Əli Həsənov: "Azərbaycanda heç bir QHT deyə bilməz ki..."
12:37 01-06-2012
CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycanda heç bir QHT deyə bilməz ki..."
"Bəzi beynəlxalq təşkilatlar Azərbaycanın bu təşəbbüsünə qısqanclıqla yanaşırdı"
Xanoğlan Əhmədov: "Nədənsə QHT-lərə dəstək şurası sosial yönümlü layihələrə çox az vəsait ayırır"
Dünən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda konfrans keçirilib.
Əldə etdiyimiz məlumata görə, tədbirdə çıxış edən Şura sədri Azay Quliyev QHT-lərin inkişafında yeni mərhələ başladığını söyləyib.
Azay Quliyev bildirib ki, QHT-lərin fəaliyyətinin həm ölkə daxilində, həm də xaricdə dəstəklənməsi sahəsində xeyli uğurlar əldə olunub: "Şura yaranandan ötən dövr ərzində QHT-lərin layihələrin maliyyələşdirilməsinə 11,5 milyon manat ayrılıb. QHT-lərlə bağlı yeni qanunlar qəbul olunub, bu sahədə təşəbbüslər irəli sürülüb. QHT sektorunun inkişafı ilə bağlı 4 illik Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı az əvvəl İşçi Qrupu da yaradılıb. İşçi Qrupunda xarici təşkilatların təmsilçiləri də təmsil olunur. Bu da bir daha QHT sektorunun inkişafında maraqlı olduğumuzu göstərir. Bu konfransda da vətəndaş cəmiyyətinin durumu təhlil olunacaq, perspektivlər müəyyənləşdiriləcək".
Azərbaycanda QHT sektorunun inkişaf mərhələlərindən danışan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti QHT-lərin fəaliyyətinə müdaxilə etmir: "Şura yaradılanda bəzi beynəlxalq təşkilatlar Azərbaycanın bu təşəbbüsünə qısqanclıqla yanaşırdı. Şuranın tərkibi elan ediləndə heç bir müdaxilənin olmadığını gördülər. Bu gün Azərbaycanda heç bir QHT deyə bilməz ki, Prezident Administrasiyasından, Nazirlər Kabinetindən göstəriş alır. QHT-lər yalnız hesabat verir və biz də hesabatdan hesabata sizin tədbirlərdə iştirak edirik".
"Media və mülki cəmiyyət" İctimai Birliyinin rəhbəri Xanoğlan Əhmədovun sözlərinə görə, "Azərbaycanda QHT-lərin inkişaf tarixini üç mərhələyə bölmək olar: təşəkkül dövrü, özünü təsdiq dövrü və cəmiyyətdə real gücə çevrilmə dövrü. Hazırda QHT-lər cəmiyyətin bir çox problemləri ilə ciddi şəkildə məşğul olmağa başlayıblar. Məsələn, artıq gerçəkləşdirilməkdə olan elektron hökumət ideyasını Azərbaycanda ilk dəfə ortalığa atan və bunun vacibliyini dəfələrlə vurğulayan məhz QHT-lər olub. Sonradan xarici təşkilatlar da bu məsləyə diqqət yönəldəndən sonra Azərbaycan hökumətu bu ideya ilə yaxından maraqlandı və necə deyərlər, nəticəsi göz qabağındadır".
Xanoğlan Əhmədov hesab edir ki, "Həqiqətən də, QHT-lərə Dövlət Dəstəyi Şurası bu günə qədər çox iş görüb. Onun yaranışından sonra QHT-lərin fəaliyyəti daha da sistemli şəkil almağa başladı. Ancaq təəssüf doğuran məqamları da vurğulamalıyam. Nədənsə QHT-lərə dəstək şurası sosial yönümlü layihələrə çox az vəsait ayırır. Amma reallıq bundan ibarətdir ki, müasir Azərbaycan cəmiyyətinin bir nömrəli problemi məhz sosial sahələrdə müşahidə edilir. İş burasındadır ki, cəmiyyət həyatı ilə bağlı maarfləndirmə işləri genişləndikcə istər-istəməz sosial gərginlik ocaqları azalmağa doğru gedəcək. Bu prosesdə həm dövlət bir sıra dividendlər qazanacaq, həm də cəmiyyətin radikallaşmasınınn qarşısı alınacaq. Çünki cəmiyyətin aşağı və orta təbəqəsinin bir sıra problemlər baxımından, xüsusən də hüquqi müstəvidə maarifləndirilməsi vətəndaş-məımur münasibətlərində müşahidə edilən narazılıqların azalmasına səbəb ola bilər. Buna görə də hesab edirəm ki, dövlətin QHT-lərlə bağlı siyasətini müəyyən edənlər bu barədə daha ciddi şəkildə düşünməlidirlər. Xüsusən də ona görə ki, hazırda bir çox xarici dairələr Azərbaycandakı sosial problemlərdən sui-istifadə edərək təbliğat kampaniyaları, bəzən haqlı, bəzən də haqsız ittihamlar irəli sürməkdədirlər".
QHT rəhbərinin dediyinə görə, "Gənclər, İdman və Turizm və Ekologiya və Təbii Sərvətlər nazirlikləri istisna olmaqla dövlətin digər qurumları QHT-lərlə əməkdaşlıq etməyə və müəyyən layihələri gerçəkləşdirməyə çox da maraq göstərmirlər. Fikrimcə, bu laqeydliyin başlıca səbəbi sözügedən dövlət qurumlarının QHT-lər barədə məlumatsızlığından irəli gəlir".
Savalan
Digər Xəbərlər
2024-12-25 08:45:59
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30