Müsavat məğlub olacağını anladığı üçün seçkidə iştirakdan imtina etdi
12:35 29-10-2015
CƏMİYYƏT
Müsavat Partiyası parlament seçkilərində iştirakını dayandırıb. "Unikal"ın məlumatına görə, Müsavat başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunub.
Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına tapşırılıb. A.Hacılı ümid etdiyini bildirib ki, Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan üzvləri partiyanın seçkilərdə iştirakının dayandırılması barədə qərarını düzgün qəbul edəcək və seçkidə iştirakı dayandıracaq. O qeyd edib ki, bununla belə, Müsavat Partiyasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydə alınıb və Müsavat Partiyası seçkiləri müşahidə edəcək, bu sahədə fəaliyyətini REAL və NİDA ilə əlaqələndirəcək.
Məsələylə bağlı tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli "Unikal"a açıqlamasında deyib ki, Müsavatın belə bir qərar verməsinin əsas səbəbi partiyanın elan etdiyi səbəbələr kimi deyil: "Məncə, bunun əsas səbəbi Müsavatın seçkidə iştirak etməyə gücünün olmamasıdır. Doğrudur, seçkilərin tam demokratik, ədalətli təşkil olunduğunu demək olmaz. Çünki bəzi namizədləri əsassız olaraq kənarlaşdırdılar, bəzilərini kənarda qoymağa cəhd etdilər. İcra strukturları, bələdiyyələr, digər büdcə təşkilatları bəzi namizədlər üçün təbliğat-təşviqat aparmaqla məşğuldur. DSK-lar bəzi namizədlərin qeyri-qanuni əmllərinə göz yumur, seçicilərin qanunsuz yollarla ələ alınmasının qarşısı alınmır. Ancaq mənə elə gəlir ki, müxalifət seçkilərin demokratikliyinin təmin edilməsini hakimiyyətdən tələb etməklə kifayətlənməməli, onu buna məcbur etməyi bacarmalıdır. Müsavatın, həm də elə bütövlükdə müxalifətin isə bunun üçün yetərli sosial bazası və siyasi gücü yoxdur. Əgər müxalifətin hər bir dairə ərazisində məntəqələrə 3-5 min seçici aparmaq imkanı olsa, bu, seçkilərin demokratik keçirilməsinə çox ciddi təsir göstərər. Təəssüf ki, bizim müxalifət bunu bacarmır. Xalqı özünə borclu sayır, nəyəsə görə belə hesab edir ki, xalq ona səs verməli, iqtidar bu səsləri düzgün sayıb ona mandat ərməğan etməlidir. Çox qeyri-ciddi adamlardır".
Hüquqşünas Mehman Muradlı isə fikirlərini "Unikal"la bölüşərkən deyib ki, Müsavat məğlubiyyətdən qorxduğu üçün belə bir addım atıb: "Müsavat Partiyası acınacaqlı olsa da, siyasi klimaks dövrünü yaşayır. Onların son mitinqi buna əyani sübutdu. Seçkidən imtina məsələsinə gəlincə isə bildirim ki, bu addım Seçki Məcəlləsinə və o namizədlərə imza vermiş şəxslərə hörmətsizlikdir. Çünki məcəlləyə əsasən seçkidən imtina edən namizəd səsvermə gününə 10 gün qalmış seçkidən uzaqlaşa bilərlər. Lakin onlar bunu etmədilər".
Müsavat Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakını dayandırması addımını atmaqla özünün zəifliyini büruzə verdi. Bunu YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Müsavatın parlament seçkilərindən imtina etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Müsavat bu qərarı ilə artıq zəifləyən, nüfuzunu itirən, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevrildiyini bir daha göstərdi: "İstənilən siyasi partiyanın birinci vəzifəsi seçkilərdə iştirak etməkdir. Parlament seçkisindən imtina edən və könüllü sürətdə geri çəkilən siyasi partiya sosial dayaqlarının olmadığını, cəmiyyətin maraqlarını qorumaq fikrinə düşmədiyini bir daha büruzə verdi. Xüsusən də, Müsavat Partiyası çoxdan özünün radikal baxışları ilə cəmiyyətdə nüfuzdan düşmüşdü. Müsavat parlament seçkilərinə qatılmağına baxmayaraq, ötən 2 həftə ərzində hər hansı təbliğat kampaniyası da keçirmirdi. Demək olar ki, kampaniya çərçivəsində nə görüşlər, nə plakatlar, nə də hər hansı çağırışların heç biri yox idi. Bu qərar bir daha sübut elədi ki, Müsavat nüfuzunu itirən, Azərbaycanın siyasi həyatında hər hansı rolu olmayan bir qüvvəyə çevirilir".
H.İsgəndərov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15