Milli Şura Əli Kərimlinin oyuncağı olub
11:56 19-11-2015
CƏMİYYƏT
Radikal müxalifətin birliyi kimi yaradılan qurum düşərgənin probleminə çevrilib
Radikal müxalifətin sonuncu siyasi ittifaqı olan Milli Şura özünün labüd dağılma prosesinin sonuna yaxınlaşıb. Əslində proses 2013-cü il seçkisindən dərhal sonra start götürmüş, qısa müddət ərzində bir neçə partiya qurumu tərk etmişdi. Amma Əli Kərimli süni manevrlərlə Milli Şuranın mövcudiyyətini qoruyub saxlamaq yönündə fəaliyyətə keçdi ki, bu da daha ağır nəticələrə gətirib çıxartdı.
Milli Şura bu gün cəmiyyətdə özü haqqında yalnız mənfi fikirlər formalaşdırıb. Müxalifətin birləşməsi adı altında yaranan bu qurum, sonradan pozucu, dağıdıcı bir qüvvəyə çevrildi. Milli Şuranın yaranmasına böyük ümidlərlə baxan müxaliflər xəyal qırıqlığına uğradılar. Artıq faktiki olaraq Əli Kərimlinin rəhbərlik etdiyi bu qurum müxalifətin ən böyük probleminə çevrilib. Milli Şura müxalifətin illərdir formalaşmış imicinə də zərbə vurdu. Ölkənin demokratik müxalifəti hər zaman Avrointeqrasiya tərəfdarı olduğunu bəyan edib. Ancaq Milli Şuranı yaradanlar daha sonra onlara rəhbərlik etmək üçün Rusiyapərəst qüvvələri iş başına gətirdilər. Rüstəm İbrahimbəyov Milli Şuraya sədr seçiləndə artıq hər kəs başa düşdü ki, Milli Şura başqa məqsədlər üçün yaradılan bir təşkilatdır. Yeni yaranmış bir quruma sədr seçilən Rüstəm İbrahimbəyovun sədrliyə gəlməsi ilə getməsi heç 40 gün də çəkmədi.
Əli Kərimli hər çıxışında bu təşkilatın milli ruha, milli ideyalara sadiq olduğunu qeyd edirdi. Ancaq Milli Şuranın fəaliyyətində bu heç zaman hiss olunmurdu. Əli Kərimlinin Milli Şuranın yaranmasındakı canfəşanlığı da sonradan aydın oldu. İbrahimbəyovdan sonra Milli Şuraya Cəmil Həsənlinin sədr gətirilməsi Əli Kərimlinin planlarından biri idi. Bu da onu göstərir ki, Milli Şura elə Kərimliyə bağlı bir təşkilatdır və bu qurumun hesabına bağlı olduqları xarici təşkilatlardan daha yüksək məbləğlərdə qrantlar alır, öz büdcələrini zənginləşdirirlər. Bu insanlar üçün milli quvvə, milli maraqlar, xalq önəm daşımır. Əli Kərimli, Cəmil Həsənli və digər ənənəvi müxalifət liderləri sadəcə müxalifətçiliyi imitasiya edirlər, müxalifətçilik rolu oynayırlar. İndiki Milli Şura rəhbərləri təşkilatlarını narazı elektoratın, kasıb, yoxsul insanların təşkilatı kimi qələmə verirlər. Qurumun rəhbərləri maliyyə problemlərindən, məhrumiyyətlərdən danışırlar.
Ancaq realda bu "liderlər"in heç biri nə məhrumiyyətlər yaşayır, nə də maliyyə problemləri var. Hər birinin bahalı maşınları, lüks villaları və hətta bir neçə obyektləri var. Kimsə demir ki, olmasın, olsun. Müxalifətçi olmaq səfalət içində yaşamaq demək deyil. Ancaq həqiqət budur ki, bu məhrumiyyətləri yaşayan ənənəvi müxalifət liderləri yox, onlara inanan, onları milli maraqlara xidmət edən lider kimi qəbul edən siravi müxalifətçilərdir. Milli Şuranın bu günə qədər "xalqa xidməti" 2-3 icazəli mitinqdən o yana getməyib. Bəlkə nəsə var, cəmiyyət bilmir. Hamının bildiyi budur ki, onların təşkil etdiyi 2-3 icazəli aksiya olub və bu aksiyaların da əziyyətini gənc müxalifətçilər çəkib. Bu mitinqlərdən sonra həbs olunan gənc fəalların bəziləri hələ də məhbusdur. Milli Şura rəhbərləri isə həbs olunan məhbusların üzərindən manipulyasiya etməklə məşğuldur.
Milli Şuranın bir qurum olaraq hələ də fəaliyyətdə olması dövlətçi, xalqın maraqlarına xidmət edən müxalifət partiyalarına xeyir yox, zərər verir. Müxalifətin təmərküzləşməsinə mane olan bu qurum fəaliyyətinə tam olaraq son verməlidir. Milli Şura cəmiyyətdə normal siyasi münasibətlərin yaranmasının qarşısını alır. Ənənəvi müxalifət liderləri isə yalnız öz kreslolarını qorumaq haqda fikirləşirlər. Müxalifətdə yeni gücə, sağlam mübarizəyə ehtiyac var. Əgər Milli Şura və digər müxalifət partiyalarında yenilənmə olmasa, artıq siyasi gücünü itirmiş liderlər istefaya getməsə, xalqın müxalifətə olan 1-2 faiz inamı da yox olacaq. Bir az da dərinə getsək görərik ki, xalq artıq bacarıqsız və səriştəsiz, mübarizə gücü olmayan müxalifətlə mübarizə aparır və onun meydandan çəkilməsini, yerini gənc və enerjili, müxalifətçiliyi imitasiya etməyən qüvvələrə verməsini istəyir.
Faktiki olaraq, bu gün Milli Şura əli Kərimlinin oyuncağına çevrilib. Həmin oyuncağın daha hansı oyunlarda istifadə ediləcəyi isə yaxın gələcəyin işidir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18