Azərbaycan prezidenti məqalə yazdı
09:31 18-11-2015
CƏMİYYƏT
İlham Əliyevin "Ümumi strategiyanın formalaşdırılması" məqaləsi G20-nin xüsusi nəşrində dərc olunub
Noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin" (G20) üzvü olan dövlət və hökumət başçılarının sammiti ilə bağlı xüsusi nəşr buraxılıb.
Xüsusi nəşrdə sammitdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin "Ümumi strategiyanın formalaşdırılması" məqaləsi dərc olunub.
"G-20"nin saytında da verilən məqalədə qeyd olunur ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və inkişafda olan dövlətlərinin birləşdiyi "Böyük İyirmilik" (G20) qlobal dünyanı narahat edən müxtəlif çağırışlara cavab vermək gücünə malik əlverişli platformadır:
"2015-ci ildə "G-20"-yə Türkiyənin sədrlik etməsi bizim region ölkələri, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə ötən dövrdə həm "Böyük İyirmiliy"in üzvü olan dövlətlər, həm də "G-20" ilə digər ölkələr arasında əlaqələrin inkişafına böyük diqqət yetirmiş, qarşılıqlı əməkdaşlıq şəraitində müsbət nəticələr əldə olunmasına sanballı töhfə verib. Son dövrlərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində Türkiyə dünyanın inkişaf etmiş dövlətlərindən birinə və təsirli güc mərkəzinə çevrilib. Azərbaycan öz strateji müttəfiqinin uğurlarından, onun bölgədə getdikcə sülhün və təhlükəsizliyin əsas qarantlarından biri kimi çıxış etməsindən xüsusi məmnunluq duyur. Azərbaycan həm də bugünkü toplantıda Türkiyənin birbaşa dəvəti ilə tamhüquqlu üzv qismində iştirak edir və buna görə də mən şəxsən prezident Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan 24 illik müstəqilliyik dövründə özünəməxsus inkişaf yolu keçib. 1995-ci ildə ölkədə demokratik normalara cavab verən yeni Konstitusiya qəbul olunub, çoxpartiyalı sistem əsasında parlament formalaşdırılıb. Bunun ardınca hüquqi dövlət quruculuğu çərçivəsində hakimiyyətlərin bölünməsi və demokratik idarəçilik təmin edilib, həyata keçirilən islahatlar nəticəsində liberal iqtisadi sistem formalaşıb, insan hüquqları, plüralizm, söz və məlumat azadlığı, azad internet bərqərar olub, vətəndaş cəmiyyəti institutlarının inkişafına hərtərəfli dövlət dəstəyi göstərilib.
Bu gün Azərbaycan möhkəm daxili sabitliyə, cəmiyyətdə hökm sürən vətəndaş birliyinə və həmrəyliyinə, millətlər və dinlərarası sülhə, tolerantlıq mühitinə, liberal, dayanıqlı və dinamik iqtisadiyyata söykənərək özünün inkişaf modelini dünyaya təqdim edir.
1994-cü ildə Azərbaycanın təşəbbüsü ilə dünyanın qabaqcıl ölkələrini təmsil edən şirkətlərlə Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına ixracı sahəsində "Əsrin kontraktı" imzalanıb, sonrakı mərhələdə isə Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz boru kəmərləri kimi nəhəng enerji layihələri reallaşdırılıb. Bu layihələr həm dünya iqtisadiyyatı, həm də Azərbaycanın müstəqil inkişafı üçün mühüm əhəmiyyət daşıyıb, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində müstəsna rol oynayıb.
Şaxələndirilmiş
iqtisadiyyat
Öz enerji təhlükəsizliyinə nail olan Azərbaycan bu gün başqa ölkələrin etibarlı enerji təminatında mühüm rol oynayır. Hazırda "Cənub" qaz dəhlizi çərçivəsində Türkiyə və avropalı tərəfdaşlarımızla inşasına başladığımız TANAP və TAP kimi transmilli qaz ixracı layihələri vasitəsilə Xəzərin zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqli üzərində ciddi iş aparırıq. "Şahdəniz 2" layihəsinin işlənməsi və Xəzər hövzəsinin zəngin təbii qaz yataqlarının dövriyyəyə buraxılması həm Azərbaycanın bundan sonrakı dövrdə davamlı inkişafını təmin edəcək, həm də Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək.
Azərbaycan regionda və daha geniş coğrafiyada transmilli kommunikasiya xətlərinin, müasir infrastruktura malik nəqliyyat-tranzit dəhlizlərinin yaradılması işində fəal rol oynayır və artıq demək olar ki, bölgənin nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Keçən il istifadəyə verdiyimiz Bakı Beynəlxalq Dəniz Limanı, yaratdığımız müasir beynəlxalq hava nəqliyyatı sistemi və nəhayət, bu il istifadəyə veriləcək Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Avropa-Asiya əlaqələrinin mərkəzi ölkəsinə çevirəcək. Reallaşdırılan səmərəli iqtisadi siyasətin nəticəsi olaraq son 12 ildə Azərbaycanda ümumdaxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru və sənaye istehsalı 3 dəfə artmış, iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə yüksəlib və 2015-ci ilin səkkiz ayının göstəricilərinə görə 68,4 faizə çatıb. Bu, ölkədə iqtisadiyyatın şaxələndirildiyini və neft amilindən asılılığın xeyli azaldığını açıq şəkildə göstərir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulub ki, bunun da mühüm bir hissəsini xarici sərmayə təşkil edib. İqtisadiyyatın ənənəvi sahələri modernləşdirilib, ölkədə turizm, kosmik sənaye, müdafiə sənayesi, informasiya-kommunikasiya texnologiyaları və digər yeni istiqamətlər yaradılıb. Azərbaycan özünün iki süni peykini orbitə buraxaraq dünyanın kosmik dövlətləri sırasına qatılıb.
Azərbaycanda sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi və məşğulluğunun artırılması dövlət siyasətinin başlıca istiqamətlərindən biri olub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində regionlarda minlərlə istehsal obyekti yaradılıb, həmçinin ölkədə 1,4 milyon yeni iş yeri açılıb ki, bunun da 1 milyonu daimi iş yeridir. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə artıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq isə 5 faizə enib.
Vacib istiqamətlər...
Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinin həlli, əhalinin əsas ərzaq məhsulları ilə daxili istehsal hesabına etibarlı təminatı prioritet vəzifə kimi müəyyən edilib. Mühüm dövlət proqramlarının qəbul olunması və uğurlu icrası nəticəsində kənd təsərrüfatının davamlı inkişafı təmin edilib və ərzaq təhlükəsizliyi sahəsində qarşıya qoyulan vəzifələr əsasən yerinə yetirilib. 2005-2014-cü illərdə Azərbaycanda kənd təsərrüfatı 48,9 faiz, ərzaq məhsulları istehsalı isə 39 faiz artıb.
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, investorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli iş şəraitinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, ölkə iqtisadiyyatında özəl sektorun payı 82 faizə yüksəlib. 2002-ci ildən bu günə kimi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə iş adamlarına 2 milyard dollardan çox güzəştli kredit verilib, təkcə 2014-cü ildə bu rəqəm 380 milyon dollar təşkil edib.
Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 10 faizindən bir qədər çoxdur ki, bu da dünyada ən aşağı göstəricilərdən biri hesab olunur. Nüfuzlu beynəlxalq iqtisadi, maliyyə və reytinq mərkəzləri Azərbaycan iqtisadiyyatının davamlı şəkildə inkişafını proqnozlaşdırır, bu məqsədlə həyata keçirilmiş tədbirləri təqdirəlayiq hesab edirlər. Davos Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üçün Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan rəqabətqabiliyyətlilik indeksi üzrə dünyanın 144 ölkəsi arasında 38-ci yerə yüksəlib.
Azərbaycanda bütün tədbirlər dünya iqtisadiyyatının inkişaf meyilləri nəzərə alınmaqla, konkret proqramlar əsasında və müasir texnologiyalar tətbiq olunmaqla gerçəkləşdirilir. Ölkəmiz həm dünyadakı mövcud innovasiyaları mənimsəyir, həm də ayrı-ayrı sahələri əhatə edən yeniliklərin təşəbbüskarı kimi çıxış edir. Bu mənada Azərbaycanın "brendi" olan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan "ASAN xidmət" mərkəzlərini xüsusi qeyd etmək lazımdır. "ASAN xidmət" dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın, ictimai xidmətlərin mütərəqqi modelidir və bürokratik əngəllərin, mümkün korrupsiya hallarının aradan qaldırılmasına olduqca müsbət təsir göstərir. Hazırda "ASAN xidmət" nümunəsi digər ölkələr tərəfindən də yaxından öyrənilir və bu təcrübə geniş yayılır.
Multikulturalizm
Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə dəyərli töhfə verən nüfuzlu ölkə kimi tanınır. Azərbaycan dünya ölkələri və beynəlxalq təşkilatlarla bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini daim inkişaf etdirir. Məhz bunun nəticəsidir ki, 2012-2013-cü illərdə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, qlobal problemlərin həllinə öz töhfəsini verib. Ölkə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda mərkəz statusunu ildən-ilə gücləndirir. 2015-ci ildə ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə idman tarixində yeni maraqlı səhifə açan Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcək. İki il ərzində bir ölkədə həm Avropa, həm də İslam Həmrəylik oyunlarının təşkil olunması Azərbaycanda multikulturalizm ideyalarının bütün sahələrdə özünü büruzə verdiyini təsdiq edir.
Hesab edirəm ki, müstəqillik illərində Azərbaycanın milli inkişaf strategiyası və inkişaf modeli "G-20" üzvləri üçün də maraqlı ola və yeni perspektivlər aça bilər. Əminəm ki, əgər Azərbaycan 24 ildə Ermənistanla müharibə vəziyyətində yaşamasaydı və ərazisinin 20 faizi işğala məruz qalmasaydı, əldə edilmiş uğurların miqyası daha böyük olardı. Nəzərinizə çatdırmaq istərdim ki, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, sosial və iqtisadi infrastruktur, mədəniyyət abidələri dağıdılıb, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Təəssüf ki, bu dövr ərzində beynəlxalq birlik münaqişənin həlli ilə bağlı qəti iradə nümayiş etdirməyib, BMT Təhlükəsizlik Şurası başda olmaqla dünyanın aparıcı təşkilatlarının qərar və qətnamələri icra olunmayıb, beynəlxalq hüququn tələbləri yerinə yetirilməyib.
Bununla yanaşı, hazırda postsovet məkanı, Yaxın Şərq və Afrikada yaranmış münaqişələr, vətəndaş qarşıdurması bu regionların inkişafını təhdid edir, milli iqtisadiyyatların çökməsinə, sosial fəlakətə, şəhər və kəndlərin dağılmasına və böyük qaçqın axınının yaranmasına yol açır. Əlbəttə, sülhü, sabitliyi, təhlükəsizliyi təhdid edən proseslər fonunda istər qlobal, istərsə də regional səviyyədə iqtisadi və maliyyə məsələlərinin tənzimlənməsi mürəkkəb və hətta mümkünsüz görünür. Buna görə də Sammitin gündəliyinə daxil edilmiş məsələlər aktual siyasi proseslər kontekstində nəzərdən keçirilməli, mövcud siyasi böhranların aradan qaldırılması, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli əməli şəkildə dəstəklənməlidir.
2014-cü ilin ortalarından dünya bazarlarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi və bu sahədə qeyri-sabit vəziyyətin yaranması ortamüddətli perspektivdə bir çox ölkələri iqtisadi mühitin daha da pisləşməsi, hətta staqnasiya, tənəzzül kimi çağırışlarla üz-üzə qoya bilər. Artıq bəzi ölkələrin nümunəsində bu prosesin ciddi fəsadlara səbəb olduğu müşahidə edilir. Buna görə də dünya enerji bazarında sabitləşdirici addımlar atılmalı, həm enerji ixrac edən, həm də onu idxal edən ölkələr üçün əlverişli durum təmin edilməlidir.
Azərbaycan dünyanın ayrı-ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir.
Paralel şəkildə qlobal iqtisadi böhranın qarşısının alınması məqsədilə reallaşdırılmış tədbirlərin səmərəliliyi qiymətləndirilməli, sabitləşdirici addımların daha da dərinləşdirilməsi, böhrandan sonrakı dövrdə dünya iqtisadiyyatının təhdidlərə qarşı dayanıqlığının yüksəldilməsi və digər məsələlərə dair ciddi müzakirələr aparılmalı və adekvat rəylər yekun sənəddə öz əksini tapmalıdır.
Hesab edirəm ki, "Böyük İyirmiliy"in Antalya Sammitində aparılan müzakirələr və qəbul edilən qərarlar bir çox qlobal məsələlərə dair ümumi strategiyanın formalaşdırılması, hazırda müşahidə olunan problemlərin həlli ilə bağlı real və təsirli tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətli olacaq".
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18