Azərbaycan məmurlarına "xidməti avtomobil şoku"
11:28 23-10-2015
CƏMİYYƏT
Onlara gələn il bu məqsədlə ayrılan vəsait 2015-ci illə müqayisədə 4 dəfə azaldılıb
Dünən belə bir məlumat yayıldı ki, Ağdaşda məmurun bahalı avtomobili yanaraq yararsız hala düşüb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Ağdaş rayonu, Ləki qəsəbəsində, rayon mərkəzindən 15 km aralıda vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə şahidlərinin milli.az-a bildirdiklərinə görə isə, əslində yanan daha bahalı "Land Rover Discovery" markalı avtomobil olub. Onların sözünə görə, avtomobil qəfildən alışıb yanmağa başlayıb. Onun söndürülməsi üçün edilən cəhdlər isə heç bir nəticə verməyib və avtomobil yararsız hala düşüb.
Yerli sakinlərin sayta dediklərinə görə, avtomobil Ağdaşda işləyən yüksək vəzifəli məmurlardan birinə məxsusdur.
Qeyd edək ki, Azərbaycanda bir sıra vəzifəli şəxslərin qiyməti fantastik məbləğlərlə ölçülən avtomobillər sürdüyü heç də sirr deyil. Belə avtomobilləri onların maaşları ilə alması qeyri-realdır. Belədə isə şübhə doğurmur ki, həmin məmurlar bu bahalı maşınları başqa qanunsuz yollarla - rüşvət, korrupsiya kimi vasitələrlə, ya da qanunvericiliyin müvafiq tələblərini pozaraq özlərinə biznes imkanları yaratmaqla əldə ediblər.
Digər bir versiya isə məyyən məmurların büdcə vəsaitləri hesabına xidməti avtomobil alarkən daha lüks və bahalı maşınlar seçməyə meyl etmələridir. Azərbaycanda əvvəlki illərdə xidməti avtomobillərin alınması üçün dövlət qurumlarına ayrılan büdcə vəsaitlərində kifayət qədər yüksək məbləğlər nəzərdə tutulurdu. Amma son məlumatlar belədir ki, artıq vəzifəli şəxslərin xidməti avtomobillər almaq imkanları da məhdudlaşdırılır. Büdcə gəlirlərinin neftin qiymətinin ucuzlaşması fonunda kəskin azalması belə bir addımın atılmasını zərurətə çevirir.
Bir neçə gün əvvəl tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bu mövzuda maraqlı faktlar açıqlamışdı. Ekspertin yazdığına görə, böyük neft pullarının daxil olmağa başladığı 2005-ci ildən başlayaraq dövlət büdcəsindən məmurların maşın parkını təzələmək üçün nəhəng pullar ayrılamağa başladı: «Şübhə etmirəm ki, araşdırma aparılsa, Azərbaycan məmurları dünyanın ən bahalı xidməti avtomobil parkına malik ölkələrin sırasında ən azı top 20-likdə yer alar".
Onun sözlərinə görə, bu gün məmurlamızın sərəncamında dəyəri 100-150 min dollar aralığında dəyişən 7-ci seriya BMW və S klass "Mersedes"lərin sayı-hesabı yoxdu: "Dəfələrlə vətəndaş cəmiyyəti təkliflər etdi ki, hökumət bütün büdcə təşkilatlarının avtomobil parkı, il ərzində alınan yeni maşınların sayı, markası və qiymətləri ilə bağlı məlumatları saytlarda yerləşdirsinlər, amma bu təklif heç kimə sərf etməyib. İndi kim bu suala cavab verə bilər ki, hazırda dövlət orqanlarına nə qədər avtomobil xidmət edir, növə görə onların tərkibi necədir? Heç kim deyə bilməz, çünki məmurlara bu məlumatları açıq saxlamaq sərfəli deyil.
Avtomobil satışı biznesinin məmur inhisarında olduğunu nəzərə alsaq, dövlət büdcəsinin pulları həm də onlar üçün yaxşı qazanc mənbəyinə çevrilib. Özü də deyilənə görə bizim ali ranqlı məmurlar tez-tez maşın parkını təzələməyi xoşlayır. Bu isə büdcənin avtomobil alışı ilə bağlı xərclərini daha da artırıb - həm bahalısını sürürsən, həm təzəikən yenə də ən təzəsinə keçirsən.
Amma məmurlarımız saydığını saysın, görün neft nə saydı. 2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 milyon manat ayrılıb. Elə bilirsiniz çoxdur bu? Əvvəlki illərdə ayrılan pullara baxın, görün çox necə olur:
2007 - 86.7 milyon manat
2008 - 33.6 milyon manat
2009 - 45.3 milyon manat
2010 - 32.0 milyon manat
2011 - 40.9 milyon manat
2012 - 28.3 milyon manat
2013 - 42.3 milyon manat
2014 - 24.6 milyon manat
2015 - 24.5 milyon manat
Bu illər ərzində büdcə sektoru üçün nəqliyyat vasitələrinin alınmasına 358.1 milyon manat xərclənib".
Göründüyü kimi, neft gəlirlərinin kəskin azalması məmurların bahalı maşın sevgisini də gözündə qoymağa başlayır.Məşhur ifadə ilə desək, bu "jurnal"dır, "kino" isə hələ qabaqdadır. Kim bilir, məmurlarımızı qarşıda başqa hansı bəd sürprizlər gözləyir...
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18