"Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb"
14:28 21-11-2015
CƏMİYYƏT
Novruz Məmmədov: "Yalnız irəliyə doğru addım atmaq niyyəti görünərsə, prezidentlərin görüşü baş tuta bilər"
"Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb. Bütün danışıqların da mahiyyəti budur. Madrid prinsiplərində də göstərilir ki, ilk mərhələdə 5 rayon azad olunsun, ərazi minalardan təmizlənsin, köçkünlər qayıtsın. İkinci mərhələdə Laçın dəhlizinin formatı müəyyənləşsin, Laçın və Kəlbəcər qaytarılsın".
Bunu Rusiyanın xarici işləri naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra yayılan məlumatlara münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, Madrid prinsiplərində sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur: "Nizamlanmada məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması, sonrakı mərhələdə Azərbaycan Konstitusiyası çərçivəsində referendumun keçirilməsindən söhbət gedir. Təəssüf ki, Qərb dövlətlərindən tam ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun mövqe görməmişik. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqelərində də bu müşahidə olunur. Ədalətli yanaşma olmayanda isə nizamlanmada ciddi problem yaranır".
"Prezidentlərin görüşü barədə məndə rəsmi məlumat yoxdur". Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın əvvəllərində görüşünün nəzərdə tutulması barədə məlumatlara münasibət bildirərkən deyib.
N. Məmmədov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev görüşlərdən çəkinmir: "Bununla belə, yalnız irəliyə doğru addım atmaq niyyəti görünərsə, belə görüş baş tuta bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar. Lakin görüş barədə məndə hələlik rəsmi məlumat yoxdur"(apa).
"Bir il ərzində Avropaya 800 minə qədər qaçqın gəlib və görün bu, hansı problemlərə səbəb olub. ABŞ-da da artıq müzakirə edirlər ki, Suriya və İraqdan qaçqın qəbul etməsinlər". Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov Azərbaycanın üzləşdiyi qaçqın problemindən danışıb: "Azərbaycan Qarabağ münaqişəsi nəticəsində 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı. Ölkəmiz o çətin dövrdə bu problemin öhdəsindən bacarıqla gəldi. Avropa Azərbaycanın bu sahədə təcrübəsini öyrənə bilər. Ancaq Azərbaycanın bir dəfə də adını çəkmirlər. Azərbaycan Avropa ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edirsə, biz Assosiasiya sazişi təklif edirlərsə, niyə Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri qeyd etmirlər? Həmin dövlətlərin bəzi qurumları ildə bir neçə dəfə Azərbaycanla bağlı müxtəlif məsələlərə dair bəyanatlar verir. Bəs bu qurumlar niyə qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasından danışmır? Azərbaycandakı siyasi muzdurları müdafiə edirlər. O dövlətlərin qurumları qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqları, torpaqlarımızın işğalı, BMT qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı da bəyanat versinlər. Bunlar olmayanda, Azərbaycanla münasibət qurmaq çətin olur. Bu, Qərbin səhvi, məsələlərə tam ədalətlə yanaşmamasının nəticəsidir".
"Parisdə fövqəladə vəziyyətə, təhlükəsizlik tədbirlərinə baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev bir çoxlarından fərqli olaraq UNESCO-nun 70 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etdi". APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, UNESCO çərçivəsində qarşılıqlı anlaşma tapmaq daha asan olub: "Azərbaycan UNESCO ilə 1994-cü ildə Heydər Əliyevin səfəri vasitəsilə əlaqə qurub. Prezident İlham Əliyevin dövründə bu əməkdaşlıq daha da genişlənib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində UNESCO ilə Azərbaycan arasında gözəl əməkdaşlıq əlaqələri yaradılıb. Elə buna görə də Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçilib. Prezident İlham Əliyev liderlərin toplantısında Azərbaycanın Lağlıq Qarabağ münaqişəsi ilə bağlı keçdiyi yol, qaçqın və məcburi köçkünlərin problemi, idman, mədəniyyət, tolerantlıq məsələləri haqda çıxış etdi və bu çıxış çox maraqla qarşılandı. Bu gün Azərbaycan multikulturalizm, sabitlik baxımından bir adadır. İqtisadi baxımdan zəif ölkədən donor ölkəyə çevrilmişik. Tədbirdə dövlət başçıları, diplomatlar iştirak edirdi. Prezident İlham Əliyevdən sonra Fransa prezidentinin çıxışı oldu".
Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, G-20 və UNESCO-nun 70 illiyi ilə bağlı tədbirlərdə Azərbaycanın iştirakı ölkənin beynəlxalq aləmdə nüfuzunun güclənməsinin göstəricisidir.
Ramiz Mikayıloğlu
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18