Oliqarxların Bakı sakinlərinə inanılmaz kələyi
14:07 18-12-2015
İQTİSADİYYAT
Paytaxtın məşhur mağazaların nəyə arxalanıb müştəriləri aldadırlar?
Söndövrlər əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, xüsusən də yeni il bayramının yaxınlaşması mağazaların pəncərələrində endirim yazılarının çoxalmasına səbəb olub. Lakin bu endirimlər mövsüm sonunda tətbiq edilən endirimlər kimi heç də reallığı əks etdirmir.Alıcılar mağazanın üzərində "bütün mallara 70, 50% endirim" yazılarını görüb həmin ictimai iaşə obyektlərinə daxil olduqda isə ya bu endirimlərin yalan olduğunu, ya da ki, endirimlərin bütün məhsullara aid olmadığı ilə qarşılaşırlar.
Bu da öz növbəsində alıcıların narazılığına səbəb olur. Belə narazı alıcılardan biri şəhər sakini Aqil Əhmədlidir. Onun sözlərinə görə, özünə geyim əşyaları almaq üçün şəhərdəki, şüşələrində endirim yazıları olan geyim mağazalarının bəzilərinə baş çəkib: "Kişi kostyumları satılan mağazalardan birinin qarşısından keçərkən gördüm ki, pəncərəyə "Kişi kostyumlarına 50% endirim" yazılıb. Mən də dərhal sevincli şəkildə həmin ictimai iaşə obyektinə daxil oldum və endirimlərin heç də yazıldığı kimi olmadığını gördüm.Satıcıdan endirimin hansı məhsullara tətbiq edildiyini soruşduğumda bildirdi ki, mağazada şalvarı əvvəlcədən satılmış 4 pencək qalıb, endirim sadəcə həmin pencəklərədir.Həmin pencək isə əvvəl 299 manat olub, hazırda isə 215 manatdır.Mən də soruşdum ki, axı bu mallarda belə 50% endirim yoxdur. Satıcı isə xoşu gələn alsın, gəlməyənə zorla satmırıq deyə cavab verdi"
Digər şəhər sakini Kəmalə Əsgərova isə uşaq paltarları mağazalarında edilən yalançı endirimlərdən şikayətlənir. Deyir ki, o, mütəmadi olaraq övladları üçün eyni mağazadan paltar alır: "Keçən ay bu mağazada uşaqlarım üçün bəyəndiyim paltarları almağa maddi imkanım çatmadı. Dünən həmin ictimai iaşə obyektinin qarşısından keçərkən 50% endirim yazısını görüb sevindim və mağazaya getdim.Orada gördüyüm qiymətlər məni şoka saldı. Ötən ay burada qızım üçün bəyəndiyim 22 manatlıq gödəkcə hazırda 50% endirimlə 27.3 manata təklif edilir. Oğlum üçün almaq istədiyim və ötən ay 84 manata gözümə kəsdirdiyim gödəkcə isə indi endirimlə mənə 87.2 manata təklif edildi".
Kəmalə xanımın həmin mağazadakı keçən və bu ay olan endirimlərin bizə təqdim etdiyi müqayisəli cədvəl isə aşağıdakı kimidir:
Qiymətləri müqayisə edəndə görürük ki, sadəcə şalvar və köynəkdə 0.5 manat endirim var. Qalan məhsullarda isə endirim tətbiq edildiyi halda qiymətlərdə artım müşahidə edilir.
İqtisadçılar isə bu endirimlərin olduğu bir çox mağazalarda müştərilərin aldadıldığını deyirlər. İqtisadçı Zahid Məmmədov deyir ki, bu gün paytaxtda və regionlarda tətbiq edilən endirimlərin böyük bir qismi saxtadır: "Hər kəsə məlumdur ki, ölkəmizə istənilən bir məhsulu gətirən sahibkar onun üzərinə ən azı 20 misli qədər pul qoyaraq satır. Eyni zamanda mağazalar saxta endirimlər tətbiq etməklə müştəriləri cəlb etməyə çalışırlar.Bu, istehlakçıların hüquqlarının pozulması halıdır.Mağazalar əgər müəyyən bir qisim mallara endirim tətbiq edirsə, həmin reklam afişalarının üzərinə "bir qisim" sözü yazılmalıdır.Əks halda alıcılar endirimin hansı məhsullara tətbiq edildiyini bilmədikləri üçün aldadılırlar".
İqtisadçı qonşu Türkiyəni misal gətirərək bildirdi ki, həmin ölkədə məhsullara endirim edən mağaza sahibləri endirim edilən məhsulun üzərinə əvvəlki qiyməti və endirimli qiyməti yazırlar: "Alan da əvvəlki qiymət və hazırki qiyməti müqayisə edir və ona sərf elədiyi halda həmin məhsulu alır. Digər bir məsələ isə odur ki, məsələn Amerika Birləşmiş Ştatlarında (ABŞ) "qara cümə" adlı gündə iri ticarət mərkəzləri malları 50, hətta, 80% endirimlə satır. Bizdə isə bu mümkün olmur.Çünki bizim sahibkarlar düşünürlər ki, bu gün qazanım, sabaha olmasa da olar.Ancaq düşünmürlər ki, endirim tətbiq etdiklərində daha çox qazana və müştəri cəlb edə bilərlər.Təəssüf ki, bizim sahibkarlarda hələ endirim şüuru o qədər də formalaşmayıb".
Bu faktlarla bağlı vaxtaşırı məlumatlar daxil olduğunu təsdiq edən İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, alıcılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və 012-498-15-01 və 012-498-15-04 şəhər nömrələrinə müraciət etsinlər.
Nazirlik sakinlərə endirim tətbiq edilən mağazalara girməzdən əvvəl insanların bir sıra hallara diqqət yetirməli olduqlarını bildirir. Həmin hallar aşağıdakılardır:
1. Endirim tətbiq edilən malların əhatə dairəsinin dəqiq göstərilib-göstərilmədiyinə;
2. Tətbiq edilən endirim faizlərinin (...%-dən ...%-dək və s.) göstərilib- göstərilmədiyinə;
3. Malların üzərindəki endirimdən əvvəlki və sonrakı qiymətlərin olub-olmamasına;
4. Tətbiq edilən endirimin yayımlanan reklama uyğunluğuna və s.
Azərbaycanda isə bütün bu proseslərin baş verməsinə səbəb "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda olan boşluqlardır.Vətəndaşların aldadılmasının qarşısını almaq üçün Rusiyada və bir sıra Avropa ölkələrində olduğu kimi, "Saxta endirimlər haqqında qanun" lahiyəsi qəbul edilməlidir. Belə ki, əgər istehlakçı birinci dəfə aldadılarsa həmin mağazaya müəyyən məbləğdə cərimə tətbiq edilsə, bu hal ikinci dəfə təkrarlanarsa daha böyük miqdarda cərimə tətbiq edilsə, üçüncü dəfəsində isə həmin sahibkarın fəaliyyətinə xitam verilsə və həmin sahibkar haqqında cinayət işi açılsa həmin sahibkar növbəti dəfə belə bir addım atmaz. Yalnız bu yolla alıcıların aldadılmasının qarşısını almaq olar.
2012-ci ildə Rusiyada "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun lahiyəsi qəbul edilib.Həmin qanuna əsasən endirimlərlə bağlı aldadıcı reklamlar yayan şəxslərə qarşı ciddi cəza tədbirləri nəzərdə tutulub. Həmin hallar təkrarlandığı halda isə sahibkarların həbsi belə nəzərdə tutulur.
Bizdə bu cür qanunsuzluqların baş alıb getməsində vacib bir məqam yaddan çıxarılmamalıdır. Məsələ burasındadır ki, Bakının "bərkgedən" mağazalarının əksəriyyətinin sahibi ya vəzifəli şəxslər, ya da onların himayə etdikləri iş adamlarıdır. Elə ona görə də hər hansı mağaza və ya butik sahibi özlərini "arxalı" hesab edərək istər qanunvericiliyin tələblərini, istərsə də müvafiq dövlət qurumlarının qanuni istəklərini asanlıqla gözardı edə bilirlər.
Bir sözlə, vətəndaşların aldadılmasında məmurların da birbaşa və dolayı iştirakı danılmazdır. Odur ki, bu cür hallara qarşı mübarizə aparılarkən hansısa yüksək çinli şəxslərin iradəsinin qanuna tabe etdirilməyə çalışılması zəruridir. Əks halda barəsində danışılan özbaşınalıqlar davam edəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52