeməyi qurtarır, təkrar xörək hazırlamalıdır. Ona görə də mətbəxin qapısını açdıq. Qorxa-qorxa da olsa yeməkləri orada qızdırırıq".
70 ailənin yaşadığı yataqxanada cəmi 5 hamam var. Amma hamam deyəndə təsəvvürünüzdə suyu, kanalizasiyası, vannası olan hamamları əsla canlandırmayın. Burada tavan və döşəmə dağılıb. Döşəmənin dağılmış yerləri taxta parçaları ilə örtülüb. Azacıq sərt hərəkət olsa, göydən daş düşə bilər. İsitmə sistemi olmadığından evdə su qızdırıb vedrələrlə daşıyırlar. Yataqxana sakini Cavahir Şıxəliyeva deyir ki, bəzən çimmək üstündə də mübahisələr yaranır: "Kimsə yuyunur, sonra başqa birisi girib qablarını yuyur. Bəzən növbə yaranır. Hamı öz rahatlığını düşünür. Başqa neyləmək olar?!"
Əslində hər ailədə çox yox, ortalama 3 nəfərin olduğunu nəzərə alsaq, deməli, gün ərzində 210 nəfər bu 5 hamamdan istifadə edir. Hərçənd ki, bəzi ailələr 7-8 nəfərdən ibarətdir.
Digər sakin Həqiqət Əliyeva isə nəmişlikdən 8 yaşlı nəvəsinin xəstəlik tapdığını söyləyib: "Yayda istidən nəfəs ala bilmirik. Amma qışda vəziyyət daha dözülməz olur. Evin yarısı göyərir. Yəni otaqlarda otlar bitir. Bu pəncərənin qarşısına baxın. Divarda ağac bitdiyini harada görə bilərsiniz? 8 yaşlı nəvəm aktiv revmatizma xəstəsidir. Ötən həftə xəstəxana şəraitində müalicə aldı. Həkim deyir ki, yaşadığınız yeri dəyişməlisiniz. Necə edək? Axı bizim dərdimizə qulaq asan yoxdur".
Bütün mərtəbələrdə dəhlizlərə şkaflar qoyulub. Otağında yeri olmayan sakinlərin bəziləri yorğan-döşəyi qapının ağzına yığıb.
Yataqxana sakini Arzu Abdulrəhimova deyib ki, yeri olmadığından paltarlarını ərzaq yığdığı şkafda saxlayır: "Paltarları soğan-kartofla eyni şkafda saxlayıram. Başqa yolum yoxdur. Hamı bu vəziyyətdədir. Üç oğlum var. Axşamlar yerə döşək atıb yatmaqdan onurğa sütunumda yırtıq əmələ gəlib. Vəziyyətlə bağlı "112"yə müraciət etmişəm. Mənə məktub göndərilib. Məktubda şikayətimizə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən baxılacağı göstərilib. Amma Xətai Rayon İcra Hakimiyyəti bizimlə maraqlanmır. Sadəcə hərdən bir gəlib şəklimizi çəkirlər. "Vəziyyətinizdə dəyişiklik yoxdur" deyib gedirlər. Bilmirəm, nəyi gözləyirlər. Ölməyimizi, ya…"
A.Abdulrəhimova onu da söyləyib ki, neçə illərdir tualetə çətirlə girirlər: "Çünki göydən su damır. Yuxarıda yaşayanlara "tualetə getməyin" deyə bilmərik. Çətirlə giririk, sonra çətiri yuyub çıxırıq. Belə yaşamaq olmaz, amma biz yaşayırıq. Uşaqlarımızı evləndirə bilmirik. Gəlini hara gətirək? Kimin övladını özümüzlə eyni şəraitdə yaşamağa məcur edə bilərik?"
Qeyd edək ki, Cavanşir küçəsindəki 4 saylı yataqxana köçürülüb. O zaman baş nazirin müavini Abid Şərifov yataqxana sakinləri ilə görüşüb. Yataqxananın qəzalı vəziyyətdə olduğunu, onlara tezliklə kompensasiya ödəniləcəyini deyib. Amma həmin gündən 3 il keçib. Sakinlər isə hələ də onun dediklərinin reallaşacağı günü gözləyirlər.
Nazim adlı sakin söyləyib ki, natəmizlikdən yataqxana siçovul yuvasına çevrilib: "Neçə dəfə uşaqların ayağını dişləyib. Qonşunun uşağını dişləmişdi, uşaq başdan-ayağa şişmişdi. Bundan sonra JEK-ə getdik, Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Kanalizasiya sistemini düzəltsələr, bəlkə həşəratlar da azalar. Amma kanalizasiya suyu hələ də həyətə axır. Zirzəmilər çirkab su ilə doludur. Digər yataqxana söküləndən sonra burada vəziyyət daha da pisləşdi. Bəzən yeməyin içindən də siçovul çıxır. Hamı xəstəlik tapıb".
Aygün Baxşıyeva adlı sakin isə bildirib ki, neçə illər kombinatda çalışıb. Ev veriləcəyini gözləyə-gözləyə qocalıb: "Keçən dəfə binaya baxmağa gəlmişdilər. Amma qorxularından yuxarı çıxmadılar. Həyətdən baxıb getdilər. Bəs biz insan deyilik? Bizim körpə balalarımızın, övladlarımızın burada yaşamasına razıdırlar, amma özləri qorxurlar".
Sakinlər onu da bildiriblər ki, bir neçə gündən sonra Abid Şərifovun qəbul günüdür. "Bəlkə bu dəfə qəbul edəcək. Axı bizim şəraitimizi özü də gözləri ilə görmüşdü. Biz onun vədinə inanmışdıq. Bəlkə siz yazandan sonra xatırlayar..." - sakinlər belə deyiblər.
İndi maraqlı olan budur ki, baş nazir müavini 3 il əvvəlki vədini həqiqətən unudub, yoxsa yataqxana sakinlərinin başının altına yastıq qoymaq üçün belə bir vəd verib?!
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22