Ölkə başçısı bir daha dünyaya sübut etdi ki, Azərbaycan öz dövlətçilik ənənələrinə sadiq olaraq qalacaq və bunun üçün vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı hər zaman gərəkli addımlar atılacaq
Fransada baş verən terror əslində dünyaya bir mesaj oldu. Mesajın mahiyyəti isə bu oldu ki, dini, milli ayrıseçkilikdən, terrordan uzaq olmaq istəyirsənsə vətəndaş cəmiyyətlərinin hansısa güclərdən aslı olmasının qarşısını almaq lazımdır. Yəni vətəndaş cəmiyyətləri hansısa güclərin nəzarətinə düşürsə bu sonda terror və digər xoşagəlməz olaylarla müşahidə olunacaq. Fransa terroru bir daha sübut etdi ki, böyük güclərin hələ bir neçə il öncə Yaxın Şərq ölkələrindəki vətəndaş cəmiyyətlərini sıradan çıxartmaqla sonda bu dövlətlərin də dövlətçilik ənənəsinə zərbə vurdu və ortaya İŞİD kimi təhlükəli bir qüvvə çıxdı. Bəs bundan çıxış yolu nədir? Məhz bu çıxış yollarını prezident İlham Əliyev elə Fransanın özündə bir daha bəyan etdi. Prezident çıxış edərək bildirdi ki, Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı vermək istəyirəm. Azərbaycan xalqı Fransa xalqının kədərini bölüşür və Fransa Respublikasının tarixində bu faciəli məqamda Fransa xalqı ilə çiyin-çiyinə dayanır. Bu dəhşətli terror hadisəsi bir daha göstərir ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyanın heç bir ölkəsinə bu cür hücumlara məruz qalmayacağı barədə yüz faiz zəmanət verilə bilməz. Buna görə də beynəlxalq ictimaiyyətin birgə səyləri bizə bu bəla ilə mübarizə aparmağa kömək edə bilər. Keçmişdə çoxsaylı terror hadisələrinin qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.Prezident həmçinin dünyaya da bir mesaj verdi ki, bu gün dünyada İŞİD kimi ikinci təhlükəli qüvvə məhz Ermənistandır. Çünki İŞİD kimi Ermənistanda başqa ölkələrin ərazisində öz dövlətini genişləndirmək və ya ikinci dövlətini qurmaq istəyir. Gəlin prezident İlham Əliyevin açıqlamasına baxaq:"Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Bizim ən böyük siyasi və diplomatik uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi. Beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi Təhlükəsizlik Şurasında sədrlik etdiyimiz iki il ərzində biz diqqəti iki vacib məsələyə yönəltdik. Bunlar beynəlxalq terrorizmə qarşı mübarizə və mədəniyyətlərarası dialoqdur. Əfsuslar olsun ki, müstəqillik illərinin lap əvvəlindən Azərbaycan erməni təcavüzünün qurbanına çevrilmişdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistan tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 250 min azərbaycanlı Ermənistandan deportasiya olunmuş və etnik təmizləməyə məruz qalmışdır, 750 min nəfər isə öz ölkəmizdə məcburi köçkünə çevrilmişdir.
Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox kasib ölkə idik. Bu gün televiziyada Avropanın üzləşdiyi miqrasiya böhranı ilə bağlı reportajları izləyərkən əlbəttə ki, biz evlərini tərk etmək məcburiyyətində qalan insanların ağrısını baş düşürük. Eyni zamanda, biz bu prosesin Avropada yaşayanlar üçün çətinliklər törətdiyini də anlayırıq. Lakin, eyni zamanda, 1992-ci, 1993-cü illəri xatırlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik. O vaxtlar Azərbaycanın əhalisi təxminən səkkiz milyondan bir az artıq idi. Beləliklə, bu, dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayının ən yüksək göstəricisi idi. Qaçqın və məcburi köçkünlərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni etdik. Bu gün onlar ölkəmizin inkişafında çox vacib rol oynayırlar."Bunu da qeyd edək ki, Fransada baş verən terrordan sonra İslama qarşı bir basqı yenidən başladı. Əslində bu basqı hər zaman olub və bir müddət öncə Azərbaycanda vətəndaş cəmiyyətini bu qüvvələr sıradan çıxartmaq istəyəndə islamafobiyadan yararlanmağa çalışırdılar:"İslamı terrorizmlə əlaqələndirmək tamamilə qəbuledilməzdir. Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəb və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimizi bərpa edə bilməcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir. Eyni zamanda, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. "Qarabağ" sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur".
Prezident həmçinin dünyaya Azərbaycan modelini təqdim etdi:" Biz güclü demokratik təsisatlar yaratmışıq, müasir siyasi və çoxpartiyalı sistem qurmuşuq. Azərbaycan bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından, toplaşma azadlığından gedir. Dünya Bankının qiymətləndirməsinə əsasən 2008-ci ildə azərbaycanlıların yalnız 17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir. Bizim planımız bütün ölkə ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir".
Bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu, mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Çox qəribədir ki, Avropadan başqa bütün qitələrin öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı. Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm və tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir.
Oyunlar uğurla keçirilmişdir və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir. Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaqdır. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə əsaslanır.
Siz digər dinlərə öz dininizə rəğbət bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk. Konfransın sədrinin qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini və etnik tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik".
Beləliklə gördüyünüz kimi, prezident İlham Əliyev bir daha dünyaya sübut etdi ki, Azərbaycan öz dövlətçilik ənənələrinə sadiq olaraq qalacaq və bunun üçün vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı hər zaman gərəkli addımlar atacaq.
E.Əliyev
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16