İyulun 8-9-da NATO-nun Polşanın paytaxtı Varşavada keçirilən zirvə toplantısını Azərbaycan üçün uğurlu saymaq olar.
Əvvəla, Azərbaycanın bu sammitdə ən yüksək səviyyədə təmsil olunması bu ölkənin Avrasiya və Şərqi Avropada nə dərəcədə geosiyasi əhəmiyyət daşıdığını, dünyadakı qlobal təhlükələrlə mübarizədə vacib ölkə olduğunu, beynəlxalq nüfuzunun artdığını, regionda öncül iqtisadi, siyasi və hərbi gücə çevrildiyini bir daha təsdiqlədi. Burada Dağlıq Qarabağ münaqişəsinin müzakirə predmetinə çevrilməsi və yekun bəyannamədə NATO ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə etməsi isə göstərdi ki, alyans bu problemin həllinin nə dərəcədə vacib olduğunu anlayır, eyni zamanda onun çözülməsində rol oynaya bilər.
NATO-nun Varşava sammitinin yekun Bəyannaməsinin 24-cü paraqrafında qeyd edilir ki, Alyans ölkələri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllinə sadiqdir: "Biz əvvəlki kimi, Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqik. Bununla əlaqədar olaraq, biz Cənubi Qafqazda, həmçinin Moldovada münaqişələrin beynəlxalq hüququn bu prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik".
Buradan belə nəticə çıxarmaq olar ki, ki, NATO Cənubi Qafqaz ölkələrindəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da sammitçərçivəsində "Dövlət və hökumət başçıları səviyyəsində "Qətiyyətli dəstək" missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş"ündə bu məsələyə bir daha diqqəti yönəldib: "Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır.
İyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir. Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk".
Əslində, NATO münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamaqla dolayısı ilə Rusiyaya ismarışyollayıb. Çünki heç kimə sirr deyil ki, istər Dağlıq Qarabağ, istər Abxaziya və Cənubi Osetiya, istər Dnestryanı, eləcə də Donbas məsələlərinin arxasında Moskva dayanır. Təsadüfi deyil ki, sammitdə Polşa və Baltikyanı ölkələrdə NATO batalyonlarının yerləşdirilməsi barədə qərarı da məhz Rusiyanın Krımı ilhaq etməsindən sonra alyansın şərqində yaranmış təhdidlərlə izah olundu.
NATO sammitinin kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəyin ifadə olunması bizim üçün çox mühüm məsələdir. Düzdür, alyans ölkələri bundan əvvəlki zirvə toplantılarında da oxşar mövqe nümayiş etdiriblər. Amma indiki məqamda bu, Azərbaycan üçünçox böyük əhəmiyyət daşıyır. Əvvəla, NATO dünyanın ən böyük hərbi-siyasi təşkilatıdır və orada qəbul olunan qərarlar Qərbin dəqiq mövqeyini ifadə edir. Bu, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda bir daha ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin NATO üzvü olan ABŞ və Fransaya onları öz imzalarına sadiq qalaraq nümayiş etdirdikləri mövqelərinə hörmətlə yanaşılmasına çağırmağa, eyni zamanda "yenidən Amerika kəşf etmədən" problemin təxirə salınmadan beynəlxalq hüquq çərçivəsində həllini tələb etməyə imkan verir.
Təsadüfi deyil ki, dünyanın tanınmış ekspertləri sammitlə bağlı fikirlərini bölüşərkən bildiriblər ki, NATO-nun Varşava sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi bu problemin həllində irəliləyişə xidmət edə bilər. Onların fikrincə, aprel ayında cəbhədə vəziyyətin gərginləşməsindən sonra beynəlxalq ictimaiyyət bu münaqişənin həllinə daha çox diqqət yetirməyin vacibliyini anlayır.
Maraqlı məqam is ondan ibarətdir ki, sözügedən kommunikedə NATO-nun Azərbaycan, Gürcüstan və Moldova ilə yanaşı Ermənistanın da müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi bildirilir. Əslində, bu dolayısı ilə həm də Ermənistanın ərazi iddialarının qarşısına bir sədd çəkilməsi deməkdir. Lakin sammitdə Ermənistan rəhbərliyinin də işitrak etməsi və yekun sənədin altına imza atması bir tərəfdən absurd görünür. Sadəcə, Ermənistan demək istəyir ki, guya o, Rusiyadan asılı deyil və müstəqil siyasət yürüdür. Lakin Ermənistan hələ KTMT üzvlüyünə razılıq verməklə və Rusiya ilə hava məkanının birgə müdafiəsinə dair saziş imzalamaqla NATO-ya müxalifətdə olduğunu nümayiş etdirib və indi onun bu "sabun taktikası" heç bir fayda verməyəcək.
Ondan fərqli olaraq, Gürcüstan isə NATO üçün böyük əhəmiyyət daşıyır və bu ölkənin gec-tez alyansa üzv olacağı artıq heç kimdə şübhə doğurmur. Qəbul edilən qərarlara əsasən, NATO Gürcüstanın hava məkanının müşahidəsində iştirak edəcək və Gürcüstanın hava hücumundan müdafiə qüvvələrinin gücləndirilməsinə dəstək verəcək. Bundan əlavə, 2016-cı ilin payızında Tiflisdə NATO-nun baş katibinin iştirakı ilə Şimali Atlantika Şurasının yığıncağı, noyabr ayında isə NATO-Gürcüstan birgə təlimləri keçiriləcək. Ən əsası isə, NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanın tanınması barədə qərarlarından vaz keçməsini və ordusunu bu ərazilərdən çıxarmağı tələb edib. Düzdür, NATO-nun Gürcüstan məsələsində Rusiya ilə birbaşa konfrantasiyaya gedəcəyini gözləmək mənasız olardı. Amma Rusiya ətrafındakı halqanı daraltmaq üçün NATO-nun mümkün bütün rıçaqlarından istifadə edəcəyi və bu məqsədlə Gürcüstana bütün formalarda istənilən dəstəyin verəcəyi istisna deyil.
Məlumdur ki, Gürcüstan həm də Azərbaycanın strateji tərəfdaşı və Qərbə çıxış qapısıdır. Ona görə də gürcülərin dəstəklənməsi və ermənilərin "aut"da qalması rəsmi Bakı üçün də əlverişli hal hesab ediləbilər.
Düzdür, rəsmi Bakı NATO ilə münasibətlərdə balanslaşdırılmış siyasət yeridir. Çünki Azərbaycanın bu alyansla həddən artıq yaxınlaşması Rusiya və İran kimi ölkələrdə böyük qıcıq doğura bilər. Lakin Azərbaycanın həm şimal və cənub qonşuları, həm də NATO ilə münasibətlərini qoruyub saxlaması və inkişaf etdirməsi ona geniş siyasi manevrlər etməyə şərait yaradır. Bu baxımdan Azərbaycanın artıq həm regional, həm də qlobal məsələlərin həllindəmühüm beynəlxalq iştirakçıya çevrildiyini söyləmək olar.