Uğursuz gediş və məğlubiyyət
12:31 01-06-2012
CƏMİYYƏT
Uğursuz gediş və məğlubiyyət
Müxalifət kursunu nədən dəyişdi?
"Eurovision-2012" Mahnı Müsabiqəsi sona çatdı və ölkədə siyasi durumda aydınlaşmalar mərhələsi başladı. Əslində, bu müsabiqənin bir maraqlı məqamı da bundan ibarət oldu ki, ölkədəki siyasi qüvvələr arasındakı münasibətlər çılpaqlığı ilə ortaya çıxdı. Aydın oldu ki, bu gün iqtidar və müxalifət münasibətləri kifayət qədər gərgindir və hansısa dialoqdan söhbət belə gedə bilməz.
Nəyə görə?
İlk növbədə ona görə ki müsabiqə öncəsi və müsabiqə zamanı müxalifət hakimiyyətin və ya Azərbaycanın yanında yox, Azərbaycana qarşı dünya mediasında kampaniyaya başlayan qüvvələrin yanında dayandı. Azərbaycan hakimiyyətindən dəfələrlə müxalifətə həmrəylik çağırışları olsa da, bu çağırışlara cavab verilmədi. Nəticə isə göz qabağındadır. Göz qabağında olan başqa bir detal isə müxalifətin taktiki və strateji baxışlarının ortaya çıxmasıdır. Bu taktika və strategiya nədən ibarətdir?
Xarici siyasətdəki
qüsurlar
Aydın oldu ki, müxalifətin əslində bu gün xarici siyasət kursu yox səviyyəsindədir və göstərilən hərəkətlər sadəcə olaraq kənardan idarə olunma və yaranan şəraitə uyğun olaraq atılan addımlardır.
Məsələn, İrana yanaşmada müxalifət hər zaman hakimiyyəti ittiham edirdi ki, güzəştli mövqedən imtina edilməlidir. Bu məsələdə AXCP daha ciddi aktivlik göstərir və Azərbaycan hakimiyyətindən tələb edirdi ki, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatına dəstək verilməli və İranla əməkdaşlıq zəiflədilməlidir.
Bu gün, təxminən, elə bir durum yaranıb və İran-Azərbaycan münasibətləri kifayət qədər gərginləşib. Hətta münasibətlər o həddə çatıb ki, öncə İran, daha sonra isə Azərbaycan səfirlərini geri çağırdılar. Bu diplomatiya dünyasında ən son hədd hesab edilir və çox güman ki, proseslər bu şəkildə davam edərsə daha ciddi fəsadlar ortaya çıxacaq. Bir sözlə, bu günkü münasibətlər əslində müxalifətin bir neçə ay öncə istədiyi formadadır.
Bəs müxalifət, o cümlədən AXCP İranla bağlı bu gün aparılan siyasətə necə yanaşır? AXCP sədri Əli Kərimlinin dediklərini yada salaq. AXCP sədri Əli Kərimli xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirdi ki, İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsi onu narahat edir: "Azərbaycanla İran arasında obyektiv problemlər var. Unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi, 40 faizdən çoxu türklərdir. Bunu İran rəsmiləri özləri bəyan edib".
Ə. Kərimli Xəzərin dibinin bölünməsi məsələsində də narazılıqlar olduğunu deyib: "İctimai Palata Azərbaycanın gələcəyini Avropa ailəsində görsə də, İran və Rusiya ilə də əlaqələrimizin normal olmasını istəyirik".
Ə. Kərimli son vaxtlar münasibətlərin süni şəkildə gərginləşdirilməsi cəhdlərinin artdığını vurğulayıb: "Münasibətlərin gərginləşməsi heç bir ölkənin xeyrinə deyil. Şəxsi məsələlərlə bağlı iki ölkə arasında gərginlik yaradılması da düzgün deyil".
Gördüyünüz kimi, artıq yanaşmada ciddi fərq var və bu fərqin arxasında sadəcə olaraq siyasi maraqlar var. Dünənə qədər Azərbaycan hakimiyyətini İranla isti münasibətlərə görə ittiham edən müxalifət lideri indi bunun tam əksini söyləyir. Çünki İran-Azərbaycan münasibətlərinin gərginləşməsinə görə Əli Kərimli konkret olaraq iki məsələdə siyasi xal toplamağa çalışır. İlk növbədə belə bir mövqe tutmaqla İran rəsmilərinə dostluq mesajını göndərir.
Məlum olduğu kimi, İranın Azərbaycanda proseslərə təsir göstərmə imkanları böyükdür və belə bir mesajla həm də İranın bu imkanlarından bəhrələnməyə cəhd edilir.
Digər tərəfdən isə belə bir açıqlama verməklə İslamı İran geyimində görən sosial bazanın rəğbətini qazanmağa cəhd edilir. Beləliklə aydın oldu ki, müxalifətin İranla bağlı bu illərə qədər tutduğu mövqe tamamilə cəfəngiyat olub. Və yaxud AXCP-nin qurucusu və bu gün də lideri olaraq qəbul edilən Əbülfəz Elçibəyin siyasi xəttindən bütövlükdə imtina edib.
Avropa gözləntiləri
Müxalifətin xarici siyasətə yanaşmasındakı başqa bir qüsur isə Avropaya yanaşmasında oldu. Müsabiqə öncəsi dünya erməni lobbisi tam gücü ilə Azərbaycanın imicinə zərbə vuracaq proseslərə başladı. Hələ bunlar başlamamışdan öncə prezident İlham Əliyev belə bir kampaniyanın başlayacağını bəyan etdi və bildirdi ki, bu qüvvələrin kimliyini tam olaraq bilirik: "Elə qüvvələr var ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Mən bunu dəfələrlə demişəm. Hələ prezidentlik dövrümün əvvəlində demişəm. Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək. Kim istəyir Azərbaycanı qarşıdurma arenasına çevirsin, getsin özü üçün başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan bir siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaq. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki mən bu kürsüdəyəm, heç vaxt olmayacaq. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik".
İlham Əliyev açıqlamasında bunu da bildirdi ki, bu qüvvələrin arxasında ya erməni lobbisi, ya da bu lobbinin pulu durur.
Prezident bildirmişdi ki, Avropadakı bəzi dövlətlər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycana təzyiq etmək istəyir.
Söhbət hansı təzyiqlərdən gedə bilər? Bu gün iki ciddi məsələ gündəmdədir və bununla bağlı Azərbaycanın tutduğu mövqe kifayət qədər konkretdir. Söhbət ilk növbədə Nabucco layihəsi ilə bağlıdır. Bu gün Azərbaycan bu layihəyə sadəcə olaraq tranzit dövlət olaraq qatılmaq niyyətindədir. Amma Avropa və ABŞ Azərbaycanın layihəyə maliyyə ayırmasını və əsas təşkilatçılardan birinə çevrilməsini istəyir. Bu isə Azərbaycan maraqlarına cavab vermir. Məhz bu səbəbdən Avropa ölkələri son bir ildə Azərbaycana təzyiqlərini kifayət qədər artırıb. İndinin özündə də Azərbaycana qarşı başlanan informasiya savaşının arxasında bilavasitə bu məsələ dayanır. Digər tərəfdən isə mövzu Dağlıq Qarabağ məsələsidir. Azərbaycan bu məsələdə də prinsipial mövqe tutub və bu mövqedən çəkilmək niyyətində deyil.
Rəsmi şəkildə bəyan edilib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll oluna bilər. Son iki il ərzində isə Ermənistan Avropada Dağlıq Qarabağın müstəqil subyekt olaraq qəbul olunmasına çalışır və bu səbəbdən bəzi dövlətlərin məsələyə yanaşmasında ikili standartlar daha açıq şəkildə ortaya çıxmağa başlayıb.
Bu gün isə Avropa bu məsələdən istifadə edərək Azərbaycana təzyiqlərini daha da artırmağa çalışır.
Bəs bu ərəfədə Azərbaycan müxalifəti hansı yolu seçdi?
Bu sualın cavabından öncə incə bir məqamı yada salaq. Azərbaycana qarşı dünya mediasında kampaniyanın başlanma anı necə oldu? İlk dəfə ABŞ mətbuatında ermənilərə məxsus cinsi azlıqlardan ibarət təşkilatlardan biri bəyanatla çıxış etdi və Bakıda gey-parad keçirmək niyyətində olduqlarını bildirdi.
Anında bu məsələyə Bakının əks-reaksiyası oldu. Məhz bundan sonra kampaniya açıq şəkildə başladı. Çox təəssüflər ki, müxalifət bu kampaniyanın bir detalına çevrildi. İki dəfə razılaşdırılmış aksiya keçirən müxalifət məhz xarici diplomatlarla görüşdən sonra icazəsiz aksiyalara start verdi.
Həmin ərəfədə ATƏT-in Bakı bürosunun rəhbəri də bəyan etdi ki, müxalifət artıq şəhərin mərkəzində də aksiya keçirməlidir.
Gördüyünüz kimi, bütün məsələlər planlaşdırılmış şəkildə həyata keçirilib. Dünənə qədər müxalifətə alternativ güc kimi baxmayan Avropa bu ərəfədə, demək olar ki, hər gün mediada müxalifətin təbliği ilə məşğul oldu. Məqsəd isə tək idi: yaranmış vəziyyətdən istifadə edərək hakimiyyətə alternativ bir neçə güc formalaşdırmaq.
Müxalifət isə bu oyuna rahatlıqla qatıldı. Amma sosial bazasızlıq səbəbindən nə bəzi Avropa ölkələri, nə də müxalifət istədiyini əldə edə bildi.
Maraqlıdır, bəs bundan sonra nələr olacaq?
Əksər ekspertlər hesab edirlər ki, müxalifət tutduğu bu xətlə hakimiyyətlə arasında ola biləcək bütün bağları məhv etdi. Məhz buna görə gələcəkdə hansısa dialoqdan söhbət gedə bilməz.
Bununla yanaşı, hesab edilir ki, müxalifətin son iki ayda tutduğu mövqe cəmiyyətdəki nüfuzuna ağır zərbə oldu. Həqiqətən də, öncələr sosial şəbəkələrdə əsasən gənclər müxalifətin aksiyalarına, toplantılarına müsbət reaksiya verirdilərsə, bu dəfə bu dəstək də görünmədi. Bu isə hakimiyyətə imkan verəcək ki, müxalifət üzərindəki qələbəsini tamamilə sona çatdıra bilsin.
Müşahidəçilərin fikrincə, 2013-cü il prezident seçkilərindən sonra cəmiyyət yeni müxalifət qüvvələrinin yaranmasına ehtiyac hiss edəcək. Sonda bunu da qeyd edək ki, müsabiqə başa çatandan sonra müxalifət tam olaraq süstləşdi. Bu isə bir daha sübut edir ki, bir neçə gün öncə başlanan bu kampaniya sadəcə olaraq siyasi sifariş idi və indi bu sifariş dayandırılıb. Çox ehtimal ki, bir neçə aydan sonra müxalifətin mövcudluğu belə hiss olunmayacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33