Suriyada yeni müharibə ssenariləri
10:10 08-01-2016
İQTİSADİYYAT
Üç hərbi koalisiya və Çin: perspektivdə bizi nə gözləyir?
Dünya ictimaiyyəti Yaxın Şərqdə sabitliyin bərpa olunmasını səbirsizliklə gözləyir. Orada fəaliyyət göstərən geosiyasi oyunçular isə öz maraqlarına uyğun olan nəticələr əldə etməyə çalışırlar.
Newtimes.az-ın yazdığına görə, hazırda Suriyada faktiki olaraq üç koalisiya vardır. Bu, ABŞ-ın başçılıq etdiyi, Rusiya, İran, İraq və rəsmi Dəməşqin daxil olduğu və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyalardır. Bir sıra ekspertlər hesab edirlər ki, bu qruplaşmaların regionda xüsusi planları vardır və aralarında kifayət qədər fikir ayrılığı mövcuddur. Həmin səbəbdən danışıqlar vasitəsilə Suriya ilə bağlı ortaq nəticəyə gəlmək şansı azdır. Əksinə, indi tərəflər hərbi gücə daha çox üstünlük verməklə söz sahibi olmaq yarışına girişiblər. Başqa tərəfdən, Pekinin də Suriya məsələsində fəallaşdığı haqqında informasiyalar yayılır. Bu prosesin 2016-cı ilin birinci yarısında daha da şiddətlənəcəyi gözlənilir. Onun fonunda isə qlobal miqyasda geosiyasi mübarizə yeni səviyyəyə qalxa bilər. O cümlədən enerji təhlükəsizliyi sahəsində əvvəlcədən proqnozlaşdırılmayan hadisələrin meydana gəlməsi ehtimalı vardır. Bütövlükdə Suriya məsələsində düyünlərin açılması imkanı real görünmür.
Keçid prosesi: müəmmalı məqamlar çoxdur
2016-cı il yanvarın 26-da Suriya məsələsi yenidən müzakirə olunmalı, keçid prosesinə start verilməlidir. Ekspertlər əvvəlcədən bu mərhələnin kifayət qədər mürəkkəb olacağına diqqət çəkmişdilər. Hazırda müşahidə edilən hadisələr göstərir ki, hətta barış alınmaya və yaxud proses süründürmə mərhələsinə keçə bilər. Suriyada təsiri olan qüvvələrin müqayisəsi bu cür pessimist nəticə çıxarmağa əsas verir. İtaliyanın "La Stampa" qəzetində tanınmış siyasi analitik Maurisio Molinarinin irəli sürdüyü tezislər də bunu təsdiq edir.
M.Molinari Suriyada üç hərbi koalisiyanın mövcud olduğunu və onlar arasında mövqe fərqliliyinin özünü göstərdiyini yazır (bax: La Russia vuole Aleppo, il Pentagono Raqqa e i sunniti una nazione / "lastampa.it", 24 dekabr 2015). Onun fikrinə görə, Rusiya Hələbi, Pentaqon Raqqanı, müsəlmanlar isə Suriyada dövləti qazanmaq arzusundadır.
Bu zaman Moskva Qərbi Suriyada güclənmək istəyir. Rusiya Hələbi ələ keçirməklə müxalif qüvvələri İraq sərhədinə doğru sıxışdırmağa çalışır. Hərbi potensial cəhətdən Kremlin buna imkanı yetsə də, Səudiyyə Ərəbistanının başçılığı ilə yaradılmış müsəlman koalisiyası maneə törədə bilər. Bu qruplaşmanın Suriyada dayaqları çoxdur. Ən azından onlar müharibəni uzada və Rusiyanın maliyyə imkanlarının zəifləməsini gözləyə bilərlər.
Bunlarla yanaşı, başda ABŞ olmaqla Qərb koalisiyası Raqqanı zəbt etmək niyyətindədir. Onlara həmin ərazidə yerləşən kürd silahlı birləşmələri yardım edir. İŞİD-in paytaxtı sayılan bu şəhəri ələ keçirməklə Pentaqon regionda öz məqsədlərini güddüyünü və planlarını həyata keçirməyə çalışdığını göstərir. Həmin çərçivədə onun Rusiya və müsəlman koalisiyası ilə maraqları toqquşur. Təbii ki, region dövlətləri Raqqaya kənar bir dövlətin nəzarət etməsini istəməzlər. Eyni məntiqlə Rusiyanın Hələbə nəzarətini qəbul etməzlər.
Bütün bunlardan M.Molinari belə nəticəyə gəlir ki, Yaxın Şərqdəki əsas oyunçular 2016-cı ildə bir-birinə zidd olan strateji maraqlarını təmin etməyə cəhdlər göstərəcəklər. Həmin əsasda onların toqquşması mümkündür. "Bundan başqa, Suriyada gedən vətəndaş müharibəsinin dövlətlərarası ixtilafa çevrilməsi təhlükəsi də var. Bunlara "xilafət"in (İŞİD nəzərə tutulur - Newtimes.az) rolunu əlavə etmək lazımdır. O, "İslam dövləti"nin əsaslarını möhkəmləndirmək və sələfi inqilabını İslam dünyasının bütün guşələrinə yaymaq" kimi iki məqsəd güdür (bax: əvvəlki mənbəyə).
Maraqlı və düşündürücü qənaətdir. Belə çıxır ki, Yaxın Şərqdə sülhün bərpa olunması şansı minimuma bərabərdir. Suriya ilə əlaqədar isə dünyanın böyük gücləri riskli oyunlar qurmaqdadırlar. Faktiki olaraq onlar regionu yenidən bölüşdürmək niyyətindədirlər. Dünyanın supergücləri bir tərəfdən Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, digər tərəfdən də orada nüfuz üstünlüyünə sahib olmağa çalışırlar. Tarix göstərir ki, belə vəziyyətdə son dərəcə həssas məqamlar, o cümlədən geniş silahlı toqquşmalar ortaya çıxa bilir.
"Sakit strategiya": Pekin iradəsini ortaya qoyur
Mövcud vəziyyəti mürəkkəbləşdirən başqa bir faktor Pekinin Yaxın Şərqdə yeritdiyi "sakit strategiya" siyasətidir. Suriyanın xarici işlər naziri Valid əl-Muallimin Çinə səfəri fonunda bu amil daha həssaslıqla qəbul edilir. Suriyadakı əsas geosiyasi oyunçular Pekinin müdrik davranışları ilə onlardan daha çox qazanc əldə edə bilməsindən ehtiyatlanırlar (bax: Pekin "perekupaet" boevikov: Kitay naçinaet sobstvennıy proüess urequlirovaniə qrajdanskoy voynı v Sirii / "Svobodnaə Pressa", 26 dekabr 2015).
Buna Çin hərbi əməliyyatlara qatılmadan və heç bir tərəfə açıq dəstək vermədən nail olmağa çalışır. Rusiya ilə bir sıra geosiyasi məsələlərdə həmrəy olmasına baxmayaraq, Çin Suriyada Kremlə hərbi yardım etmədi. Bununla o, həm imicini qorudu, həm də Səudiyyə Ərəbistanı ilə neft sahəsində əməkdaşlığı gücləndirmək üçün əl yeri qoydu (bax: əvvəlki mənbəyə). Rusiyalı ekspert Aleksey Maslovun bu qənaəti ilə razılaşmamaq çətindir. Həqiqətən də, Pekin istənilən anti-terror əməliyyatını dəstəklədiyini bəyan etsə də, özü ona qatılmır. Eyni zamanda, Çin "Suriya xalqı"na 6,1 milyon ABŞ dolları həcmində humanitar yardım da ayırır. Pullar isə faktiki olaraq rəsmi Dəməşqin nəzarətində olan banklara yatırılır. Ekspertlər onu da vurğulayırlar ki, Çin Suriyaya bütövlükdə 30 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Bunları itirməyi Pekin heç vaxt özünə rəva bilməz.
Budur, indi Suriyanın "Al Watan" qəzeti yazır ki, V.Muallimin Pekinə səfəri münaqişənin siyasi danışıqlar yolu ilə həll olunması prosesini irəlilətmək planının bir hissəsidir (bax: əvvəlki mənbəyə). Burada söhbətin məhz hansı müxalifətdən getdiyi məlum deyil. Rusiyalı ekspert hesab edir ki, Pekin Səudiyyə Ərəbistanı faktorunu neftə görə kənara qoymayacaq.
Deməli, Çin qəfil Suriya iqtidarı ilə müxalifətinin Pekində görüşünü təşkil edə bilər. Onda bu cür tədbirlərin həyata keçirilməsinin bir neçə variantı üzə çıxmış olur: Qərb, Rusiya, müsəlman ölkələri və Çin ssenariləri üzrə danışıqlar aparıla bilər. Bunlardan konkret hansının reallaşacağını zaman göstərəcək. Lakin indidən aydındır ki, Suriyada maraqlar ciddi surətdə toqquşur. Təhlükəlisi də bundan ibarətdir.
Belə təəssürat yaranır ki, geosiyasi qüvvələr Suriyada "ayının öləcəyinə" əmindirlər və onun "dərisini" bölməyə hər kəs öz meyarı ilə yanaşır. Bu gedişatın mühüm bir tərəfi qlobal geosiyasi faktorlarla bağlıdır. O cümlədən Səudiyyə Ərəbistanı, Avropa, ABŞ, Çin və Rusiya enerji təhlükəsizliyi uğrunda güzəştsiz mübarizə aparırlar. Dinc insanların başına bomba yağdırılmasının arxasında terrordan çox, iqtisadi, enerji və geosiyasi maraqlar dayanırmış.
Özlüyündə narahatedici bir vəziyyətdir. Danışıqlarda Suriya müxalifətini təmsil etməli olan qruplar da kifayət qədər ümidli görünmürlər. Dəməşq ətrafında onların liderlərindən olan Zahran Allyuşun Rusiyanın hava bombardmanı zamanı həlak olması vəziyyəti daha da ağırlaşdırıb. Suriya müxalifətinin liderlərindən biri bəyan edib ki, bu hadisə danışıqlar prosesini çətinləşdirə bilər. Z.Allyuş İŞİD-ə qarşı döyüşürdü.
Belə görünür ki, Suriyada barış və sülhün bərqərar olması olduqca ziddiyyətli şərtlər fonunda baş tutmalıdır. Orada mövcud olan geosiyasi oyunçular öz maraqlarını həyata keçirməkdə inadkarlıq göstərirlər. Müsəlman dövlətlərindən başqa, digərləri Suriyanın və ona qonşu olan dövlətlərin unitarlığını itirərək, sosial-mədəni birliyi zəif olan ölkələrə çevrilməsinə çalışırlar. Hazırda bu prosesin mərkəzində Suriyadırsa, bir qədər sonra Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqaları ola bilər. Acı reallıq bundan ibarətdir.
Belə çıxır ki, Suriyada aparılmalı olan danışıqların perspektivi elə də ümid doğurmur. Oradakı qüvvələrin bir araya gəlməsi hazırkı şərtlər daxilində imkansızdır. Təbii ki, hər üç koalisiya nələrsə etməyə cəhd göstərəcək. Ancaq müəyyən məqamda onlar arasında ziddiyyətlərin kəskinləşməsi istisna deyil. Bütün bunlardan ən çox əziyyəti isə region əhalisi çəkir.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53