Azərbaycanda manat görünməmiş dərəcədə ucuzlaşdı
13:17 22-12-2015
İQTİSADİYYAT
Dollar və avro mili valyutamıza qarşı kəskin bahalaşdı, əhali şokda!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub. Bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.
Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.
Mərkəzi Bankdan "üzən məzənnə" açıqlaması
"Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır. Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalmışdır". Bu, AMB-nin "üzən məzənnə" siyasətinə keçməsi ilə bağlı dünənki bəyanatındandır.
Bəyanatda daha sonra deyilir: "Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu. Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir. Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir".
"Manatı daha çətin günlər gözləyir"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az saytına deyib ki, Mərkəzi Bank bu qərarı çoxdan verməli idi: "Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək".
Deputat "Manat hansı həddə qədər ucuzlaşa bilər" sualına "bunu heç kim söyləyə bilməz" cavabını verib: "Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər".
Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini deyib.
"1 dollar 3-5 manat
ola bilər "
Azərbaycanın üzən məzənnəyə keçməsi dünya valyuta bazarında gedən proseslərdən irəli gələn məcburi tədbirdir. Bizim indi gördüyümüz - bu, manatın real məzənnəsidir. Bu barədə Trend-ə ekspert Oqtay Haqverdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) hazırkı addımını manatın real qiymətinə tərəf hərəkətin başlaması kimi qiymətləndirmək olar. "Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində də axarlı şəkildə davam edəcək. Mənim ekspert qiymətləndirmələrimə görə, dolların real məzənnəsi 3 manatdan 5 manatadək təşkil edə bilər", - deyə, Haqverdiyev bildirib.
Ekspert AMB-nin bu addımını məcburi adlandırıb. "Əgər dünya valyuta bazarında baş verən proseslər olmasa idi, heç nəyi dəyişmək lazım gəlməzdi. Lakin Azərbaycan xarici ticarətini dollarla apardığı üçün bu addım məcburi şəkildə atılıb", - Haqverdiyev bildirib.
Onun sözlərinə görə, üzən məzənnəyə keçidin məqsədi AMB-nin ehtiyatlarının bərpası deyil. "Ehtiyatlar onun üçün yaradılır ki, belə fors-major hallarda vəziyyətdən çıxmağa imkan versin. Lakin iqtisadi elm baxımından istənilən milli valyuta buraxılmalıdır. Onun real qiymətini valyuta bazarında tələb və təklif prinsipi müəyyənləşdirməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir", - deyə, ekspert bildirib.
Haqverdiyevin sözlərinə görə, indi Azərbaycanın qarşısında dayanan 1-ci dərəcəli vəzifə qeyri-neft sektorunun inkişafıdır. "İxracımızın 93%-dən çoxunu neft və neft məhsulları təşkil edir. Müasir elmtutumlu istehsalat sahələrini inkişaf etdirmək, nanotexnologiyaları mənimsəmək lazımdır. Elə məhsul seçmək və istehsal etmək lazımdır ki, o, dünya bazarında yerini tutsun və rəqabətqabiliyyətli olsun", - deyə, o, qeyd edib.
"Bu növbəti
devalvasiyadır,
sadəcə, adını üzən
məzənnə qoydular"
İqtisadçı Natiq Cəfərli də manatın növbəti devalvasiyası barədə şərh verib. O, bunun gözlənilən olduğunu deyib: "Azərbaycan iqtisadi sistemi o qədər primitiv idi ki, neftin ucuzlaşmasına dözə bilmirdi. Hökumət llərdir çoxşaxəli sistemə keçə bilmədi. Bu illər ərzində qeyri-neft sektorunun dominantlığı artmalı idi. Amma olmadı, nəticə olaraq manatın vəziyyəti getdikcə çətinləşdi. Ölkənin tədiyyə balansında gəlirlər azaldı".
N. Cfərlinin sözlərinə görə, ekspertlər də bildirirdilər ki, Azərbaycan iqtisadiyyatı kəskin addımlara hazır deyil: "Birdən-birə manatın 50 faizə qədər devalvasiyaya getməsi ölkə iqtisadiyyatını tamamilə çökdürəcək. İnsanların götürdükləri kreditlərin qaytarılması müşkülə çevriləcək. Devalvasiyadan sonra dollarla kreditlərin ödənilməsi onsuz da dayandırılmışdı. Bu addımdan sonra bankların böyük əksəriyyəti ayaqda dura bilməyəcək. Bir çox bankın bağlanması, onların bankrot elan olunması və demək olar ki, panik havası yaşanacaq".
Ekspert bildirib ki, insanların kreditlərini geri ödəyə bilməməsi o qədər kütləviləşəcək ki, hökumət borcları silməyə məcbur olacaq: "Krediti geri ödəyə bilməyən on minlərlə insanı məhkəmə qərarları ilə zindanlara doldurmaq olmaz. Dünyanın heç bir yerində belə hal yoxdur. On minlərlə insanı çıxarıb küçələrə atmaq olmaz ki, borcunu qaytar. Bu mümkünsüz görünür. Ona görə də bu kütləvi xarakter alacağından, hökumət məcbur olub bir çox borcları siləcək. Çünki bir çoxlu artıq ölü borca çevrilib. O borcların silinməsi isə bankları çökdürəcək. Nəzərə alaq ki, xarici mənbələrdən kredit cəlb edərkən banklar öz balanslarında alacaqlarını da göstərirdilər. İndi o da mümkünsüz olacaq".
İqtisadçı qeyd edib ki, növbəti devalvasiya iqtisadiyyatda zəlzələ effekti yaradacaq: "Nəzərə almaq lazımdır ki, Azərbaycanın beynəlxalq reytinqi də aşağı düşüb. Azərbaycan bankları xaricdən ucuz faizlə kredit cəlb etməyəcəklər. Bu Azərbaycan iqtisadiyyatında silsilə zəlzələ effekti yaradacaq. Birinci devalvasiyadan sonra iqtisadiyyat onsuz da çökməyə doğru gedirdi. Ticarət, daşınmaz əmlak bazarı, avtomobil bazarı, pərakəndə ticarət xeyli aşağı düşmüşdü. Vizual olaraq da görürdük ki, şəhərdə yüzlərlə obyekt bağlanıb. Ölkənin regionlarında da bunlar müşahidə edilirdi. İndi məcburi bahalaşma ilə əlaqədar ticarət dövriyyəsində, elektrotexnika bazarında, daşınmaz əmlak bazarında durğunluq yaranacaq. Çünki hər sahədə olduğu kimi, burada da xaricdən çox asılıyıq. Azərbaycanda yaranan miflərə əsasən ərzaq məhsullarının 55 faizdən yuxarısı yerli istehsaldır, məzənnənin heç bir təsiri olmayacaq. Bu kökündən səhv yanaşmadır. Çünki yerli istehsal olan məhsulların xammalı belə xaricdən gətirilir. Yeli istehsal olan çayın 90 faizi idxal edilir, burada qablaşdırılır. Süd məhsullarının istehsalı üçün xammal xaricdən gətirilir, burada qablaşdırılır. Onsuz da qiymətlər bahalaşmışdı. Bundan sonra məhsullar 25-30 faiz də bahalaşacaq. Ağır olan iqtisadi durumu daha da ağırlaşdıracaq və çox ciddi sosial gərginliyə gətirib çıxaracaq. Hökumət heç olmasa bu yolu addım-addım getsə idi, islahatlar apararaq iqtisadiyyatın qarşısını açsa idi, anlaşılan olardı. Amma belə kəskin və bir gecənin içərisində sovetdən qalma qərarların verilməsi onu göstərir ki, Azərbaycan hökuməti indiki böhranlı vəziyyəti idarə edə bilmir. Bu kəskin devalvasiyadır, sadəcə, mədəni termin taparaq adını üzən məzənnə qoydular. Əslində bu barədə dəfələrlə çıxış da etdik. Azərbaycanda üzən məzənnəyə keçmək üçün şərait yoxdur. Üzən məzənnəyə keçmək üçün azad bazar iqtisadiyyatının, rəqabətli mühitin, valyuta birjasının, qiymətli kağızlar bazarının olması və digər şərtlər vacibdir. Bizdə isə bütün bunlar yoxdur".
Onu da deyək ki, bu qədər kəskin devalvasiya cəmiyyətdə şok effekti yaradıb. Minlərlə sosial şəbəkə istifadəçisi dünən gün boyu AMB-nin qərarından kəskin narazılığını ifadə edib.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52