Prezident İlham Əliyev NATO-nun sammitində iştirak etmək üçün Polşaya səfər edib.
Unikal.org publika.az-a istinadən bildirir ki, paytaxt Varşavada keçiriləcək sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək.
Bu, prezidentlərin NATO sammiti çərçivəsində görüşəcəyi məsələsini gündəmə gətirir.
Qeyd edək ki, bir müddət öncə Ermənistan mediası prezidentlərin Varşavada görüşəcəyi haqda məlumat yaymışdı. Lakin daha sonra prezidentlərin növbəti görüşünün Varşavada deyil, Parisdə olacağı barədə məlumat yayıldı.
Əslində 2014-cü ildə Uelsdə keçirilən sammitdə prezidentlərin görüşməsi növbəti dəfə də bunun baş verə biləcəyi ehtimalını gündəmə gətirir. 2014-cü ilin avqust ayında cəbhədə baş verən hadisələrdən sonra Rusiya prezidenti Vladimir Putin prezidentlərin Soçidə görüşün təşkil edərək, həm atəşin dayandırılmasına nail oldu, həm də regionda söz sahibi olduğunu göstərdi. Avqustda baş tutan Soçi görüşünün ardından, sentyabrın 4-də NATO-nun Uels sammiti keçirildi və ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə prezidentlərin görüşü təşkil olundu.
Bu təcrübədən çıxış etsək, bir-birinin əksinə olan iki ehtimal gündəmə gəlir.
1. Putinin təşkil etdiyi Sankt-Peterburq görüşündən sonra NATO əks hücuma keçərək, Varşava görüşünü keçirə bilər.
2. Aprel döyüşlərindən sonra ABŞ-ın rəhbərliyi altında Rusiyanın da iştirak etdiyi Vyana görüşü baş tutdu. Ardınca Rusiya yenə öz ənənəvi "söz sahibi" gedişini edərək, Sankt-Peterburq görüşü ilə qarşı tərəfə cavab verdi. Hesab "bir-birdir".
Lakin üçüncü ehtimal bu dəfə Qarabağla bağlı nüfuz savaşının getməyəcəyi fikrini gücləndirir. Çünki Vyana görüşündən sonra baş verən siyasi proseslər və Sankt-Peterburq görüşü Qərbin münaqişənin həlli açarının Rusiyada olması fikri ilə razılaşdığını və bunu könüllü şəkildə Moskvanın öhdəsinə buraxdığını deməyə əsas verir. Təbii ki, Rusiya da atacağı addımları müəyyən mənada Qərblə razılaşdıracaq. Bu baxımdan, Varşavada prezidentlərin görüşünün təşkil ediləcəyi gözləntiləri azdır.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də bildirib ki, Varşavada prezident İlham Əliyevlə Serj Sarkisyanın görüşü şübhə altındadır.
Lakin o, "Twitter" səhifəsində NATO sammitində Qarabağla bağlı müzakirələri olacağı haqda məlumat yayıb.
***
Prezidentlərin görüşü olmasa belə, Dağlıq Qarabağ məsələsinin Şimal Alyansının gündəliyinə salınması diqqət çəkən məqamdır. 2014-cü ildə baş tutan Uels sammitində də məsələ müzakirə olunmuş və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə qəbul edilmişdi.
"NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək", - deyə bəyannamədə deyilirdi.
Sözügedən bəyannaməyə Ermənistan prezidenti Serj Sarkisyan da imza atdı və dolayısı ilə işğalçı dövlət olduqlarını təsdiqlədi.
Xatırladaq ki, 2014-cü ilin 3 sentyabr tarixində Türkiyə prezidenti (o vaxt baş nazir idi) Rəcəb Tayyip Ərdoğan Bakıya səfər etdi. Ərdoğan Bakıda olarkən, Qarabağ məsələsini NATO-nun Uels sammitində gündəmə gətirəcəyinə dair söz verdi. Onun Bakı səfərindən bir gün sonra - sentyabrın 4-də Uelsdə Şimal Alyansının sammiti öz işinə başladı. Rəsmi Bakının Türkiyənin də dəstəyi ilə apardığı siyasət öz bəhrəsini verdi. Və NATO Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktını təsdiqləyən bəyannamə qəbul etdi. Ermənistan tərəfi də bu sənədin altına imza atmaq məcburiyyətində qaldı.
Uels sammitində baş verənlər NATO-nun Varşava sammitində də ərazi bütövlüyü məsələsini gündəmə gətirəcəyi ehtimalını artırır. Xüsusilə Şimal Alyansının Azərbaycanla yanaşı, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü məsələsini müzakirəyə çıxaracağı gözlənilir. İki il öncə olduğu kimi bu dəfə də ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı bəyannamə, yaxud digər sənəd qəbul edilə bilər. Belə olan təqdirdə, Serj Sarkisyan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən həmin sənədin altına imza atmalı olacaq.