Gömrüyün "monopoliya əfsanəsi" həbsin bir addımlığında
09:24 07-01-2016
İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsinin strukturları içərisində fəaliyyətindən daha çox narazılıq edilən qurumların başında "Broker" MMC dayanır. Məlumat üçün bildirək ki, adıçəkilən qurum sahibkarlarla DGK arasında vasitəçilik etməkdə görəvləndirilsə də Əbülfəz Məlikovun rəhbərlik etdiyi bu qurum ölkəyə mal idxal edən sahibkarların qorxunc röyasına çevrilib.
Qeyd edək ki, "Broker" MMC-nin sahibkarlara yaşatdığı süni maneələrlə bağlı məsələlər dəfələrlə ictimailəşib. Bunların məntiqi yekunu olaraq isə artıq Əbülfəz Məlikovla bağlı qərarın verildiyi bildirilir. "Unikal" qəzetinin özəl kanallardan əldə etdiyi məlumata görə, artıq "Broker" MMC-nin fəaliyyətinə xitam verilib, Əbülfəz Məlikovun özüylə bağlı isə ciddi araşdırmalara start verilib. Mənbənin sözlərinə görə gömrükdə monopoliyanın və digər neqativ halların qarşısının alınması haqda göstərişdən sonra müvafiq araşdırmalara başlanıb və bu araşdırmalar Əbülfəz Məlikovun sonunu gətirmək üçün yetərli olub:
"Aparılan təhqiqat zamanı "Broker" MMC-nin əslində bir idxal monopolisti rolunda çıxış etdiyi, ölkəyə məhsul gətirən sahibkarlardan küllü miqdarda rüşvət tələb etməsinə dair məlumatlar təsdiqini tapıb. Eyni zamanda "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovun bu illər ərzində qeyri-qanuni yollarla özünə topdağıtmaz sərvət toplaması təsdiqlənib. Aşkarlanıb ki, onun ölkədən xaricdə kifayət qədər kapitalı və daşınmaz əmlakı var. Bu səbəbdən də Əbülfəz Məlikovla bağlı daha ciddi araşdırmalara başlanılıb, onun ölkədən çıxışına isə qadağa qoyulub. Proseslərin məntiqi sonluğu olaraq onun həbs olunması ehtimalı da gündəmdədir".
"Unikal" qəzeti olaraq xatırladırıq ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev mətbuat vasitəsilə sahibkarlara müraciət edərək "Broker" MMC-yə etimadsızlıq barədə fikirlər səsləndirib. Həmin fikirlərlə tanış olaq: "Sahibkarlara müraciət edərək tövsiyə edirəm ki, yükləri rəsmiləşdirərkən gömrük orqanları ilə təmasları vasitəçi şirkətlərlə deyil, birbaşa bizə müraciət etməklə yaratsınlar".
Heç kimə sirr deyil ki, "vasitəçi şirkətlər" dedikdə DGK sədri məhz "Broker" MMC-ni nəzərdə tutub. Çünki məhz bu qurum sahibkarlarla DGK arasında vasitəçiliklə məşğul olurdu. Elə bu açıqlamadan da göründüyü kimi, artıq "Broker" MMC-nin gömrük sistemindəki fəaliyyətinə qadağa qoyulub. Ümumiyyətlə isə gömrük sistemində aparılan radikal islahatlar "Broker" MMC kimi monopolist qurumların sıradan çıxarılmasını diqtə edirdi və bu baxımdan baş verənləri təbii qarşılamaq lazımdır.
Belə ki, idxal monopoliyası tam aradan qaldırılıb. Yanvarın 1-də ölkəyə məhsul idxalı tam liberallaşıb. Dövlət Gömrük Komitəsində radikal islahatlar həyata keçirilib. Mənbənin sözlərinə görə, yüklərin qeydiyyat prosesi sadələşdirilib. İndi idxalçılar heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara biləcəklər. Qeyd edək ki, bu artıq idxalda tam liberallaşma mühitinin yaranması deməkdir ki, bir azdan rəqabət nəticəsində daxili bazarda qiymətlərin xeyli ucuzlaşmasına təsir göstərəcək. Bu həm də gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artması anlamına gələcək.
Bütün bunlar isə gömrük sistemindəki ciddi təmizləmə işlərindən sonra mümkün olub. Bu "təmizləmə"nin ilk qurbanı isə yuxarıda da qeyd etdiyimiz kimi "Broker" MMC və onun monopolist rəhbəri Əbülfəz Məlikov oldu. Onun bundan sonrakı taleyinin necə olacağı isə yaxın günlərdə bəlli olacaq. Hər halda bu gün baş verənlər Əbülfəz Məlikov üçün heç də xoş perspektiv vəd etmir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05