Azərbaycanın xarici borcunun vəziyyəti necədir?
12:57 24-11-2015
CƏMİYYƏT
Xərclərimizi qazandığımıza müvafiq olaraq həyata keçirtməliyik
Ölkənin Maliyyə Nazirliyinin bu günlərdə açıqladığı son məlumatına əsasən, 2015-ci il oktyabrın 1-nə xarici dövlət borcunun səviyyəsi 6 milyard 730,9 milyon dollar, yəni 7 milyard 054 milyon manat təşkil edir ki, bu da Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə 12,4% deməkdir.
Bu, olduqca qənaətbəxş səviyyədir. Belə ki, bu və ya digər dövlət üçün xarici borc səviyyəsi həmin ölkədə əldə olunan ÜDM-in yalnız, 30%-dən çox hissəsini təşkil etdikdə təhlükəli sayılır. Azərbaycanda isə buna çatmağa hələ çox var. Odur ki, müxtəlif strateji layihələr üzrə zərurət yarandıqda borclanmaya getmək hələ mümkün sayılır.
Bununla belə, diqqətə alınması vacib sayılan bir məqam var. Həmin məqama toxunmadan əvvəl isə qeyd edək ki, birincisi, düzdür, ilin əvvəlində xarici dövlət borcunun səviyyəsi ÜDM-in 8% civarında təşkil edirdi.
Ancaq bu, o demək deyil ki, borc artıb. Sadəcə olaraq, yaranmış situasiya ilə əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən fevral ayında manatın ABŞ dollarına nəzərən 34% dəyərdən salınması tədbiri bir sıra göstəricilərə olduğu kimi xarici dövlət borcunun səviyyəsinin ÜDM-ə olan nisbətinə də təsir etmiş və qeyd etdiyimiz kimi onu 12%-dən yuxarı səviyyəyə yüksəltmişdir.
İkincisi isə, xarici borca xidmət məsələsi üzrə problem yoxdur və gələcəkdə də olmayacaq. O səbəbdən ki, borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58,6%-i 10 ildən 20 ilə qədər, 33,4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. Dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə yaranan borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində aparılan məqsədyönlü iş 2016-cı ildə də davam etdiriləcək ki, kreditlərin əsasən, onu alan təşkilatların məhz öz hesablarına ödənilməsinə nail olmaq üçün tədbirlər görüləcək və bununla yanaşı, dövlət büdcəsindən də dövlət borclarına xidmətlə bağlı xərclərə 1249,7 milyon manat vəsait ayırmaq nəzərdə tutulub. Bu da cari ildəki ilə müqayisədə 61% çoxdur.
Lakin, ölkənin maliyyə naziri Samir Şərifov da qeyd edib ki, vəziyyəti real qiymətləndirmək lazımdır. Belə ki, düzdür, hər bir ölkənin və o cümlədən onun iqtisadiyyatın hər bir sektorunun inkişafı üçün maliyyə resurslarına müvafiq çıxış imkanlarının olması vacib sayılır.
Buna misal olaraq, vaxtilə ölkəmizin bugünkü inkişaf səviyyəsinə gəlib çıxmasını - iqtisadi inkişafını təmin etmiş Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin məhz xaricdən cəlb edilən borc vəsaitləri hesabına tikildiyini xatırlamaq kifayətdir. Sözügedən layihənin reallaşması üçün müəyyən vəsaiti bilavasitə dövlətimiz özü qoysa da, qalanını məhz xarici tərəfdaşlarımız ilə ölkədən kənar banklar təmin etdilər. Başqa sözlə desək, təxminən, 70%-ə yaxın hissə xarici borc hesabına həyata keçirildi.
Bununla belə, maliyyə naziri də qeyd edib ki, xarici dövlət borcunun ifrat dərəcədə artırılması ilə razı deyil. Bu mənada nazir də hesab edir ki, real olaraq bu istiqamətdə bəlkə də bir az "qorxulu siyasət" həyata keçirilməkdədir. Təkrar edirik ki, lazım gəldikdə borc vəsaiti götürülməlidir və buna gedilməlidir.
Ancaq, bu zaman borc vəsaitləri ölkə üçün olduqca əhəmiyyətli və bilavasitə strateji layihələr üçün cəlb edilməli və həmin pullar bunların gerçəkləşdirilməsi üçün sərf edilməlidir. Bununla əlaqədar olaraq da S. Şərifov qeyd edib ki, bəzi dövlət qurumlarının, yəni səhmləri dövlətə məxsus bir sıra qurumların borclanma ilə bağlı fəaliyyətləri heç də ürəkaçan deyil. Maliyyə naziri vurğulayıb ki, bəzi qurumlar dövlət zəmanəti ilə götürdükləri borclara xidmət göstərə bilmirlər.
"Hazırda biz bu borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq. Ona görə, bu bizim növbəti ilin dövlət büdcəsində öz əksini tapıb. Belə ki, bizim dövlət borcuna xidmətlə bağlı xərclərimiz artıb. Bunun bir qismi qeyd etdiyim kimi manatın devalvasiyası nəticəsində, digər qismi isə məhz belə amillərə görə artıb" - deyə, maliyyə naziri qeyd edib.
Yeri gəlmişkən, hökumətin cari ilin 9 ayında ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Prezidentin rəhbərliyi altında keçirilən iclasında İlham Əliyev də qeyd qeyd etdi ki, onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb.
"Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8% təşkil edirdisə, bu gün xarici borc 11-12%-ə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb. 12% də çox gözəl göstəricidir. İnkişaf etmiş ölkələrin bəzilərində bu, 100%-dən çoxdur. Ancaq biz istəyirik ki, xarici borcumuz 10%-i keçməsin",- deyə, dövlət başçısı vurğulayıb.
Prezidentin qeyd etdiyinə uyğun olaraq buna nail olmaq üçün isə, hökumət gələcəkdə öz fəaliyyətini ancaq daxili imkanlar hesabına qurmalıdır. Ona görə ki, xərclərimizi qazandığımıza müvafiq olaraq həyata keçirtməliyik.
Bir daha qeyd edək ki, Azərbaycanın dövlət borcu aşağı və idarəolunan səviyyədədir. Bunu göstərilən müddətə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi də sübut edir. Belə ki, bu, aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9,4 %, valyutalar üzrə isə ABŞ dolları ilə - 66,0 %, avro - 20,3 %, yapon yeni - 2,6 %, İslam dinarı - 0,6 %, BƏƏ dirhəmi - 0,5 %, Səudiyyə rialı - 0.4 %, Küveyt dinarı - 0.2 %.
Yeri gəlmişkən, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar üzrə proqramların dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, o cümlədən yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və sair məqsədlər üçün istifadə edilib. Ancaq müvafiq qurumlar üzrə borclanmaya bundan sonra xüsusən, diqqət yetirmək vacibdir.
Pərviz Heydərov
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18