"2016-ci ildə ölkə iqtisadiyyatını böyük sınaq gözləyir, inanıram ki, biz bu sınaqdan uğurla keçəcəyik"
18:03 28-12-2015
İQTİSADİYYAT
Muxtar Babayev: "Azərbaycan elə iqtisadi və idarəetmə sistemi yaratmalıdır ki, qarşıdakı illərdə ölkəmiz neftin qiymətindən o qədər də asılı olmasın"
Milli Məclisin deputatı Muxtar Babayevin unikal.org saytına müsahibəsini təqdim edirik:
- Muxtar müəllim, bildiyiniz kimi, artıq neçə müddətdir ki, dünyada iqtisadi böhran başlayıb. Neftin qiymətinin aşağı düşməsi fonunda bu proses Azərbaycana da təsir etməkdədir. Ümumiyyətlə, hazırda Azərbaycandakı iqtisadi durumu necə qiymətləndirirsiniz?
- Qanlı toqquşmalar, müharibələr, iqtisadi sıxıntılar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması - yola saldığımız 2015-ci ilin gözlərimiz önündə canlanan mənzərəsi bundan ibarətdir. Çox təəssüf ki, bütün bunlar bizim ətrafımızda baş verir və istər-istəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Digər tərəfdən, unutmaq olmaz ki, Azərbaycan neft ölkəsidir və dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması bizim kimi ölkələrə təsirsiz ötüşməyə bilməz. Bildiyiniz kimi, bu ilin əvvəllərindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu, eyni zamanda müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin 3 dəfə azalması deməkdir. 2016-ci ildə ölkə iqtisadiyyatını böyük sınaq gözləyir, inanıram ki, biz bu sınaqdan uğurla keçəcəyik, iqtisadiyyatımız daha səmərəli, daha çevik olacaq, yeni iqtisadi modellər və instrumentlər işlənilib tətbiq olunacaq, iqtisadiyyatda liberallaşma davam etdiriləcək. Bu çətinlikləri uğurla keçəndən sonra olkəmiz daha güclü, daha müasir və qüdrətli iqtisadiyyata sahib olacaq. Əminəm ki, mövcud iqtisadi potensial və bu potensiala səmərəli yanaşma nəticəsində Azərbaycan dinamik inkişaf edəcək.
- Son günlər manatın növbəti devalvasiyası ölkədə qiymət artımına səbəb oldu. Bu addım qaçılmaz idimi? Sizcə, Azərbaycan bu təlatümlü vəziyyətdən necə çıxacaq?
- Valyuta bazarına və məzənnəyə təsir edən amil təkcə neftin sürətlə ucuzlaşması deyil. Hazırda qonşu ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, iqtisadi qüdrətindən və potensialından asılı olmayaraq ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. Bu ölkələrin milli valyutaları sərbəst buraxıldığından bizim onlarla iqtisadi və ticarət əlaqələrimizdə problemlər yaranırdı. Belə bir vəziyyətdə manatın məzənnəsinin sərbəstləşdirilməsi qaçılmaz idi. Lakin o da bəllidir ki, "üzən məzənnə"yə keçid də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə təsirsiz ötüşmür. Ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətindəyik. Bununla belə hakimiyyət bu prosesi öz axarına buraxmayacaq və mütləq tənzimləyici mexanizmlərdən istifadə edəcəkdir. Çalışmaq lazımdır ki, ilk növbədə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu proses maksimum ağrısız keçsin. İnanıram ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin azad iqtisadi mühitin formalaşdırılması, sahibkarlara daha geniş fəaliyyət meydanının verilməsi yönündəki qətiyyətli addımları da bunu deməyə əsas verir.
- Rəhbəri olduğunuz "Azərikimya" İstehsalat Birliyi zaman-zaman fəaliyyətində və strukturunda yenilik edir. Birliyin tərkibində fəaliyyət gostərən müəssisələrin müasirləşməsi, yeni istehsalat sahələri ilə bağlı hansı islahatlar aparılır, bundan sonra yeniliklərin həyata keçirilməsi nəzərdə tutulurmu?
- Bəli, bu gün «Azərikimya» İstehsalat Birliyi ölkə başçısının diqqət və qayğısı sayəsində neftçilər ailəsinin tərkibində özünün yeni inkişaf mərhələsini yaşayır. Olkə başçısının müvafiq Sərəncamı əsasında "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdu. Ötən beş il ərzində SOCAR-ın dəstəyi ilə həyata keçirilən texniki bazasının gücləndirilməsi, yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması və s. tədbirlər «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımından yeni bir canlanmaya və yüksəlişə səbəb olmuşdur. Bu işlər növbəti illərdə də davam etdiriləcəkdir.
- Bir müddət öncə Sumqayıtda Prezident İlham Əliyevin də iştirakı ilə bir sıra müəssisələrin açılışı oldu. Ölkə başçısının bu sahəyə diqqət və qayğısı kimya sənayesinin inkişafına hansı töhfəni verir?
- Sizin də qeyd etdiyiniz kimi, bir müddət bundan öncə - oktyabr ayının 25-də möhtərəm Prezidentimiz İlham Əliyev Sumqayıta səfər etmiş və səfər çərçivəsində "SOCAR Polymer" layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. "SOCAR Polymer" layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihədir. Polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur. Hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək qurğular 2018-ci ildə istismara veriləcək.
Həmin gün dövlət başçısı eyni zamanda "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda iki yeni qurğunun işə salınması mərasimində iştirak etmişdir. Çox önəmli haldır ki, hər iki qurğunun layihəsi "Azərikimya" İB-nin Xüsusi konstruktor bürosu tərəfindən hazırlanmış və tikintisi Birliyin tikinti-quraşdırma qüvvələri tərəfindən həyata keçirilmişdir. Ümumiyyətlə, 2015-2019-cu illər ərzində Etilen-Polietilen zavodunun mövcud istehsalatlarının modernləşməsi və yeni qurğuların istismara verilməsi nəzərdə tutulur.
Digər boyük bir layihə Karbamid zavodunun tikintisidir, kənd təsərrüfatı üçün çox önəmli olan azot gübrəsi - karbamid istehsal olunacaq, bu zavodun istismara verilməsi 2017-ci ildə nəzərdə tutulub. Bu layihə ilə respublikamızda kənd təsərrüfatının inkişafına əlavə təkan veriləcək, ərzaq təhlükəsizilyi baxımında yeni bir mərhələyə qədəm qoyulacaqdır.
- Son bir neçə ildə SOCAR, eləcə də "Azərikimya" İstehsalat Birliyində ixtisarlar oldu və xeyli sayda insan işsiz qaldı. Necə düşünürsünüz, Sizcə, ixtisara düşənlərlə bağlı hansı tədbirlər həyata keçirmək olar?
- 2012-ci ildən etibarən beynəlxalq audit şirkətlərinin tövsiyəsi və iki pilləli idarəetmə sistemindən bir pilləli sistemə keçid ilə əlaqədar olaraq SOCAR-ın bütün idarə və müəssisələrində olduğu kimi, "Azərikimya" İB-də də struktur dəyişiklikləri aparılmağa başlanılmışdır. Struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin yerləşdirilməsi zamanı ilk növbədə Əmək Məcəlləsinin müvafiq tələbləri gözlənilir. Bu, çox vaxt tələb edən, mürəkkəb və ağır prosesdir. Birliyin müvafiq qurumları bu prosesin maksimum yumşaldılması, müxtəlif kateqoriya işçilərə fərdi yanaşması, peşə biliklərinin ədalətli və şəffaf formada dəyərləndirilməsı, digər yerlərdə iş yerinin təklif olunması, kompensasiyaların verilməsi, perspektivləri olan işçilərin Təlim Tədris mərkəzlərində oxudulması, yeni peşələrə yiyələnməsi və digər üsullardan istifadə edilir. Tədris proqramlarını uğurla keçən işçilər işlərini davam etdirirlər, burada sağlam rəqabət prinsipi tətbiq olunub. Neft-kimya istehsalatları çox mürəkkəb və texniki təhlükəli emal proseslərindən ibarətdir, yüksək bilik və səriştə tələb edir, işçilərin peşəkarlığı mütəmadi yoxlanılmalıdır. Bunun üçün SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən müvafiq test və müsahibə proqramları işlənilib istifadə olunur. Ötən müddət ərzində həm işdən gedənlər, həm də işə yeni qəbul olunanlar oldu. Fəhlə kateqoriyası olan işçilər 2012-ci ildə yaradılmış yeni Peşə məktəbi - Təlim Tədris Mərkəzində hazırlanıb işə qəbul olunur. Bu Mərkəzdə ildə 100 nəfər gənc 10 aylıq kurs keçərək işə qəbul olunur. Burada oxuyanlara müvafiq xüsusi geyim və təqaüd verilir. Bu illər ərzində artıq 305 nəfər kursları müvəffəqiyyətlə keçib, işlə təmin ediliblər. Bundan başqa ali təhsilli işçilər də işə qəbul olunur, bu işi SOCAR-ın İnsan Resursları Departamenti müxtəlif proqramlar vasitəsi ilə təşkil edir, ötən dövr ərzində yüzlərlə gənc mühəndis, iqtisadçı və digər peşə sahibi kimyaçılar ailəsinə qoşulub. İş yerini itirənlərlə fərdi iş aparılır, burada həm insan resursları xidmətləri, həm də Həmkarlar Komitələri insanlarla daimi ünsiyyətdə olurlar. İstiqamətlərdən biri də işini itirmiş insanların ailəsində olan gənclərin Peşə məktəbində oxudaraq, işlə təmin olunmasıdır. Digər istiqamətlər isə onların Karbamid zavodunda, "SOCAR-Polimer"də, keçmiş kimya zavodlarının ərazilərində yaradılmış Kimya Sənaye Parkında fəaliyyət göstərən yeni istehsalatlarda, yaşıllaşdırma və abadlaşdırma ilə məşğul olan təşkilatlarda işlərin davam etdirilməsidir. Güman edirəm ki, dövlətimiz tərəfindən də bu istiqamətdə xüsusi tədbirlər paketi tərtib olunub və zaman-zaman biz bunun tətbiqini və verdiyi səmərəni görəcəyik.
- Siz, eyni zamanda, Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtın seçicilərini Milli Məclisdə təmsil edirsiniz. Seçicilər növbəti dəfə Sizə etimad göstərdilər. Bu etimad nəyin nəticəsidir? Nəzərə alsaq ki, Sumqayıt sakinlərinin sosial-iqtisadi durumu bir o qədər də yüksək deyil, onda seçicilərin problemlərinin həlli ilə bağlı bir deputat kimi hansı addımları atmısınız və bundan sonra nələr etmək olar?
- Öncə mənə yüksək etimad göstərərək, adımın növbəti dəfə təmsil olunduğum partiyanın millət vəkilliyinə namizədlər siyahısında təqdim edilməsinə görə möhtərəm Prezidentimizə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və bütün məsləkdaşlarıma təşəkkürümü bildirirəm. Bu mənim üçün böyük etimad olmaqla bərabər, həm də böyük məsuliyyətdir. Sumqayıta gəlincə isə deyə bilərəm ki, bu şəhər olduqca maraqlı və perspektivli bir şəhərdir. Bu, şəhərdə yaşayanlar çox zəhmətkeş, çox fədakar insanlardırlar. Bu insanları Milli Məclisdə ikinci dəfə təmsil etmək mənim üçün həm şərəf, həm böyük məsuliyyət, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramlarının reallaşdırılması işində yaxından iştirak üçün verilmiş növbəti şansdır. Çalışacağam ki, qarşıdakı 5 ildə də bir millət vəkili kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlim. Sumqayıtın çox böyük və parlaq sənaye tarixi var. SSRİ dağılandan sonra bu şəhərdə sənayenin zəifləməsi bu sahədə bir qədər ümidsizlik yaratmışdı. Müstəqilliyimizin ilk illərində istər kimya kompleksinin, istərsə də digər komplekslərin zəif inkişaf etdirilməsi burada yaşayan və işləyən insanlara müəyyən mənfi təsir göstərmişdi. Hazırda isə Sumqayıt böyük bir inkişaf dövrünü yaşayır. Möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələri əsasında bu şəhərdə çoxşaxəli islahatların reallaşdırılması, sənaye potensialının daha da inkişaf etdirilməsi, Sumqayıtın Azərbaycanın sənaye mərkəzinə çevrilməsi üçün biz çox işləməliyik. Bu işdə istər kimyaçıların, istərsə də Sumqayıtda yaşayan və işləyən digər insanların bu islahatlara hazır olmaları və bu islahatları dəstəkləmələri çox vacibdir.
Sumqayıtda sovetlər dönəmindən bizə miras qalmış çoxsaylı ekoloji problemlərin aradan qaldırılması istiqamətində ötən 5 il ərzində xeyli iş görülüb. Ətraf mühitə ziyan vuran, çirkləndirən, insan sağlamlığına neqativ təsir göstərən istehsalatlar işini dayandırıb, torpaqlar təmizlənir, orada yeni, təbiətə "dost olan" texnologiyalar əsasında işləyən yeni istehsalatlar yaranır. Şəhər ictimaiyyəti ilə yaxından əməkdaşlıq nəticəsində Sumqayıtın sənaye zonasında və şəhərin müxtəlif məhəllə və mikrorayonlarında ötən dövr ərzində 100 minlərlə ağac əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Ötən illər ərzində şəhərin ictimai, mədəni, idman və sosial həyatında yaxından iştirak etməyə çalışmışam və bu sahədə nailiyyətlərimiz az deyil. Xüsusən də müxtəlif sosial yardım proqramlarında, yaşlı nəsil, tək qalmış, xəstə, ehtiyacı olan insanlara yardım işlərində aktiv iştirak edirik. Bundan başqa hər həftənin üçüncü günü qəbul günümdür. Həmin gün seçicilərlə görüşürəm. Müxtəlif məsələlərlə bağlı müraciət edən insanları diqqətlə dinləyirəm, qaldırdıqları məsələlərə, problemlərə incəliklə yanaşıram və onların həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldırıb, onların müsbət həll olunması üçün çalışıram. Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı iş birliyimiz bir çox məsələlərin həllində köməyimizə çatır və bu addımlar şəhər ictimaiyyəti tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
- Artıq neçə müddətdir ki, Milli Məclisin üzvüsünüz və ölkədəki ictimai-siyasi proseslərin mərkəzindəsiniz. Hazırda ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?
- Bu gün Azərbaycan dünya miqyasında müasir, dünyəvi, inkişafda olan, açıq, tolerant bir dövlət kimi tanınır və qəbul edilir. Bu gün Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada və digər ölkələrdə baş verənləri göz önünə gətirsək, sualın cavabını elə oradan tapa bilərik. Ətrafımızdakı mənfi mənzərə fonunda ölkəmizdə sabitlik, normal həyat davam edir, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Bununla belə, yuxarıda da qeyd etdiyim kimi, öncə manatın devalvasiyası, sonra "üzən məzənnə"yə keçid - bütün bunlar cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə müəyyən təsir göstərir. Bir amili də unutmaq olmaz ki, ölkədəki insanların hamısı maddi cəhətdən eyni səviyyədə deyil - aztəminatlı ailələr var, on minlərlə insanın banklara kredit borcu var, kirayədə yaşayıb təhsil alan tələbələr var. İstər-istəməz bu hal əhali arasında bir müddət çaşqınlığa səbəb olur, bundan da bəzi siyasətbazlar yararlanmağa çalışırlar. Ancaq dövlət başçısının məsələyə operativ müdaxiləsi, iqtisadi gərginliyin yumşaldılması istiqamətində qəbul olunan bir sıra operativ qərarlar onu deməyə əsas verir ki, üzümüzə gələn 2016-cı ildə Azərbaycanda ictimai-siyasi gərginliyə səbəb ola biləcək elə bir ciddi hadisə baş verməyəcək. Bunun üçün isə, dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanda iqtisadi liberallaşmaya, azad, sağlam rəqabətə, korrupsiyaya qarşı daha da ciddi mübarizənin aparılmasına, iqtisadi islahatlara, ən əsası isə ictimai nəzarətə ciddi ehtiyac duyulur. Azərbaycan elə iqtisadi və idarəetmə sistemi yaratmalıdır ki, qarşıdakı illərdə ölkəmiz neftin qiymətindən o qədər də asılı olmasın. Bölgələrə göstərilən diqqət və qayğı, kənd təsərrufatının inkişafı, yeni sənaye müəssisələrinin, texnoparkların yaradılması, həmçinin yüngül sənayenin inkişafına verilən təkan onu deməyə əsas verir ki, önümüzdəki illərdə dövlət büdcəsində qeyri-neft sektorunun payı hissediləcək dərəcədə artacaqdır.
- İnsan haqları, demokratiya sahəsindəki vəziyyət Sizi qane edirmi?
- Demokratik dəyərlərin təsbit olunduğu cəmiyyətlərdə ən mühüm amillərdən biri insan hüquq və azadlıqlarının təmin edilməsidir. Bu baxımdan deyə bilərəm ki, bu gün söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələridir ki, bu hüquq və azadlıqlar da Konstitusiyamızda öz əksini tapıb. Bununla belə yenilənən dünya özü ilə yeni tələblər də gətirir, ölkələrə öz daxili və xarici siyasətlərinə yenidən nəzər salınmasını tələb edir. Bu gün Azərbaycan müqavilə öhdəlikləri ilə bağlı olduğu ATƏT, Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, BMT-nin İnsan Haqları Komissiyası və digər bu qəbildən olan qurum və təşkilatlarla yaxından əməkdaşlıq edir, onların tövsiyələrini dinləyir. Əsassız iradlara qəti cavablar verilir, haqlı tələblər üzərində isə dövlətimiz tərəfindən geniş iş aparılır və aradan qaldırılmağa çalışılır. Unutmaq olmaz ki, dünyada ideal, qüsursuz, bu sahədə problemi olmayan dövlət yoxdur. Hətta bizə tövsiyə verənlərin özlərində də bu problemlər mövcuddur. Əlbəttə ki, müəyyən səbəblər üzündən hakimiyyətdən küsənlər də, narazı qalanlar da tapılır. İşlədiyi günah üzündən həbs olunanlar da var - bütün bunlar təbii proseslərdir. Təbii olmayan odur ki, bütün bunlara, haqlı oldun-olmadın, siyasi don geyindirməyə çalışasan. Bizim ölkəmiz istər daxildə hakimiyyətlə vətəndaş cəmiyyəti arasında, istərsə də xaricdə insan hüquq və azadlıqları ilə məşğul olan cəmiyyətlərlə həmişə dialoqa açıq olub, bu dialoqlardan bəhrələnməyə çalışıb ki, mövcud məsələlər həllini tapsın. Bu siyasi xəttin - daxildə davamlı yeniliyə can atma, eyni zamanda beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizdə insan hüquqlarının və demokratiyanın etibarlı təminatına, dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına mühüm töhfələr verəcəyi şübhəsizdir.
- Bəzi Qərb dairələri Azərbaycanla bağlı təzyiq xarakterli bəyanat səsləndirirlər. Bu kimi mövqeləri necə dəyərləndirirsiniz?
- Bunu danmaq olmaz ki, Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər bir vaxtlar Azərbaycan üçün də hazırlanmışdı. Burada vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq üçün hər yola əl atırdılar, gəncləri bu çirkin işlərə sövq etmək istəyirdilər. Lakin yuxarıda da qeyd etdiyim kimi, xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin pozulma cəhdlərinə rəvac vermək istəyənlərin qarşısına sədd çəkdi.
Ölkəmiz ayrı-ayrı vaxtlarda Avropanın və Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qalıb. Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstəriblər. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır. Azərbaycan belə incə və həssas məsələlərə yanaşmada ayrı-ayrı anti-Azərbaycan siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur. Bizim dövlətimiz üçün insan amili, vətəndaşlarımız üçün sağlam yaşayış və fəaliyyət mühitinin yaradılması əsas müddəalardan biridir. Bu amil həmişə bizim dövlətimizin prioritetlərindən olub və bundan sonra da belə olacaqdır.
- Geniş və maraqlı müsahibəyə görə təşəkkür edirik.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52