Spirtli içkilərin kartla satışı nəyə hesablanıb?
09:25 07-01-2016
İQTİSADİYYAT
Alıcılar narazıdır, ekspertlər isə bunun ölkə iqtisadiyyatına fayda verəcəyini deyir...
Məlum olduğu kimi yanvar ayının birindən etibarən spirtli içkilərin nağd pulla satışına qadağa qoyulub. "Unikal" qəzetinin əməkdaşlarının apardığı müşahidələrə görə hazırda bir sıra ticarət mərkəzlərində spirtli içkilər vitrinlərdən ümumiyyətlə yığışdırılıb. Satıcılar bunu həmin marketlərdə kart sistemi ilə işləyəcək aparatların quraşdırılmaması ilə izah edir. Bu problem aradan qalxdıqdan sonar isə spirtli içkilərin satışı yenidən bərpa olunacaq. Amma nağd ödənişlə deyil, kartla...
Bu isə yeni qaydalarla izah olunur: "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" haqqında qanunun qüvvəyə minməsi ilə bu ilin 1 yanvar tarixindən etibarən Azərbaycanda spirtli içkilər nağd pulla satılmır.
Mağazaları gəzdiyimiz zaman şahidi olduq ki, həqiqətən də paytaxtda yerləşən iri ticarət mərkəzlərində kartsız spirtli içkiləri almaq mümkün deyil. Mağaza sahibləri bu haldan məmnundurlar. Onlar söhbət zamanı bildirdilər ki, bu yolla azyaşlıların spirtli içki almalarının qarşısı alınacaq. Lakin alıcılar isə hesab edirlər ki, bu, onların istehlakçı hüquqlarının pozulmasıdır.
Maraqlıdır, bəs bunun ölkə iqtisadiyyatına nə kimi xeyiri var?
Məsələ ilə bağlı mətbuata açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, dünya ölkələrində belə bir təcrübə mövcud deyil: "Öncə onu qeyd edək ki, dünya praktikasında xüsusi növ məhsulların kartla satılması təcrübəsi yoxdur. Sadəcə olaraq, bəzi inkişaf etmiş ölkələrdə spirtli içkilərin xüsusi mağazalarda satılması təcrübəsindən istifadə olunur. Mağazalar olur ki, orada spirtli içkilər və tütün məhsullar satılır. Ancaq təbii ki, yaş limiti də burada öz rolunu oynayır.
Misal üçün ABŞ-da bu limit 18 yaşdır, bəzi ölkələrdə isə yaşı 21-dən az olan vətəndaşlara spirtli içkilər satılmır. Buradan deyə bilərik ki, Azərbaycanda tətbiq edilən yeni mexanizimlər inkişaf etmiş ölkələrdə tətbiq edilmir. Lakin Azərbaycanda bu təcrübənin tətbiq edilməsində əsas məqsəd spirtli içkilər və tütün məmulatlarının satışında vergidən yayınmaların qarşısını almaqdır".
Bununla belə yeni qadağanın təkcə azyaşlıların spirtli içkilər almasını əngəlləməyə yönəlmiş addım olduğunu düşünmək doğru olmazdı. Bu qanunsuz spirtli içki satışının qarşısını almaqla yanaşı vergidən yayınmanın qarşısını maksimum dərəcədə almağa yönəlmiş addım sayılmalıdır. Bunu ekspertlə də etiraf edir.
Onların fikrincə bu qadağadan öncə spirtli içkilərin satışı üzrə vergidən yayınma kifayət qədər yüksək idi. Belə ki, spirtli içkilərin və tütün məmulatlarının bir qismi qeyri-leqal şəkildə ölkəyə daxil edilirdi. Belə olduğu üçün bu hal, onların vergiyə cəlb edilməsinə imkan vermirdi. Spirtli içkilərin və eləcə də tütün məmulatlarının plastik kartlar vasitəsi ilə satılması imkan verəcək ki, həmin dövriyyəni idarə etmək mümkün olsun. Bu, həm vergidən yayınmanın, həm də aksizi olmayan malların bazara çıxarılmasının qarşısını alacaq. Əslində bu, müsbət haldır. Eyni zamanda idxalda tam leqallaşmanın həyata keçirilməsinə ehtiyac var. Bəhs etdiyimiz məhsullar tamamilə leqal formada ölkəyə daxil olduqdan sonra onların pərakəndə satış mağazalarına verilməsində sənədləşmələr qaydasında olacaq. Bu da imkan verəcək ki, plastik kartları tətbiq etməklə, satışı tam şəkildə icra etmək mümkün olsun.
İstehlakçı hüquqlarının pozulması barəsində səsləndirilən iddialar isə heç də əsassız sayıla bilməz. Sözsüz ki, bu praktikanın tətbiq edilməsi vətəndaşlara çətinliklər yaradır və bundan sonra da yaradacaq. Çünki spirtli içkilərdən istifadə edənlərin bir qismi yaşlı nəsildir ki, onların da plastik kartları yoxdur. Cərimələr də yüksək olduğu üçün mağazaların böyük bir qismi nağd şəkildə bu məhsulların satışını həyata keçirməyə ehtiyatlanır. Bu baxımdan, iddia etmək olar ki, bu praktikanın tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, xüsusilə də yaşlı nəslin spirtli içki almasına da çətinlik yaradacaq.
Bununla belə tətbiq olunan qadağanın vergi ödəmələrində artımlara səbəb olması vacib olan mühüm faktordur. Hər halda bundan sonra istehlakçılar həm də keyfiyyətsiz və kustar üsullarla hazırlanmış spirtli içkilərin faktiki olaraq bazardan çıxarılmasına səbəb olacaq ki, bu da mühüm faktordur. Xatırladaq ki, mütəmadi olaraq araqdan kütləvi zəhərlənmələrlə bağlı hallar müşahidə olunur. Araşdırmalar isə sübut edib ki, zəhərlənmələr bir qayda olaraq müxtəlif zirzəmilərdə kustar üsullarla hazırlanmış spirtli içkilərdən törəyir. Spirtli içkilərin kartla satışına start verilməsi isə bu neqativ halı da minimuma endirəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17