Oliqarxların Bakıdakı bahalı istirahət mərkəzləri boş qalır
13:16 25-11-2015
CƏMİYYƏT
İmkanlı şəxslər onlardan gen qaçmağa və xaricə üz tutmağa başlayır
Böhran Azərbaycanın restoran biznesinə ciddi təsir göstərib və bu sektorda ciddi geriləmə yaşanmaqdadır. Paytaxt Bakı restoranlarında aparılan araşdırmadan məlum olub ki, keçən ilin eyni dövrü ilə müqayisədə müştəri sayında orta hesabla 30 faizə qədər azalma müşahidə edilir.
Bakının ictimai iaşə sektorunda fəaliyyət göstərən iş adamı Elvin Rəsul "ans press"-ə müsahibəsində restoranlarda müştəri sayının azalmasını əhalinin gəlirlərinin azalması ilə bağlayıb: "Devalvasiyaya baxmayaraq, keçən illə müqayisədə bizim qiymətlərdə heç bir dəyişiklik olmayıb. Amma müştəri sayında əməlli-başlı azalma var. Biz ailəvi restoran xidməti göstəririk. Yəni ailə başçıları öz həyat yoldaşları və övladları ilə istirahət üçün gəlirlər. Müştəri kontingentinin azalması üzrə araşdıma aparmışıq. Məlum olub ki, restorana gəlişi seyrələn ailələrin gəlirləri azalıb. Başçısı iş yerini itirmiş ailələr isə restorana gəlməyi dayandırıblar".
Restoranların azalan müştəri sayı uyğun olaraq restoran işçilərinin sayının da azalmasına səbəb olub. Gəlirləri azalan bəzi restoranlar ümumiyyətlə bağlanır və bütün işçilərini çıxarırlar. Bu böhran nəticəsində işsiz qalanların sayını daha da artırır. İlin əvvəlindən bağlanan 30 min iş yerinin bir hissəsi də məhz restoran sektorunun payına düşür.
Halbuki, tam tərsinə ola bilərdi və dünyanın bir çox ölkələrində olduğu kimi böhran dövründə məhz restoran biznesinin hesabına yeni iş yeri açıla bilərdi. Məsələn, Böyük Britaniyanın Uels əyalətini 2008-ci il böhranından xilas edən sektorlardan biri məhz ictimai-iaşə sahəsi olmuşdu. Ağır maşınqayırma, gəmiçilik və mədənçiliyin güclü olduğu əyalət böhran vaxtı restoran biznesini çiçəkləndirdi. Uels hökuməti buna turizmin genişləndirilməsi hesabına nail oldu. Ucuz otellər və ucuz yeməklər dünyanın hər yerindən turistlərin Uelsin mərkəzi Kardifə axın etməsinə səbəb oldu.
Həmin vaxtlar Kardifdə qiymətlər çox aşağı idi. Məsələn, ailəvi turistlərin qalması üçün nəzərdə tutulmuş xüsusi zonada yerləşən otel şəraitli və hər cür mənzil şəraitinə malik iki otaqlı evin sutkası 30 funta verilirdi. Həmin vaxt London metrosunda 1 gedişin qiyməti 5 funta bərabər idi. Minimum maaşın 1100 funt olduğu bir ölkə üçün bu, həddindən aşağı qiymət idi. Kardif restoranlarında 5-7 funta nahar etmək mümkün idi. Məhz qiymətlərin ucuzluğu dünyanın hər yerindən turistləri Uelsə cəlb edirdi.
Azərbaycanda isə vəziyyət tam tərsinədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəyə gələn turistlər ildən- ilə azalır. Əgər 2008-ci ildə Azərbaycana turist yollayışı ilə gələnlərin sayı 19,2 min təşkil etdiyi halda, 2014-cü ildə bu göstərici 10,6 minə düşüb. Amma bu illər ərzində xaricə gedənlərin sayı iki dəfə artıb. 2008-ci ildə Azərbaycandan xaricə 40,3 min nəfər turist getmişdisə, 2014-cü ildə bu say 81,6 minə qalxıb.
Ölkəyə gələn turistlərin ölkələr üzrə təsnifatı göstərir ki, gələn turistlər Azərbaycan mətbəxi ilə yaxın tanış olan ölkələri təmsil edirlər - 2014-cü ildə gəlmiş 10 min 657 turistin 4 min 192-si rusiyalı, 4 min 174-ü isə türkiyəli olub. Azərbaycana gələn turistlər əsasən kabab və plov kimi ənənəvi yeməklərin dadına baxmağa gəlirlər. Buna görə də turist sayının ildən ilə azalması başqa amillərlə yanaşı restoran biznesindəki vəziyyətlə də bağlıdır. Azərbaycan restoranları əsasən ortadan yuxarı vəziyyətli ailələr üçün xidmət göstərir.
Turizm sektorunda fəaliyyət göstərən iş adamı Ruslan Quliyev turistlərin yollayış əsasında qidalandıqları restoranlarda qiymətin elə də baha olmadığını bildirir. "Xarici turistlərə yollayışdan asılı olaraq iki və ya üç dəfə yemək verilir. Biz restoranlara nahara görə 5-7 manat, axşam yeməyinə görə isə 12-15 manat ödəyirik. Buna görə turistlərin yeməkdən elə bir narazılığı olmur. Ola bilsin ki, turistlər sərbəst şəhərə çıxanda rastlaşdıqları qiymətdən narazı qalırlar",- deyə Ruslan Quliyev bildirib.
Türkiyədəki Quş adası zonasının təcrübəsi göstərir ki, xarici turistlər məhz yollayışdan kənar qiymətlərə fikir verirlər. 1990-cı illərin əvvəlində bu zona xarici turistlər üçün açılan il böyük turist axını yaşandı. İaşə müəssisələri qiyməti qaldırdı, həmin vaxt Antalyada pivənin bokalı 1 dollara verildiyi halda, Quş adasında 5 dollardan satıldı. Ticarət sektoru böyük pullar qazandı. Amma növbəti il turist heç gəlmədi və artıq 20 ildən artıqdır ki, zonayə turist axını bərpa edilmir.
Azərbaycan da bu məqamı nəzərdən qaçırmamalıdır. Böhran illərində bütün ölkələri xilas turist axınını bərpa etmək üçün məsələyə kompleks yanaşılmalıdır. Ucuz otellərlə yanaşı, ucuz milli yeməklər təqdim edən restoran şəbəkələri də yaradılmalıdır. Bu, xarici turistlərlə yanaşı orta və nisbətən aşağı imkanlı təbəqələri müştəri sırasına qata bilər.
"Unikal" olaraq, onu da qeyd edək ki, istər Bakıda, istərsə də ölkənin digər turistik bölgələrindəki bahalı istirahət mərkəzlərinin, restoranlarının əsasən iri məmurlara məxsus olduğunu bilməyən yoxdur. Düzdür, bu bağlılıq rəsmi sənədlərlə təsdiqlənmir, amma yüksək qiymətlərin tüğyan etdiyi belə obyektlərin oliqarxlara yaxın şəxslərin - onların ailə üzvlərinin, qohum-əqrəbalarının və ya onların himayə etdiyi iş adamlarının nəzarətində olduğu bilinən məsələdir.
İndi isə həmin bahalı istirahət mərkəzlərinin, restoranların boş qalmasını bəzi oliqarxların daha bir gəlir qaynağının böhrana tuş gəldiyini, beləliklə, iri məmurların bu sarıdan da ziyana düşməyə başladığını deməyə əsas verir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18