Azəryolservis

Sürücülər dövlət büdcəsinə yarım milyon ziyan vurub

Cari ilin 9 ayı ərzində 245 yol nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 4506.1 p/m təhlükəsizlik səddi, 1 ədəd işıq dirəyi, 1 ədəd metal informatik lövhə və 4 ədəd yol nişanı yararsız hala düşüb və dövlət büdcəsinə ümumilikdə 432 533.37 manat (təxminən yarm milyon- red.) ziyan dəyib.
Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" ASC-nin cari ilin 9 ayı üçün hazırladığı hesabatda deyilir ki, bunlardan 126 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub.
50 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub. Baş vermiş 69 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ- nə məktubla müraciət olunub", - deyə ASC-dən qeyd edilib.
Qurum 2015-2016-ci illər üçün payız-qış mövsümünə hazırlıqla bağlı da məlumat yayıb: "2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı Cəmiyyətin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəəssisələrdə hazırliq işləri başa çatmaq üzrədir.
Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarınına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.
Ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 382 ədəd, respublika yollarına isə xidmət məqsədilə 659 ədəd yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyyatı toplanır.
Bundan başqa mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də avam etdirilir. Bunun üçün 1500 ton texniki duz alınmış və ilkin olaraq dağlıq ərazidə yerləşən və Bakı şəhər yollarına xidmət göstərən yol-istismar müəssisələrinə verilmişdir. Noyabr ayı ərzində də tələbata uyğun olaraq duz alınması davam etdiriləcəkdir", - deyə, qurumdan qeyd edilib.
Bundan başqa, ASC-dən bildirilib ki, payız-qış mövsümünə hazırlıq və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi,suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.
Z.Məmmədli