Azərbaycanın müharibə məşqi Ermənistana şok yaşatdı
09:36 08-09-2015
CƏMİYYƏT
Milli Ordumuzun irimiqyaslı təlimlərə başlaması ermənilərin cəbhə boyu kəndlərdən qaçmasına səbəb oldu
Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb. Cəbhədə uğursuzluğa düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərəkətinin qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz qəti və adekvat tədbirlər görürlər.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan Ermənistan rəhbərliyi guya hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyə etməyə başlayıb.
Müdafiə Nazirliyi bildirir ki, kəndlərimizin və dinc sakinlərin düşmən tərəfindən atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən atəş sistemlərindən istifadə etməklə düşməni məhv edəcək.
Müdafiə Nazirliyinin sentyabrın 6-da yaydığı rəsmi məlumatda deyildiyi kimi, Azərbaycan ordusunun bir həftə davam edəcək irimiqyaslı hərbi manevrlərə başlaması isə düşmən cəbhəsində əsl xof yaradıb. Xatırladaq ki, bu, Ermənistanda keçirilən komanda-qərargah təlimlərinin başa çatmasından dərhal sonraya və bütün təmas xətti boyu mövqe döyüşlərinin şiddətləndiyi bir vaxtda baş verir.Lakin Azərbaycan ordusunun başlatdığı manevrlər həm öz parametrlərinə, həm ssenarisinə görə Ermənistanda keçirilən təlimlərlə heç cür müqayisəyə gəlmir.
Azərbaycan ordusunun başlatdığı təlimlərin nə dərəcədə genişmiqyaslı olduğunu Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər də əks etdirir. Belə ki, təlimlərə 65 minlik şəxsi heyət, o cümlədən ehtiyatdan çağırılmış 6 minədək hərbçi, 700-ə yaxın zirehli texnika, 500-dən çox raket və artilleriya qurğuları, 100-ə yaxın təyyarə və vertolyot, xüsusi təyinatlı bölmələr, hava hücumundan müdafiə qüvvələri, o cümlədən zenit-raket birləşmələri çıxarılıb.
Təlimlərin ssenarisinə düşmənin mühasirəyə alınması, müdafiə, əks-hücum və hücum əməliyyatları, şərti hədəflərə intensiv hava zərbələri, uzaqmənzilli raketlərdən hədəflərə dəqiq zərbələr daxil edilib. Manevrlər sentyabrın 13-nə qədər davam edəcək.
Azərbaycan ordusunun poliqonlara çıxarılmış şəxsi heyəti Ermənistan ordusunun və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin şəxsi heyətinin sayına təxminən bərabərdir. O cümlədən təlimlərə çıxarılmış döyüş texnikasının miqdarına nəzər salanda Azərbaycanın az qala bütün ordu ilə Ermənistanda keçirilən təlimlərə cavab verdiyini göstərir.
Müdafiə Nazirliyi təlimlərin Ali Baş Komandan İlham Əliyevin əvvəlcədən təsdiqlədiyi plan əsasında keçirildiyini bildirsə də təxmin etmək çətin deyil ki, bu cür irimiqyaslı manevrlərin vaxtı təsadüfən seçilməyib. Azərbaycan silahlı qüvvələri son il yarımda - yeni müdafiə nazirinin təyin olunmasından sonra intensiv olaraq müxtəlif qoşun növlərinin irimiqyaslı döyüş təlimlərini keçirir. Elə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz qartalı-2015" təlimləri təzəcə yekunlaşıb.
İndiki miqyasda hərbi manevrlərə isə demək olar ki, rast gəlinməmişdi. Bu baxımdan Azərbaycan ordusunun başlatdığı təlimlər Ermənistan üçün təmas xəttində vəziyyətin gərgin olduğu indiki vaxtda ciddi siqnal olmalıdır. Ermənistanda prezident Serj Sərkisyanın rəhbərliyi altında keçirilən komanda-qərargah təlimləri sentyabrın 5-də yekunlaşıb və məhz ertəsi gün Azərbaycan prezidenti ordunu poliqonlara yeridib. Lakin digər maraqlı detallar da var.
Xəbər verildiyi kimi, Ermənistanda keçirilən təlimlərdə Azərbaycanla sərhəd rayonlardan əhalinin kütləvi evakuasiyası, İrəvandan mühüm obyektlərin əməkdaşlarının köçürlməsi, habelə şərti "xarici dövlətdən" Ermənistana kütləvi qaçqın axını ilə bağlı İrəvanda çadır düşərgəsinin qurulması kimi elementlər sınaqdan keçirilmişdi.
Deməli, mümkün irimiqyaslı müharibə zamanı Ermənistanda başlarına nə gələcəyini aydın təsəvvür edirlər. Çünki Azərbaycan ordusunun sərəncamında olan vasitələr müharibənin ilk saatlarındaca həm Qarabağda düşmən nəzarətində olan ərazilərin dərinliklərinə, (o cümlədən Xankəndinə), həm Ermənistanın sərhəd rayonlarına və hətta İrəvana (Naxçıvan ərazisindən) güclü zərbələr endirməyə imkan verir.
Başqa sözlə, Azərbaycan ordusu hətta düşmənin müdafiə xəttini yarıb keçmədən də Qarabağ və Ermənistan ərazisindəki istənilən hədəfə dağıdıcı zərbələr endirə bilər. Və Azərbaycan ordusunun bu gün başlayan manevrləri bu imkanı bir daha nümayiş etdirəcək.
Digər tərəfdən, Ermənistan silahlanmada olduğu kimi hərbi təlimlərin keçirilməsində də Azərbaycanla ayaqlaşmaq imkanında deyil. Ermənistan sonuncu dəfə irimiqyaslı hərbi təlimləri ötən ilin noyabrında keçirib. Həmin təlimlər Ermənistan ordusunun vertolyotunun Ağdam istiqamətində vurulması ilə yadda qalmışdı.
Döyüş təlimlərinin keçirilməsi şübhəsiz ki, sanballı vəsait tələb edən işdir. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin büdcəsi ilə müqayisədə qəpik-quruş sayıla biləcək büdcəsi isə tez-tez belə təlimləri keçirməyə imkan vermir. Əvəzində Ermənistanda 102-ci Rusiya hərbi bazasının son vaxtlar intensivliyi artan təlimləri ilə sığortalamağa çalışırlar...
Bütün bu sadalananlar isə diplomatik meydanda olduğu kimi Ermənistanın hərbi meydanda da nə qədər gücsüz və qorxaq olduğunu bir daha təsdiqlədi.
Orxan
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22