Bankların dollarla kreditləşməni məhdudlaşdırması nə vəd edir?
09:37 08-09-2015
CƏMİYYƏT
Dünənə qədər manatla kredit verməyə çəkinən kredit təşkilatları indi əks proses başlatdırır...
Son günlər bəzi banklar tərəfindən həm nəqd, həm də kart vasitəsilə dollarla kredit verilməsinin dayandırıldığı xəbərləri yayılıb. Mərkəzi Bank (AMB) isə bu barədə heç bir göstəriş verilmədiyini bildirir. "Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüquqları vardır. Hər bir bank özünün kredit siyasətini həyata keçirir", - deyə AMB-in açıqlamasında qeyd olunur.
Xatırladaq ki, bir qədər əvvəl bankların manatla kredit vermədikləri məlum idi. AMB tərəfindən bu il fevralın 21-də manatın dəyəri ucuzlaşdırıldıqdan sonra kommersiya banklarında müşahidə olunan çətinliklərdən biri də məhz bundan ibarət idi. Bəs, dollarla kredit verilməsinin dayandırılması nə ilə izah oluna bilər və ya bu, nə dərəcədə məqsədəuyğundur?
Xatırladaq ki, banklar tərəfindən kreditlərləşdirmə əsasən 3 mənbə hesabına - AMB tərəfindən ayrılan, xarici maliyyə qurumlarından alınan və bir də əhalidən cəlb olunan əmanətlər üzrə resurslar hesabına həyata keçirilir.
Bunların sırasında ən böyük ağırlıq məhz sonuncunun üzərinə düşür. Bunun isə müsbət amil olmadığı özünü bir neçə istiqamətdə göstərmiş və bankların kredit təkliflərində daha çox əhalidən cəlb edilən əmanətlərin həcminə söykənmə faktorunun qeyri-effektiv xarakter daşıdığı dəfələrlə özünü büruzə vermişdir.
Elə manatla kredit təklifinin məhdudlaşması da buna sonuncu misal idi. Buna səbəb əhali tərəfindən banklardakı əmanətlərin strukturunun kəskin dəyişdirilməsi oldu və bir daha sübut etdi ki, banklar kredit təklifində əhalinin əmanətlərindən asılı vəziyyətdədirlər.
Real olaraq bankların xarici valyuta ilə kreditləşdirməni məhdudlaşdırması başadüşülən siyasətdir. Bu, heç də müvafiq sahədə resurs çatışmamazlığından irəli gəlmir. Əksinə, kommersiya bankları üçün hazırda dollarla kredit vermək indi daha əlverişlidir. Çünki, qeyd etdiyimiz kimi, kredit mənbələri sırasında əsas yeri əhalidən cəlb olunan əmanətlər təşkil etdiyindən banklarda yerləşdirilən əmanətlərin 70%-dən çox hissəsini məhz xarici valyuta, yəni dollar təşkil edir.
Ancaq məsələ bundadır ki, kreditləşdirmə strateji yanaşmanı vacib edir. Belə ki, kreditləşdirmənin xarici valyuta ilə həyata keçirilməsi bankların özünün hazırda onsuz da yaxşı olmayan vəziyyətlərinin dolayı yolla daha da pisləşməsi üçün zəmin yaradır. Bundan isə sığortalanmaq lazımdır.
Yeri gəlmişkən, AMB-nin açıqlamasında da qeyd olunur ki, banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.
Bununla yanaşı, təkrar edək ki, qanunvericilik banklara bu və ya digər valyutada kredit verməkdə müstəqil seçim etmək hüququ tanıyır. Yəni, hər bir bank istədiyi şəkildə kredit siyasəti həyata keçirir. Ancaq bu, bankların gələcək mənafelərini nəzərə almaqla edilir.
Odur ki, dollarla kreditləşməni məhdudlaşdırmaq bankların özlərini risklərdən sığortalamaq məqsədi daşıyır. Belə ki, dollarla kredit verdikdə, bu, sözügedən vəsaitin müvafiq maliyyə bazarlarında manatla qarşılanması məsələsini də nəzərə almağı vacib sayır. Manatın məzənnəsi isə məlum olduğu kimi həm daxili, həm də xarici valyuta bazarındakı proseslərin təsiri altındadır.
Ümumiyyətlə, neftin dünya bazar qiymətləri, həmçinin qonşu ölkələrdə həyata keçirilən devalvasiya tədbirləri fonunda manatın dəyərinin növbəti dəfə korreksiyaya uğramayacağına heç bir zəmanət yoxdur.
21 fevral devalvasiyasından sonra banklara kredit borcları olanların necə böyük çətinliklə üzləşdiklərini yada salmaq kifayətdir. İş o yerə çatdı ki, məsələyə Konstitutsiya Məhkəməsi baxmalı oldu. Və çıxarılan qərar borcu olanların deyil, bankların xeyrinə olu. Bu da təbii hesab edildi.
Bu baxımdan banklarının xarici valyutada kredit verməyi məhdudlaşdırmaq və yaxud dayandırmaq haqda qərarlarını həm onların özləri üçün, həm də borclananlar üçün manatın növbəti mümkün devalvasiyası qarşısında olduqca vaxtında atılmış və düzgün addım saymaq olar.
Manatla kredit təklifinin artırılmasına gəldikdə isə, bunun başlıca yolu AMB tərəfindən ayrılan mərkəzi kreditlərin həcmini genişləndirməkdən keçir. Banklar tərəfindən əmanətlərin strukturunun kəskin şəkildə dəyişməsi səbəbindən kredit təklifinin məhdudlaşmasını aradan götürmək və ümumiyyətlə, manatla kredit verilməsini tam bərpa edib genişləndirmək üçün AMB uçot faiz dərəcəsini indiki 3%-lik səviyyədən mümkün dərəcədə aşağı salmalıdır.
Elvin
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22