Prezident İlham Əliyev şimal-qərb bölgəsinə səfər edib
12:58 05-11-2015
CƏMİYYƏT
Ölkə başçısı bir sıra obyektlərin və yol infrastrukturunun açılış məraziminə qatılıb
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatala rayonuna səfərə gedib. Dövlətimizin başçısı Zaqatala şəhərindəki Heydər Əliyev Parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə parkda aparılan abadlıq işləri barədə məlumat verdi. İndi bu park Zaqatala sakinlərinin, rayona gələn qonaqların ən sevimli istirahət mərkəzinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Prezident İlham Əliyevə Zaqatala şəhərinin 28 May və Qarabağ küçələrində aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verildi. Burada dövlətimizin başçısına, həmçinin Zaqatala rayonunun Yuxarı və Aşağı Tala kəndlərinin və Zaqatala şəhərinin ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi və abadlaşdırılması işləri barədə məlumat verildi. Sonra dövlətimizin başçısı Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş "Qızılgül" körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. Ümumi sahəsi 1280 kvadratmetr olan bina 100 uşaq üçün nəzərdə tutulub. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolar sərgilənir. Körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərəcək. Burada 1 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Binada müəllimlər, tibb, qəbul, yataq, kompyuter otaqları, idman, oyun, musiqi zalları yaradılıb.
Körpələr evi-uşaq bağçasında 28 pedaqoji işçinin çalışması nəzərdə tutulub. Bir sözlə, uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün binada hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bina havalandırma sistemi, çamaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub. Ərazidə geniş yaşıllıq zolağı salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında da iştirak edib. 2012-ci il mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ Zaqatala rayonunda da ciddi fəsadlar törətmişdi. Çoxlu sayda evlər, sosial təyinatlı binalar dağılmış və ya qəzalı vəziyyətə düşmüşdü. Hadisədən dərhal sonra fəlakət zonasına gələrək zəlzələnin törətdiyi fəsadlarla şəxsən tanış olan Prezident İlham Əliyev zərərçəkmiş insanlara təcili yardım göstərmək, dağılmış binaların yerində yeni tikililərin inşası üçün sərəncam və tapşırıqlarını vermişdi.
Zəlzələ zamanı Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası da tamamilə qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2012-ci ildə filial üçün yeni binanın tikintisinə başlanıb. Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə məlumat verildi ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir. Beşmərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada linqafon otağı, kompyuter mərkəzi tələbələrin ixtiyarına veriləcək. Təhsil ocağının bütün otaqları, auditoriyaları zəruri avadanlıqla təchiz olunub. Tədris prosesində müasir informasiya-kommunikasiya sistemlərindən istifadəyə diqqət yetirilib. Filialın yeni binasında kitabxana, akt zalı və muzey fəaliyyət göstərəcək, tələbələr tibb və iaşə xidmətlərindən istifadə edəcəklər.
Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, tamamilə yeni infrastruktur yaradılıb. Transformator yarımstansiyası, su və kanalizasiya şəbəkəsi quraşdırılıb, istilik təchizatı üçün qazanxana tikilib. Yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında öz yeri olan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binada daha səmərəli işləməsi üçün hərtərəfli şərait yaradılıb.
İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir.
Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub. Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.
Diqqətə çatdırıldı ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirdi.
İlham Əliyev Zaqatala rayonuna səfərini başa çatdıraraq Şəkiyə gedib. Dövlətimizin başçısı Şəki şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidentinə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, rayonun tələbatı nəzərə alınaraq biri 160, digəri isə 100 yerlik olmaqla iki yeni məktəbəqədər təhsil müəssisəsi üçün binaların inşası yekunlaşdırılıb və istifadəyə hazırdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 160 yerlik körpələr evi-uşaq bağçasının inşasına ötən ilin dekabrında başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb. Diqqətə çatdırıldı ki, Şəkidə fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsində 2760 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində də iştirak edib. Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb. Hazırda Şəki rayonunda 97 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və həmin məktəblərdə 24 minə yaxın şagird təhsil alır.
Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində də iştirak edib.
Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, ümumi sahəsi 19,8 min kvadratmetr olan beşmərtəbəli kompleksin inşasına 2012-ci ilin noyabrında başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb. "Əlillərin hüquqlarının qorunması haqqında" Konvensiyanın tələblərinə müvafiq olaraq binada onlar üçün bütün zəruri şərait yaradılıb. Əlillərin binaya daxil olması üçün xüsusi qurğu quraşdırılıb. Prezident İlham Əliyev kompleksdə yaradılan şəraitlə tanış oldu. İlham Əliyev kompleksdə məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşdü. Dövlətimizin başçısı mərasimdə çıxış edib.
Prezident həmçinin Şəkidə "Marxal" sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. İlham Əliyevin 2012-ci ildə "Marxal" sanatoriya-istirahət kompleksinin yaradılması haqqında imzaladığı Sərəncamdan sonra başlayan inşaat işləri sürətlə davam etdirilir. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq.
E.Rüstəmov
Digər Xəbərlər
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00