Yeni ili Azərbaycan otellərində qarşılamaq neçəyədir?
12:01 28-11-2015
CƏMİYYƏT
Neftin ucuzlaşması, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər qiymətlərə təsir etməyib
Azərbaycanın regionlarındakı lüks otellər və turizm obyektləri Yeni il şənlikləri üçün qiymətləri açıqlayıblar. Qiymətlərlə ilkin tanışlıq göstərir ki, son vaxtlar tez-tez səslənən neftin ucuzlaşması, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər Yeni il şənliklərinə qətiyyən təsir etməyib. Belə ki, 2016-cı ili qarşılamaq qiymətləri əvvəlki kimi çox yüksəkdir.
Amma maraqlıdır ki, bu qiymətlər sifarişçiləri qorxutmayıb - bəzi otellərdə Yeni il şənliklərinə biletlər artıq satılıb qurtarıb. Qeyd edək ki, bu il Yeni il şənliyi təşkil olunan otellər daha çox Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən otellərdir.
virtualaz.org xəbər verir ki, Qəbələ Azərbaycanın ən çox otel olan bölgəsi olsa da burada Yeni il şənliyi üçün yer tapmaq çətin olacaq. Belə ki, rayondakı "Qafqaz Riverside Hotel", "Qafqaz Tufandağ", "Qafqaz Sport Hotel", "Qafqaz Resort"da Yeni il şənliyi üçün yerlər tamamilə tutulub.
Məlumat üçün deyək ki, həmin otellərdə iki nəfər üçün minimum iki gecə qalmaqla səhər yeməyi və Yeni il şənliyi daxil olmaqla qiymətlər 420-480 manat arasında idi.
Qəbələdə hələ də rezerv etdirə biləcəyiniz Yeni il şənliyi olan yalnız bir otel qalıb. Bu, "Qafqaz Karvansaray Hotel"idir. Bu oteldə də eyni şərtlərlə iki nəfər üçün qiymət 410 manatdır.
Yeni il günləri Qəbələdə daha iki oteldə qalmaq olar, lakin orada Yeni il şənliyi təşkil olunmayacaq. Bunlar "Qafqaz Yeddi Gözəl" və "Qafqaz Termal Hotel and Spa"dır.
Bu otellərdə bir adamın səhər yeməyi daxil olmaqla bir gecəlik qalmağı üçün qiymətlər 70 və 80 manatdır.
Qış turizmi üçün ölkədaxili məşhur məkanlardan biri də Qusarda, Şahdağda yerləşən otellərdir.
Burada istirahət edə biləcəyiniz 4 otel var. Amma bu otellərin birində - məşhur "Şahdağ"da yerlər artıq tutulub. Qeyd edək ki, bu oteldə Yeni ili qarşılamaq müştərilərə 940 manata başa gələcək. Bura dekabrın 30-dan yanvarın 4-dək "Şahdağ"da gecələmək, gündə iki dəfə yemək və Yeni il gecəsi qala-şam yeməyi daxildir.
Doğrudur, həmin müddət ərzində oteldə gündə iki dəfə yemək daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 240 manatdır. Amma bir şərtlə ki, 31 dekabr gününü oteldə olmayasınız. Üstəlik bura Yeni il gecəsində təşkil olunan qala-şam yeməyi də aid deyil. Qısası, bütün bu şərtləri nəzərə alsaq, oteldə boş yerlərin qalmamasına təəssüflənməyinə dəyməz.
Eyni bölgədə yerləşən "Zirvə Hoteli"ndə dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 190 manatdır.
Bu paketə dekabrın 31-i daxil deyil, yəni həmin gün böyük qala-yeməyində və Yeni il şənliyində iştirak edə bilməzsiniz. Ayrıca Yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 340 manatdır, lakin bir günlük paket almaq otel tərəfindən qadağan olunub.
Nəticədə Yeni ili oteldə keçirmək istəyənlər 3 gecəlik istirahət paketi almalıdırlar. Bütün bunları nəzərdə tutan tam paketin qiyməti 720 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.
Qusarın digər məşhur otellərinin birində - "Pik Palace"də istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz.
Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. İstirahətinizi Yeni il ərəfəsinə salsanız, Yeni il şənliyində də iştirak etmək üçün Yeni il paketini almalısınız. Paketin qiyməti bir nəfər üçün 370 manatdır. Qeyd olunan 282 manat balkonsuz otaqlar tutulduğundan siz gecəsi 302 manat olan balkonlu oraqları götürə bilərsiniz. Ümumi hesablasaq, hazırda burada ən aşağı qiymət 3 gecə qalmaqla və Yeni il şənliyi ilə birlikdə iki nəfər üçün 1586 manatdır. Şənliyə Tünzalə Ağayevanın solo-konserti, "Jazzberry" musiqi qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışlar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasiya Feldmanın çıxışları daxildir.
Qusarda yerləşən "Park Chalet" sırf dağ oteli stilində tikilmiş isitrahət mərkəzidir.
İsti tonlarda dizayn edilmiş taxta otaqlar bu oteli eyni regionda yerləşən digərlər otellərdən fərqləndirir.
Burada iki nəfərlik otaqlar 250 manatdan başlayır, burada da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Səhər yeməyi də daxildir. Yeni il şənliyində iştirak etmək üçün əlavə olaraq 170 manat ödəməlisiniz.
Gecədə DJ-lər, müğənni Diana çıxış edəcəklər. Qeyd edək ki, 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidirlər. Otellə razılaşdırılmış şəkildə burada da 3 gecə qalmaq mümkündür, ümumi hesablasaq, Yeni il şənliyi ilə birlikdə paket 1090 manata başa gəlir.
Şimal bölgəsinin digər dəbdəbəli oteli "Quba Rixos" hazırda sosial şəbəkələrdə Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyası keçirir.
Otel elan edib ki, dekabrın 1-dək olan alışlarda 20% endirim olacaq. Ayın 1-dən sonra isə qiymətlər artacaq. Bütün məsələləri - həm oteldə gecələmə, həm qidalanma, həm də Yeni il şənliyini nəzərə alanda 2 nəfər üçün minimum 3 gecəlik Yeni il paketinin qiyməti 1359 manatdır. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.
"Samaxi Palace Sharadil"də Yeni il üçün minimum 2 gecəlik yer rezerv etdirməlisiniz.
Bu oteldə qalacağınız günlərin sayı artarsa, otaqların qiyməti düşür. Məsələn, bir gecəlik qiymət 368 manatdırsa, 3 gecə qalarsa, gecəsinə 270 manat, 4 gecə qalarsa - 240 manat, 5 gecəyə isə 210 manat hesablanıb. Səhər və axşam yeməyi daxil, həmçinin Yeni il şənliyi daxil olmaqla iki nəfər üçün iki gecəlik ümumi qiymət 1096 manata başa gələcək.
Yuxarıdakı qiymətləri görüb ruhdan düşənlər Yeni ili Şəkidə qarşılaya bilərlər. Turizm.az şirkəti bildirir ki, müştəriləri üçün Şəkidə yerləşən "Hotel Servis"də nəqliyyat, ekskursiyalar, tam qidalanma və yeni şənliyi daxil olmaqla 3 günlük tur təşkil olunub. Turun qiyməti bir nəfər üçün 155 manatdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18