"AST Telman"ın dostu olan oliqarxlarımız onu unutdu
10:16 28-10-2015
CƏMİYYƏT
Çətin günlər yaşayan azərbaycanlı milyarderin vəziyyəti getdikcə qəlizləşir
Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılovun biznes ortağı Leonid Rafailov Moskvada restoran biznesinə girib. Rafailov Moskvanın mərkəzində yerləşən "La Scarpetta" italyan restoranının və "Don Giulio Salumeria" ərzaq dükanının həmsahibidir.
İtalyan Culio Dzompi ilə birlikdə o, həmin biznesə 1 milyon dollar yatırıb. Partnyorlar bizneslərini genişləndirməyə və Moskvada italyan üslubunda kofe-şirniyyat evi açmağa hazırlaşırlar.
Məlum olub ki, Leonid Rafailov italiyalı ortağı ilə ötən ilin oktyabrında ASC tipli dörd müəssisə qeydiyyatdan keçirib. Culio Dzompi 2000-ci illərin əvvəllərindən Moskvada bizneslə məşğuldur.
Rafailov isə AST şirkətlər qrupuna daxil olan "AST-İnternational İnvoeronment" şirkətinin baş direktoru və səhmlərinin 10 faizinin mülkiyyətçisidir.
Şirkətin səhmlərinin qalanı T.İsmayılova, oğlu Sərxana və Simand Simanduyevə məxsusdur. Hazırda Telman İsmayılovun aktivlərinin böyük əksəriyyətinə həbs qoyulub. Oliqarx borc bataqlığındadır və yarım milyard dollardan çox borcu var. Kreditorlar onun barəsində iddia qaldıraraq hər yerdə aktivlərini dondurublar, özünün isə müflis elan edilməsini tələb edirlər.
T.İsmayılovun ortağı olan Daniel Rafailov da Azərbaycan əsillidir, Qubadakı məşhur Qırmızı qəsəbədəndir. Onun digər iki qardaşı Januko Rafailov və Don Rafailov da T.İsmayılovla ortaq olub.
İki il əvvəl Januko Rafailov direktoru olduğu "AST Cargo" şirkətinə məxsus anbar-konteynerlərdə yüzlərlə vyetnamlının qul kimi işlədilməsinə görə həbs edilmişdi.
Göründüyü kimi, "AST Telman" batır, ortağı isə restoran biznesi qurur, maliyyə durumunu daha da yaxşılaşdırmağa çalışır.
Qeyd edək ki, Telman İsmayılovu artıq "keçmiş milyarder" adlandırırlar. Ötən həftə Rusiya KİV-i yazıb ki, onun yüz milyonlarla dollarlıq borcu və hər tərəfdən üstünə düşüb borcunu tələb edən keçmiş biznes kompanyonları haqda mətbuat xəbərlər yaymaqdadır.
Rusiyanın "Vedomosti" həftəliyi hazırda kreditorlar tərəfindən mühasirəyə alınmış Telman İsmayılovun niyə müflis olmasının səbəblərini araşdırıb və müsahibə üçün ona müraciət edib. Lakin biznesmenin yaxın ətrafından "Vedomosti"yə belə cavab veriblər: "Telman Mərdanoviç baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir".
Bəs görəsən, "AST Telman"la yaxın dostluq münasibətləri olan Azərbaycan oliqarxları onun belə çətin vəziyyətində sabiq milyarderə maddi və mənəvi dəstək ola bilirlərmi? Bu suala konkret cavab vermək çətindir.
Amma İsmayılovun Azərbaycandakı bəzi iri məmur dostlarının özlərinin də durumu ürəkaçan deyil. Bu oliqarxlardan biri nəqliyyat naziri Ziya Məmmədovdur. Onun hazırda vəziyyəti xeyli mürəkkəbdir, sürətlə səlahiyyətlərini itirməkdə və formal nazirə çevrilməkdədir. Bundan başqa, onun Beynəlxalq Bankla bağlı kredit qalmaqalı çərçivəsində külli miqdarda borcunun olduğu da gələn bilgilər arasındadır. Yəni belə götürəndə Məmmədovla İsmayılovun durumları arasında o qədər də böyük fərq yoxdur.
"AST Telman"ın başqa bir dostu, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov üçün də hadisələrin yaxşı axarda getdiyini deməkdir. O son vaxtlar ciddi şəkildə ictimai tənqid hədəfindədir, hətta ölkə başçısı səviyyəsində AZAL-ın bahalı avireysləri kəskin tənqid olunub. Bundan başqa, Cahangir Əsgərovun əvvəlki maliyyə qüdrətini xeyli itirdiyi də son vaxtlar tez-tez dilə gətirilir. Buna əyani sübut kimi isə, onun rəhbərlik etdiyi idman federasiyası və futbol klubunun pul böhranı ilə üzləşməsini, idmançıların mütəmadi olaraq maaşlarının ödənilməməsindən gileylənməsini göstərmək olar.
Bir sözlə, "AST Telman"ın ağır günlərində onun Azərbaycanlı bəzi oliqarx dostlarının da karyera və maliyyə baxımından durumları ağırdır. Belədə onların öz sabiq milyarder dostlarına hər hansı formada dəstək vermələrini gözləmək də sadəlöhvlük olardı.
Xatırladaq ki, Telman İsmayılov ilk dəfə 2009-cu ildə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşdü. "Forbes" onun sərvətini 600 milyon dollar qiymətləndirirdi.
İsmayılovun AST qrupu biznesin müxtəlif sahələri ilə məşğul olsa da onun əsas gəlir mənbəyi "Çerkizovsk" bazarı idi. AST qrupu 200 hektardan çox ərazisi olan nəhəng bazarı - narkotiklərdən tutmuş saxta mallara qədər hər şeyin satıldığı "tolkuçka"ya nəzarət edirdi.
Onun çətin günləri məhz bu bazarın əlindən çıxması ilə başlayıb.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 08:43:00
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00