Məmurların tikinti şirkətləri vətəndaşların ev arzusunu ürəyində qoydu
10:55 06-01-2016
İQTİSADİYYAT
Onlar fürsətdən istifadə edib mənzillərin aylıq ödənişlərini qaldırdılar
Tikinti materiallarının qiymətində baş verən dəyişiklikdən sonra paytaxtda fəaliyyət göstərən bəzi tikinti şirkətləri kooperativ binalarda aylıq ödəniş haqlarını artırmağa başlayıb.
Şirkətlər tikintisi başa çatmayan binalardan ev almaq istəyən vətəndaşalara artıq əvvəl müəyyən olunmuş ödənişlərin kifayət etmədiyini, buna görə də məbləği artırdıqlarını bildiriblər. Bu isə müştərilərlə tikinti şirkətləri arasında narazılığa səbəb olub. Şikayətçi Fərrux Ağazadə deyir ki, Bakıda yerli şirkətlərin birinin tikdiyi binalardan ev aldığına görə peşmandır. "Bu ilin yanvar ayından Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən birinə 10 000 manat ilkin ödəniş verərək bir otaqlı ev almışam, aylıq da 600 manat ödəyirəm, 48 aylıq müqaviləm var. Amma dollar qalxandan sonra deyirlər ki, tikinti materiallarının qiyməti də qalxıb, bundan sonra ayda 900 manat verməliyəm. Birincisi, mənim bu qədər pul verməyə gücüm çatmır, ikincisi də ki, bir otaqlı ev mənə 38000 manata deyil, 53000 manata başa gələcək", - deyə şikayətçi bildirdi.
Bakıda fəaliyyət göstərən bir neçə digər tikinti şirkətləri ilə əlaqə saxlayıb qiymətlərdə dəyişikliyin olub-olmadığını soruşduq. Onlardan birində satış meneceri işləyən Həşim Həsənov qeyd etdi ki, qiymət artımı qaçılmazdır: "Biz bir binanı tikərkən qabaqcadan onun bütün materialları da daxil olmaqla onun qiymətini hesablayırıq və alıcılara da ilkin ödəniş və aylıq kreditləri buna görə bölürük. Məsələn, əgər bir binanın tikintisi bizə əvvəllər 5 milyona başa gəlirdisə, dollardan sonra tikinti materiallarının qiymətinin artması ilə əlaqədar əgər bir bina bizə 10 milyona başa gələcəksə, təbii ki, biz də məcbur olub ya ilkin ödənişləri çox alacağıq, ya da aylıq kreditləri qaldıracağıq", - deyə menecer əlavə etdi.
Hüquqşünas Tahir Əlirzayev deyib ki, bu problemin həlli müqavilənin şərtlərindən asılıdır. "Əgər ev alanla ev satan arasında müqavilədə məzənnə dəyişikliyi ilə bağlı hər hansı bir bənd varsa, onda bu, normal haldır. Ev satan şirkət qiyməti qaldıra bilər. Amma əgər belə bir bənd yoxdursa, o zaman bu, hüquq pozuntusudur və şirkətin qiymət qaldırması özbaşınalıqdır. Məsələ ilə bağlı ev alan şəxs həmin şirkəti məhkəməyə verə bilər", - deyə hüquqşünas əlavə etdi.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyir ki, təbii ki, bundan sonra tikiləcək binaların mənzilləri baha qiymətə satılacaq: "Tikinti şirkətlərinin qiyməti artırması, əslində, gözləniləndir. Məsələni alıcılarla şirkətlər özləri müzakirə etməli, ortaq məxrəcə gəlməlidirlər: ya tikinti dayandırılmalı, ya qiymətlərə əlavələr olunmalıdır", - deyə mütəxəssis qeyd etdi.
Alıcı və şirkətlər arasında yaranan bu problemin həllində imzalanan müqavilənin əhəmiyyəti böyükdür. Əgər vətəndaşla şirkət arasında olan razılaşmada belə bir maddə öz əksini tapıbsa, vətəndaş əlavə məbləğ ödəməli olacaq. Əks halda şirkət binanın tikilib başa çatması üçün özü əlavə xərc çəkməlidir.
Qeyd etmək artıqdır ki, Azərbaycandakı əksər tikinti şirkətləri müəyyən məmurlar tərəfindən himayə olunur. Ölkədə fəaliyyət göstərən Mənzil Tikinti Koopertivlərinin (MTK-lar) bir çoxu müəyyən vəzifəli şəxslərlə qeyri-rəsmi olaraq bağlıdırlar.
Həmçinin bəzi oliqarxların "biznes imperiyalarında" tikinti sahəsi xüsusi çəkiyə malikdir.
Ona görə də manatın ikinci dəfə və daha kəskin ucuzlaşmasından istifadə edib aylıq ödənişləri kəskin şəkildə bahalaşdıran tikinti şirkətlərinin bu cür addımını həm də məmurların ayağına yazmaq lazımdır. Onlar onsuz da maddi baxımdan çətin vəziyyətlə üzləşən əhalini daha ağır vəziyyətlə sınağa çəkirlər. Hesab edirik ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlar öz səlahiyyətləri çərçivəsində, hüquqi ölçülər götürməlidirlər. Əks halda onsuz da milli valyutamızın ucuzlaşması ilə maddi sarıdan ciddi problemlərlə qarşılaşan vətəndaşlarımız daha bir haqsızlığın qurbanı olacaqlar. Hansı ki, bu haqsızlıq KİMLƏRİNSƏ, o cümlədən müəyyən məmurların "qaz vurub qazan" doldurmasına xidmət edir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17