Əli Abbasov 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirdi
11:28 23-10-2015
CƏMİYYƏT
Nazir seçkilər çərçivəsində dairə və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının fasiləsiz işinin təşkili ilə bağlı tapşırıqlarını verib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 2015-ci ilin 9 ayının yekunları ilə bağlı kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat və informasiya mərkəzindən "Unikal"ə verilən məlumata görə, iclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqindən irəli gələn vəzifələrdən, o cümlədən dövlət başçısının səsləndirdiyi iradlardan, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi mühüm vəzifələrdən və verdiyi tapşırıqlardan söz açıb. 9 ayın yekunları ilə bağlı sektor üzrə inkişaf dinamikasına da toxunan nazir prezident İlham Əliyevin yaxından diqqət və qayğısı sayəsində respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ümumilikdə qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu, bu inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sahəsində də öz təsdiqini tapdığını qeyd edib.
Daha sonra kollegiya iclasında 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, hesabat dövründə sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verib və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü illə müqayisədə 9,6% artıb. Sahə üzrə sektorda əldə olunan gəlirlərin təxminən 81,1%-i isə özəl sektorun payına düşüb. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58,3%-də kompüter var və 75,2% ev təsərrüfatı internetə çıxışa malikdir. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Hazırda ölkə əhalisinin yaşadığı ərazilərin 99%-i açıq paketlə (10-11 TV proqram) rəqəmli televiziya yayımı ilə təmin edilib.
Bundan başqa, hesabat dövründə ölkədə çoxsaylı informasiya resurslarının, xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və informasiya sistemlərinin qlobal məkana inteqrasiyasının genişlənməsi fonunda TİER III texniki tələblərinə uyğun Data Mərkəzinin qurulması sona çatdırılıb və ABŞ-ın "UpTime İnstitute" təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilib.
İclasda cari ilin 1 noyabr tarixində keçiriləcək V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərinə hazırlıq vəziyyəti haqda məruzə də dinlənilib.
Daha sonra məruzələr ətrafında RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
Kollegiyaya yekun vuran nazir Əli Abbasov ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrə yenidən toxunaraq, sektor üzrə qazanılmış inkişaf tendensiyası, o cümlədən inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
Nazir sektorda xidmət keyfiyyətinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafına xidmət edən, rəqabət qabiliyyətli məhsul istehsalına əsaslanan ixracyönümlü layihələrə xüsusi diqqət verilməsi, özəl sektorun və innovativ sahibkarlığın fəaliyyəti üçün geniş imkanlar yaradılmasına və inkişafına dəstək verən liberal addımların atılması, vahid rəqəmsal bazar konsepsiyası üzərində işlərin davam etdirilməsi, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasına yönələn elektron xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi, mobil rabitə və genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlərin sürətləndirilməsi, kosmik sahə üzrə layihələrin icrasının davam etdirilməsi, poçt sektorunun rentabelli fəaliyyətinin təmin edilməsi məqsədilə modern poçt xidmətlərinin çeşidlərinin artırılması, kibertəhlükəszilik və informasiyaların qorunması sahəsində tədbirlərin gücləndirilməsi, eyni zamanda noyabr ayının 1-də Milli Məclisə keçirilən seçkilər çərçivəsində dairə və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının fasiləsiz işinin təşkili ilə bağlı tapşırıqlarını verib.
Hüseyn
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18