Ölkəboyu süni bahalaşma tüğyan edir
08:01 25-12-2015
İQTİSADİYYAT
Çörəyin və digər ərzaq məhsullarının bahalaşması müşahidə olunur: cəza tədbirləri qaçılmaz olacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə dekabrın 21-də manatın devalvasiyaya uğramasından sonra ölkə ərazisində un və un məmulatlarının, o cümlədən çörəyin qiymətində artım müşahidə olunur.
Mətbuatın apardığı araşdırma göstərir ki, mağazalarda "zavod çörəyi" kimi tanınan un məmulatı istehlakçılara müxtəlif qiymətlərə və ən əsası müxtəlif çəkiylə təklif olunur. Məsələn, "Can" çörək istehsalı müəssisəsində istehsal olunan çörək istehlakçılara 33 qəpiyə təklif edilir, lakin çörəyin çəkisi 420 qramdır. "Xəzər" çörək zavodunun istehsalı olan çörək paytaxtın iri mağazalarından birində alıcılara 39 qəpiyə satılır. Həmin çörəyin çəkisi isə 534 qramdır.
Xatırladaq ki, Azərbaycanda qüvvədə olan dövlətlərarası standartın tələblərinə əsasən bu cür çörəyin çəkisi 500 qramdan aşağı olmamalıdır.
Bazardakı tendensiya onu göstərir ki, qiyməti artırmayan çörəyin çəkisini azaldır, çəkini stabil saxlayan isə qiyməti artırır. Məlumat üçün qeyd edək ki, istehsalçı tərəfindən mağazalara çatdırılan çörəyin qiymətinin üzərinə 3-4 qəpik əlavə olunur.
"Sərham" MMC-nin (Bakıxanov çörək zavodu) direktoru Sərvər Məmmədov "APA-Economics"ə bildirib ki, unun qiymətinin artması çörəyin bahalaşmasını zəruri edir: "Hazırda unun bir kisəsinin qiyməti 25-26 manat təşkil edir, əvvəllər isə 18 manat idi. Bu çörəyin qiymətinə də təsir edəcək. Ola bilər ki, biz çörəyin qiymətinin artırılmasını deyil, çəkisini azaltmağı seçək".
İri un istehsalçıları deyir ki, devalvasiyaya qədər kisəsi 18-18,50 manata olan unun kisəsi hazırda 25-27 manata satılır. Ölkənin ən böyük un istehsalçılarından biri olan "Karat Holding"in baş direktoru Taleh Qasımov mövzuyla bağlı bildirib ki, manatın devalvasiyası unun qiymətindəki artımı qaçılmaz edib: "Biz unu istehsal etmək üçün buğdanı tamamilə xaricdən gətiririk və dollarla alırıq. Bu səbəbdən məhsulumuzun qiyməti avtomatik olaraq qalxır. Bu, qaçılmazdır və digər idxalçı şirkətlərdə də baş verəcək. Bunun qarşısını almaq mümkün deyil. Buğda Rusiyadan, Qazaxıstandan idxal edilir. Unun istehsalı bu gün bizə 47% daha baha başa gəlir. Əgər əvvəl bu bizə 18 manata başa gəlirdisə, biz 18 manata satırdıq. Bu gün isə 25 manata başa gəlirsə, biz onu da 25 manata satırıq. Biz marja, qazanc güdmürük. Bu ilin fevral ayından heç bir qazanc əldə etmirik".
T. Qasımov əlavə edib ki, bundan sonra unun qiyməti artmayacaq.
Gəncə şəhərində fəaliyyət göstərən "Neon" un istehsalı şirkətinin rəhbəri Arif Həsənov da unun qiymətinin artdığını təsdiqləyib: "Devalvasiyadan əvvəl unun bir kisəsinin qiyməti 18,50 manat idisə, hazırda 26,20 manat təşkil edir. Buna səbəb dolların bahalaşmasıdır. Gələcəkdə dollar bahalaşarsa, unun qiymətində də artım olacaq. Çünki, şirkət buğdanı xaricdən dollarla alır".
Bununla belə "Unikal" qəzeti xatırladır ki, baş verənlərdən fürsət kimi yararlanaraq həm çörəyin, həm də digər ərzaq məhsullarının qiymətini süni şəkildə qaldıranlar da az deyil. Hətta elə mağazalar var ki, gün ərzində çörək 50 qəpiyə təklif olunub. Bu isə artıq təbii qiymət artımı həddini də aşmaq deməkdir. Bu kimi hallara qarşı isə mübarizə tədbirlərinin gücləndiriləcəyi şübhəsizdir. Ölkə prezidenti İlham Əliyevin mövzuyla bağlı fikirləri bu baxımdan aktualdır: "Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görüləcək, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə etməsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbirlər görüləcək və bu vəziyyətdən sui-istifadə etmək istəyənlər peşman olacaqlar".
Bu fikirləri Prezident İlham Əliyev ötən gün idman yekunlarına həsr olunan mərasimdə söyləyib. O həmçinin söyləyib ki, cəzalandırmalarla yanaşı, ölkədəki biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində lazımlı addımlar atılacaq: "Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Artıq mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52