Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.
Unikal.org EL TV-yə (Region TV) istinadən xəbər verir ki, Bərdə rayonu Gərənə kənd sakini, hazırda Qaradəmirçi kəndində yaşayan 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.
Hamiləliyinin 7-ci ayının olmasına baxmayaraq, Aysel Qocayevaya doğuşun tezləşdirilməsi üçün yardım göstərilib. Onun dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır. Doğuşu həyata keçirən Tahirə Allahverdiyeva xəstənin valideyinlərinə doğuşun qaydasında aparıldığını bildirib. Uşaq ölümünü erkən doğuşla əlaqələndirib. "Dünən günorta saat 4-də uşaq olub, ikisi də, sağ-salamat. Qoyublar uşağı şüşəyə, saat 5-6-nın yarısı uşağın biri ölüb", - deyə Aysel Qocayevanın həyat yoldaşı Tural İlyasov bildirib.
"Gətirdik bura, boynuna götürdü, o da belə oldu. Uşaq sağlam idi, niyə öldü, bilmirəm. Yeznəmdən 200 manat pul istəyib, bu ölü uşağa. O birisi də ağırdı, o birisi də öləcək", - deyə Aysel Qocayevanın anası bildirib.
"Xəstəni müayinə elədik, hamiləliyi 31-32 həftəlik dolyanı mayenin vaxtından əvvəl axması, əkiz döl diaqnozu ilə xəstəni 1-ci fizioloji doğum şöbəsinə yerləşdirdik. 1-ci uşaqda infeksiyalaşmış dolyanı maye iyli, 2-ci uşaq ona nisbətən yaxşı idi. Uşaqların çəkiləri, biri 1 kilo 300 qram, digəri 1 kilo 500 qram, dolyanı maye vaxtından əvvəl axdığına görə uşaqlar dolyanı mayeni udmuşdur", - deyə Bərdə Doğum Evinin həkimi Tahirə Allahverdiyeva bildirib.