Madər Musayev: "Mənim vədim indiyədək gördüyüm işlərdir"
13:41 27-10-2015
CƏMİYYƏT
Hər görülən işin arxasında səbəb, hər səbəbin nəticəsi olduğu kimi, hər əməlin bəhrəsi də səbəb nəticəni tamamlayanda olur. Bu bəhrənin səfası və cəfası ədalət tərəzisində bərabər bölünür. Bir el məsəlində deyildiyi kimi - yaxşı və ya pis, hər kəs əkdiyini biçir. Əslində, insanın mayası necə yoğrulursa, keçdiyi ömür yolu da ona uyğun olur. Ömrün müəyyən çağlarında keçdiyin həyat yoluna vurduğun "naxışlar" isə sənin qazancındır. Bu qazanc zəhmət və fədakarlığın, əməksevərlik və halallığın bəhrəsidirsə, o zaman yolun səadət dolu aydınlığa doğru olacaq. Bu, bütün zamanlar üçün pozulmaz olan əbədi həyat qanunudur.
Heç kəsə sirr deyil ki, insan doğulduğu gündən mənfi və müsbət xüsusiyyətlər daim onu təqib edir, biri digərindən önə keçməyə çalışır. Bu bəşəri ikilik qanunu insanın İNSAN kimi formalaşmasının əsas meyarıdır. Kim daxilindəki pislikləri əbədi buxovlaya bilirsə, o zaman öz daxili harmoniyasını da nizamlamış olur. Çünki hər kəs içindən böyüyür və öz daxilində formalaşır. Əbəs yerə deyilmir ki, hər kəsin taleyi onun öz əlindədir. Yaradanın mükafatı isə heç zaman gecikmir.
Mərhəmət, şəfqət və xeyirxahlıq – insanın cövhərində insanlığın nüvəsi - Allahın sevdiyi və seçdiyi şəxslərə ən ali mükafatıdır. Heç kəsə sirr deyil ki, bu missiyanın daşıyıcısı olmaq hər kəsə qismət olmur. Bu, ömür payına yazılan İlahi bəxşiş olmaqla yanaşı, həm də insanın verdiyi həyat imtahanıdır. Bu imtahandan şərəflə çıxmaq, insanların sevimlisinə çevrilmək ən yüksək qiymətdir. Qəlbin ən munis duyğuları ilə baş-başa qalaraq, keçdiyin ömür yoluna nəzər salanda daxilən rahatlıq tapırsansa, bundan hədsiz qürur duyursansa və bütün bunları – xeyixah əməllərini özünə həyat qayəsi bilirsənsə, demək, düz yoldasan. Bu yolun yolçusu olmaq, insanların sevimlisinə çevrilmək, onların sevincinə-kədərinə şərik olmaq elə ən böyük səadətdir. Belələrini xalq sevir və seçir, öz seçimində heç zaman yanılmır. Xalqın sevdiyi və seçdiyi insanlar daim onunla birgə, onun yanında olur. Binəqədili, öz təbrincə desək, sadə binəqədili Hacı Madər Musayev kimi.
Madər Musayev millət vəkili kimi seçildiyi Binəqədi rayonu ərazisində insanların bir çox problemlərinin həllində şəxsən iştirak edir. Seçiciləri ilə vaxtaşırı görüşür, onları narahat edən məsələlərə birbaşa müdaxilə edərək, qanun çərçivəsində həllinə çalışır.
90-cı illərin əvvəllərində - Azərbaycan tarixinin ən çətin dönəmlərində və ölkəmizin məşəqqətli günlərində Madər Musayevin şəhid ailələrinə, ümumiyyətlə, yardıma ehtiyacı olan insanlara münasibətdə göstərdiyi həssaslıq, böyük ürək yanğısı, maddi və mənəvi köməklik əsl vətənpərvərlik və vətəndaşlıq örnəyi olub. 1988-ci ildə Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımız paytaxt Bakı şəhərinə, eləcə də onun doğulub boya-başa çatdığı Binəqədi rayonunun ərazisinə pənah gətirəndə Madər Musayev qəlbinin səsi və ürəyinin hökmü ilə onlara həyan durub. Binəqədi rayonuna gələn qaçqın və məcburi köçkünlər Hacı Madəri özlərinə ümid yeri bilib, onun mənəvi və maddi dəstəyi ilə təskinlik tapıblar.
Hacı Madər Musayev 1988-ci ildən etibarən, ənənəsinə sadiq qalaraq, hər il bütün bayramlarda öz sevincini deputat seçildiyi Binəqədi rayonunda yaşayan aztəminatlı və şəhid ailələri, əlillər, bir sözlə mənəvi qayğıya ehtiyacı olan insanlarla bölüşür. Millət vəkili xalqımız üçün əziz olan Novruz bayramında və Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə, eləcə də müsəlman dünyasının müqəddəs Ramazan və Qurban bayramlarında Binəqədi rayonunun aztəminatlı təbəqədən olan sakinləri ilə bayramlaşır, onlara bayram sovqatlarını çatdırır.
Hər zaman xeyirxahlığın keşiyində duran Madər Musayev cəmiyyətdə yalnız yaxşı əməllər sahibi və xeyriyyəçi insan kimi tanınıb. Təsadüfi deyildir ki, bir neçə dəfə eyni dairədən - 10 saylı Binəqədi 3-cü Seçki Dairəsindən Milli Məclisə namizəd olan və millət vəkili seçilən Madər Musayev demək olar ki, hər gün öz seçiciləri ilə ünsiyyətdə olur, sakinlərin qarşılaşdıqları problemlərin, çatışmazlıqların həlli istiqamətində müvafiq işlər görür. Seçildiyi doğma kəndində yaşayan yeganə millət vəkili olaraq Hacı Madər Musayevin bir şüarı var: "Mənim vədim indiyədək gördüyüm işlərdir və ömrümün sonunadək xeyirli işləri və əməlləri davam etdirəcəyəm".
İnam və etibarın nəticəsi göstərilən etimadı doğrultmaqdır. Əgər, sənə inanırlarsa, demək, hər bir işdə düzlük və səmimiyyətin əsas meyar olduğu özünü təsdiq etmiş olur. İndiyə kimi məhz, Binəqədi rayonundan seçkilərə qatılaraq seçicilərin rəğbətini qazandığını bəyan edən Madər Musayevin fikirləri də bunu bir daha təsdiqləyir: "Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin bir adam kütləni heç vaxt dəfələrlə aldada bilməz. Dörd dəfə eyni ərazidən ardıcıl deputat seçilməyimə səbəb vətəndaşlarla həqiqət üzərində qurulan səmimi münasibətim olub. Ötən bu illərdə dövlətimizə güvənərək seçicilərin problemlərinin həllində hökumətin hər cür dəstəyindən istifadə etmişəm".
Əlbəttə, bütün bunlar seçicilərin Madər Musayevə inamının bariz təzahürüdür ki, o, bu qədər müddətdə insanların etimadını ləyaqətlə doğrulda bilib. O, Prezident Cənab İlham Əliyevin uğurlu siyasətinin nümunəvi təbliğatçısı kimi hər zaman seçicilərinin yanında olub. Ölkəmizin inkişafından, uğurlarından Binəqədi sakinlərinin – bilavasitə seçicilərinin bəhrələnməsinə kömək edib.
Madər Musayevin təşəbbüsü ilə son illər Binəqədi və Biləcəri qəsəbələrinin sakinləri və rayon üçün dövlət tərəfindən görülən bəzi işlərə nəzər salsaq, onun öz vədinə necə əməl etdiyinin bir daha şahidi olarıq. Dövlətin imkanlarına arxalanaraq istənilən səmərəli və faydalı bir işin görülməsinə yardımçı olan Madər Musayev bu missiyanı illərdir uğurla davam etdirir.
Millət vəkilinin müvafiq dövlət qurumları qarşısında irəli sürdüyü təkliflərdən biri kimi, ötən il Binəqədi qəsəbəsinin mərkəzində ümumi uzunluğu 78 metr olan yeraltı piyada keçidinin inşa olunaraq sakinlərin istifadəsinə verilməsini göstərmək olar. Bu piyada keçidinin çıxışlarından biri 2300 şagirdin təhsil aldığı 179 nömrəli tam orta məktəbin qarşısına, digəri isə qəsəbənin mərkəzində hərəkətin sıx olduğu meydana çıxır. Yeraltı piyada keçidi bu ərazidə sakinlərin və məktəblilərin rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır. Əlillərin bu keçiddən istifadə etməsi üçün də xüsusi hərəkət zolaqları yaradılıb. Müasir tələblər səviyyəsində inşa olunan keçiddə işıqlandırma sistemi, hər iki girişdə təhlükəsizlik kameraları quraşdırılıb ki, bu da insanların rahatlığının təminatına xidmət edir.
Hacı Madər Musayevin belə təşəbbüslərindən biri isə paytaxtın əsas avtomagistrallarından olan Azadlıq prospektinin Binəqədi rayonu ərazisində - Rəsulzadə qəsəbəsindən keçən hissəsində yeni istifadəyə verilən yerüstü piyada keçidinin tikilib istifadəyə verilməsidir. Nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin sıx olduğu ərazidə inşa olunan keçidin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilib.
Madər Musayevin Biləcəri qəsəbəsində əsas yolların kompleks şəkildə yenidən qurulması istiqamətində təşəbbüsləri də müvafiq dövlət qurumları tərəfindən müsbət qarşılanıb. Ümumi uzunluğu təqribən 5 km yaxın olan Y.Hüseynov və X.Natavan küçələri tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Bu yollara müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, yol boyu yeni səki daşları düzülüb, işıqlandırma və kommunikasiya xətləri yenilənib.
Ayrı-ayrı küçə və binaların həyətyanı sahələrinin abadlaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və yolların asfaltlanması istiqamətində də sakinlərin müraciətlərini cavabsız qoymayan millət vəkilinin təklifləri əsasında Binəqədi qəsəbəsi ərazisində müvafiq işlər görülüb. Belə ki, 43-cü korpusda, Gülüstan yaşayış massivində və Binəqədi kənd məscidinin ətrafındakı küçələrdə asfalt örtüyünün dəyişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük sevinc və razılıq hissi ilə qarşılanıb.
Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Madər Musayevin təşəbbüsü ilə rayonun Biləcəri qəsəbəsində, məhəllə 50-57/68 ünvanında - 11-ci binanın qarşısında və 9-cu mikrorayon ərazisində yeni xeyir-şər evləri tikilərək istifadəyə verilib. Müasir üslubda inşa olunan mərasim zalları lazımi inventar və avadanlıqlarla tam təchiz olunub.
Binəqədi qəsəbəsində görülən abadlıq işləri sosial mahiyyət daşımaqla bərabər, milli-mənəvi dəyərlərin qorunub saxlanması kimi amillərə də xidmət edir. Millət vəkili Madər Musayev Prezident Cənab İlham Əliyevin hər zaman milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə verdiyi mühüm qiyməti əsas götürərək bu dəyərlərin Binəqədi rayonunda da qorunmasında yaxından iştirak edir. Belə ki, 2012-ci ilin iyun ayından etibarən, bərpasına başlanılan və ötən il istifadəyə verilən Binəqədi qəsəbəsindəki bir əsrdən çox tarixi olan Mədəniyyət Evinin əsaslı təmirində Hacı Madər Musayevin xidmətləri danılmazdır. Hazırda, 8 müəllimin çalışdığı kurs və dərnəklərdə 80-nə qədər uşaq məşğul olur. Bu da mədəniyyətimizin inkişafına bir tövhədir.
Binəqədi qəsəbəsində şagird sıxlığı probleminin aradan qaldırılması məqsədilə 182 saylı tam orta məktəb üçün 1560 yerlik yeni tədris binası inşa olunub. Qısa vaxt ərzində əsaslı təmir-tikinti və yenidənqurma işləri aparılan yeni abad məktəbdə 3 minə yaxın şagird 2014-2015-ci tədris ilini böyük sevinclə qarşılayıb. Prezident Cənab İlham Əliyev 2014-cü il sentyabrın 13-də məktəbin yeni tədris korpusunun açılışında iştirak edib.
Millət vəkili Madər Musayevin təklifləri əsasında əhalini narahat edən daha bir problemin həllinə başlanılıb - DSK adlanan ərazidə kanalizasiya və su xətlərinin çəkilməsi istiqamətində kompleks işlərə start verilib.
Madər Musyevin təşəbbüsü və dəstəyi ilə rayonun 9 və 9a mikrorayonlarının, eləcə də Biləcəri qəsəbəsinin ərazisində yerləşən bir sıra çoxmənzilli yaşayış binalarında əhalinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Hazırda, millət vəkilinin səyi nəticəsində payız-qış mövsümünə hazırlıqla əlaqədar Biləcəri qəsəbəsində - Yəhya Hüseynov küçəsi döngə 3, 3a, 5a, 14, 14a və 15 saylı binaların istilik sistemləri ilə təminatı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Hacı Madər Musayev tələbələrə, idmançılara və istedadlı gənclərə də hər zaman dəstək olur. Artıq 3 ildir ki, fəaliyyətdə olan "Arktika – Favorit" Peşəkar İdman Klubunda güləş, cüdo, karate, kink - boks, uşu-sanda, may-tay, universal döyüş idman növləri üzrə həftənin müxtəlif günlərində məşqlər keçirilir. Klubda hal-hazırda 120-yə yaxın idmançı çalışır. Fəaliyyəti dövründə klub üzvlərindən 5 nəfər Dünya, 6 nəfər Avropa, 18 nəfər Avrasiya çempionu, 1 nəfər Yeniyetmələr Olimpiadasının gümüş mükafatçısı, 1 nəfər isə İslam Həmrəylik Oyunlarının bürünc mükafatçısı adına layiq görülüb.
Uşaqların qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan gənc nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Millət vəkili Madər Musayev də dövlətin bu istiqamətdəki siyasətinə daim dəstək verir. Onun yaxından köməkliyi ilə rayonun 9-cu mikrorayon ərazisində yerləşən 219 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra balaca sakinlərin ixtiyarına verilib.
Binəqədi qəsəbəsindəki 86 saylı uşaq bağçası millət vəkili Madər Musayevin təklifləri nəticəsində Dövlət Proqramına salınaraq yenidən qurulub. Hazırda, uşaq bağçasında hər birində 20 uşaq olmaqla 4 qrup fəaliyyət göstərir.
Millət vəkili Hacı Madər Musayevin həyata keçirdiyi xeyriyyəçilik işləri daim dövlətimizin diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. Bu vaxta qədər çox sayda mükafatlara layiq görülən Madər Musayev üçün ən dəyərli mükafat Prezident Cənab İlham Əliyev tərəfindən verilən "Şöhrət" ordenidir. Bu, dövlət başçısının ona olan yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də böyük məsuliyyət deməkdir.
Madər Musayevin Seçki Platforması da Prezident İlham Əliyevin iqtisadi inkişafın Azərbaycan modeli ilə bağlı irəli sürdüyü tezislər üzərində qurulub, vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərə hesablanıb.
Hacı Madər Musayev bütün yuxarıda bəhs etdiyimiz işləri gələcəkdə də davam etdirməklə Xalqına, Vətəninə və Dövlətinə sadiq olduğunu bir daha nümayiş etdirəcək.
Digər Xəbərlər
2024-11-27 12:34:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18