Rusiyanın ölkəmizə qarşı iqtisadi sabotajı
13:22 26-11-2015
CƏMİYYƏT
Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarına qeyri-rəsmi qadağa qoyulub
Son günlər Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının daşınmasında ciddi problemlər yaşandığı barədə məlumatlar yayılmaqdadır. Bildirilir ki, xüsusən də məhsulların Moskva və onun ətraf regionlarına çatdırılması müşkül məsələyə çevrilib.
Məlumata görə noyabrın 20-də Dağıstanın Dərbənd dəmiryol stansiyasında Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları ilə yüklənən vaqonların böyük bir növbəsi yaranıb. Bunun ardınca isə Rostov-Moskva avtomobil yolunda böyük tıxacların olduğu bildirilir. Nəticədə külli miqdarda kənd təsərrüfatı məhsulları yolda qalıb və sahibkarlara xeyli ziyan dəyib.
Azərbaycanlı sahibkarlar Rostov-Moskva avtomobil yolunda Azərbaycan mallarını aparan yük avtomobillərinin sürücülərinə qarşı ciddi təzyiq olunub. Sürücülər döyüldüklərini və avtomobillərinin yandırıldığını desoyiblər.
Burdan da belə bir sual ortalığa çıxır, Azərbaycandan Rusiyaya malların daşınmasında niyə əngəl yaradılır?
Bir sıra ekspertlər isə sərhədlərdə yaranan məhdudiyyətləri sırf siyasi proses hesab edir. İddialara görə, bu, konkret olaraq Rusiya höküməti tərəfindən Azərbaycana qarşı atılan addımlardır. Bilərəkdən Azərbaycanlı sürücülər incidilir, məhsullar dağıdılır və yaxud avtomobilləri yandırılır. Özü də bu hallar Rusiyanın kənd təsərrüfatı məhsullarına daha çox ehtiyacı olduğu bir vaxtda baş verir. Məlum məsələdir ki, Rusiyanın meyvə bazarında Azərbaycanın özünə məxsus xüsusi yeri var və görünür indiki təzyiqlər də təsadüfi deyil.
Sirr deyil ki, Rusiya məmurları özbaşına bu cür intensiv hərəkətlərə yol verə bilməz. Sərhədlərdə baş verən proseslər birbaşa Kremldən verilmiş göstərişdir. Başqa variant ola bilməz.
Azərbaycan məhsullarının Rusiya bazarına daxil olması, bazarda qiymətlərin tənzimlənməsinə dəstək verməsi və digər amillər nöqteyi nəzərindən Rusiyanın özü bu məsələyə maraq göstərməlidir. Aydın görünür ki, bütün bu olaylar Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasətin təcəssümüdür.
Rusiya tərəfi həmişə bü cür hallardan istifadə etməyi düşünür. Çünki, dəfələrlə şahidi olmuşuq ki, sərhədlərdə belə bir problemlər yaşananda Rusiya tərəfi hansısa məsələnin həllində Azərbaycan tərəfindən müəyyən güzəştlərin olmasını tələb edir. İndi yenə də buna bənzər situasiya yaranıb.
Əsas obyektiv səbəblərdən biri də bu yaxınlarda Rusiya hökümətinin yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlərdir. Qanuna görə noyabrın 15-dən çəkisi 12 tondan yuxarı olan yük avtomobillərindən gediş haqqının alınmasını nəzərdə tutan "Platon" sistemi həyata keçirilir. Buna əsasən yük avtomobillərinin sürücüləri keçilən hər bir kilometrə görə əlavə pul ödəməlidirlər. Buna görə rüsumun məbləği 3 rubl 6 qəpikdir (Azərbaycan manatı ilə təxminən 0.05 AZN).
Qanuna riayət etməyən fərdi sahibkar 40 000 rubl (649 AZN – red.), hüquqi şəxs isə 450 000 (7298 AZN – red.)rubl cərimə oluna bilər. Avtomobillərdən yığılan pullar ağır tonnajlı maşınların tras örtüyünə vurduğu ziyanın aradan qaldırılmasına xərcləniləcəyi bildirilir.
Bununla da yeni qaydalar ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb oldu. Hazırda aksiyalar yenə də davam edir. Həmçinin Rusiya mətbuatında Şimali Qafqazdan Rusiyaya yürüş təşkil olunacağı barədə də məlumatlar yayılmaqdadır.
Görünən isə odur ki, Rusiya öz ölkəsində yaranan problemləri hansısa ödənişlərin artırılması yolu ilə həll etməyi düşünür. Və bunlardan biri də federal əhəmiyyətli yollarda ödənişlərin olması ilə bağlıdır.
Digər səbəblərdən biri isə Rusiyanın öz maraqlarından qaynaqlanır və bu da Azərbaycan fermerlərinin Rusiya bazarına çıxışında məhduddiyyətlər yaradır.
Ekspert sərhədlərdə yaranan problemlərin əsasən Azərbaycan iqtisadiyyatına ziyan vurduğunu hesab edir. Azərbaycanla müqayisədə Rusiyanın iqtisadiyyatı çox böyükdür. Burada Azərbaycandan gələn məhsulların çəkisinin gücü o qədər də böyük deyil. Təbii ki, bu olaylarda daha çox Azərbaycan tərəfinə ziyan dəyəcək. Çünki, ölkədə kənd təsərrüfatı məhsulları ilə məşğul olan fermerlərin əsas ixrac bazarı Rusiya bazarıdır. Onlar min bir əziyyətlə məhsul yetişdirir və onu Rusiya bazarında satmağa ümid edir, il ərzində əldə etdiyi gəlirlə planlarını tənzimləyir, iqtisadi durumlarını onun üzərində qurmağa çalışırlar.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən mətbuata verilən açıqlamada Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində problemlər olduğu təkzib edilib. Bildirilib ki, gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18