Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması, təşəkkül tapması digər şərtlərlə yanaşı demokratik və şəffaf seçkilərin təşkilindən keçir. Elə buna görə də bəzən azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər.
Məlumat üçün bildirək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 21-ci maddəsində seçki hüquqi ümumbəşəri sərvət, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas prinsipi kimi səciyyələndirilib:
1. Hər bir insan öz ölkəsinin idarə olunmasında bilavasitə, yaxud azad seçilmiş nümayəndələr vasitəsilə iştirak etmək hüququna malikdir.
2. Hər bir insan öz ölkəsində ictimai xidmətdən bərabər istifadə hüququna malikdir.
3. Xalqın iradəsi iqtidarın bünövrəsi olmalıdır, xalqın iradəsi ümumi və bərabər seçki hüquqi əsasında, gizli səsvermə yolu ilə, ya da azad səsverməni təmin edən digər müvafiq formalarda keçirilməli olan dövri və saxtalaşdırılmayan seçkilərdə öz ifadəsini tapmalıdır. Bu dövri azad seçkilərin siyasi hüdudların dəstəklənməsinin təminatında oynadığı rol da mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta və insan hüquqlarının qorunması haqqında Avropa Konvensiyasına daxil edilib.
1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində "bəşəri meyarlarla" bağlı keçirilmiş konfransda qəbul olunmuş ATƏT qarşısında öhdəliklər də vətəndaşların öz ölkəsinin idarə olunmasında iştirak etmək hüququnun təminatında seçkilərin həlledici rolunu nəzərə alır. Kopenhagen konfransında xarici və yerli müşahidəçilərin iştirakının seçki prosesinin düzgünlüyünü gücləndirən amil kimi qəbul edildi. ATƏT qarşısında öhdəliklər Konstitusiya və qanunvericilik əsasnaməsi də daxil olmaqla qanunlar sistemində əks olunmalıdır. Buraya seçkilər haqqında qanun, seçkilər ərzində siyasi partiyaların davranışı haqqında qanun, kütləvi informasiya vasitələri haqqında qanun, Cinayət Məcəlləsi, seçki prosesinin keçirilməsi qaydaları daxildir.
ATƏT qarşısında öhdəliklər demokratik ənənələr üçün aşağıdakı ifadələrdə öz əksini tapır: ümumilik, bərabərlik, ədalətlilik, gizlilik, azadlıq, aşkarlıq, məsuliyyətlilik.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində demokratik seçkinin mühüm rol oynadığı şəksizdir. Politoloqlar demokratik cəmiyyət və hüquqi dövlətin prinsiplərindən bəhs edərkən, buraya xalqın suverenliyi, hökumətin razılıq əsasında təşkili, hökumət üzərində konstitusiya nəzarəti, sosial, iqtisadi, siyasi plüralizm, tolerantlıq, praqmatizm və kompromislə yanaşı azad və ədalətli seçkiləri də daxil edirlər. Odur ki, siyasi iştirak seçki hüququ və daha geniş mənada seçki hakimiyyəti ilə əlaqədə olan bir termindir. Siyasi iştirak dedikdə, demokratik cəmiyyətlərdə hüquqi dövlətin idarə olunmasında ölkənin siyasi həyatında fəal iştirak etmək nəzərdə tutulur.
Müasir demokratik cəmiyyətlərdə vətəndaşların siyasi iştirakı məsələsindən danışanda, ilk öncə seçkilər və seçkilərarası proseslər qarşıda durur. Müasir demokratik dövlətlərin qarşısında duran önəmli prinsip seçkilərin ədalətli, azad, şəffaf keçirilməsi, əhalinin bu proseslərdəki iştirakının tam təmin edilməsidir.
Dövlət quruculuğundan danışarkən onun bir qolu olan hüquqi dövlət quruculuğunu fərqləndirə bilərik. Çünki bu sahənin də özünəməxsusluğu var. Demokratik hüquqi dövlət quruculuğu prosesi Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi və bu gün də uğurla davam etdirilir. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz Ümummilli lider Heydər Əliyevdir. Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. Bütün bunlar Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin göstəricisi sayılmalıdır. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır.
Bildiyiniz kimi, ölkəmizdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir.
Siyasi proseslərin əsası kimi seçkilər hər bir demokratik sistemin özəyidir, onsuz heç bir demokratiya mümkün deyil. Amma seçkilər, sadəcə olaraq, keçirilməli deyil, məhz demokratik normalar əsasında həyata keçirilməlidir. Bu baxımdan Azərbaycanda keçirilən seçkiləri hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfə adlandırmaq olar.
Bu günlərdə isə Azərbaycanda hakimiyyətin ikinci vacib qolunun tərkibini müəyyənləşdirəcək parlament seçkilərinə hazırlıq prosesi yüksək səviyyədə gedir. Noyabrın 1-də vətəndaşlar seçki məntəqələrinə gedərək dəstəklədikləri namizədlərə səs verəcəklər. Seçkilərin demokratik və şəffaf şəkildə təşkili üçün də tədbirlər həyata keçirilir, seçki prosesinin iştirakçılarının maarifləndirilməsi istiqamətində tədbirlər görülür. Ötən seçkilərdə əldə edilmiş nailiyyətlər əminliklə deməyə əsas verir ki, qarşıdakı parlament seçkiləri də növbəti uğurlu hadisə kimi Azərbaycanın seçki tarixinə düşəcək.
İstənilən dövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsilə həyata keçirilir. Buna görə də qeyd etmək vacibdir ki, hakimiyyət məhz seçkilər vasitəsilə, başqa sözlə, seçicilərin razılığı ilə legitimlik qazanır. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən əsas mexanizmin də ədalətli və şəffaf seçkilərin keçirilməsindən ibarət olduğu məlumdur. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsas şərtləri hesab edilir. Bu da bir aksiomdur ki, seçkilərin bu mühüm prinsiplər çərçivəsində keçirilməsi xalqın ümumi iradəsinin milli mənafelər ətrafında birləşdirilməsi kimi mühüm amil rolunu oynayır.
Müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilən Azərbaycanda demokratik və legitim siyasi hakimiyyətin formalaşdırılmasının ənənəyə çevrilməsi də heç kimə sirr deyil. Ümumiyyətlə, 1995-ci ildə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası Azərbaycanda demokratik standartlara cavab verən seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, onun seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ yoxdur. Hər bir vətəndaşın isə dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
Əsas Qanunda qeyd olunmuş prioritetlər rəhbər tutularaq, ölkədə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. Ötən müddət ərzində Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin hazırlanması məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilmiş və səmərəli əməkdaşlıq nəticəsində Seçki Məcəlləsi qəbul edilmişdir. Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur və məcəllənin qəbulundan sonra baş tutmuş seçkilərdə əldə edilən nəticələr də bir daha bunu təsdiqləmişdir.
Beləliklə, Azərbaycan müasir tarixində növbəti mühüm seçkiləri yüksək səviyyədə keçirməyə hazırlaşır. Ötən seçkilərdə olduğu kimi, bu seçkilərin də şəffaf, demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan yaradılmışdır. Ölkə vətəndaşı da əmindir ki, 1 noyabr seçkiləri yüksək standartlara uyğun keçiriləcək və baş tutacaq səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcəkdir. Azərbaycan rəhbərliyi də məhz bu mühüm nəticənin əldə olunmasında maraqlı olduğunu açıqlayır və dövlətin belə qətiyyətli mövqeyi də qarşıdakı parlament seçkilərinin ədalətli keçiriləcəyinə, xalqın iradəsini əks etdirəcəyinə və ölkədə demokratiyanın inkişafı prosesində mühüm addım atılacağına inamı daha da gücləndirir.
Odur ki, noyabr ayının 1-də baş tutacaq parlament seçkilərinin Azərbaycanın siyasi həyatına müsbət dəyişikliklər gətirəcəyinə, hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini verəcəyinə inanırıq.
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16