Azərbaycanda arağı və siqareti necə alıb-satmalı?
12:18 09-01-2016
İQTİSADİYYAT
Alkoqollu içkilərin və tütün məmulatlarının satışı indiyədək
vergidənyayınma hallarının ən çox baş verdiyi sahələr sayılır
Yanvarın 1-dən spirtli içkilərin nağd pulla satışı qadağan edildi. İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliyə görə, alkoqollu içkilərin kart olmadan satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.
Artıq ərzaq mağazalarında alkoqollu içkilər rəflərdən yığışdırılıb. Bəzi iri supermarketlərdə isə bu içkilər ayrıca bölümlərdə satılır.
Alkoqollu içkilərin və tütün məmulatlarının satışı indiyədək vergidənyayınma hallarının ən çox baş verdiyi sahələr sayılır. Lakin yeni qaydaların tətbiqi ilə bu halın qarşısının alınacağı planlaşdırılır. Problemin əsas tərəfi isə alkoqollu içki və tütün məmulatlarının satışı məqsədilə plastik kartların əldə edilməsi və pos-terminalların quraşdırılması ilə bağlıdır. Belə ki, hazırda ölkədə fəaliyyət göstərən satış mərkəzlərinin heç də hamısında pos-terminallar quraşdırılmayıb. Bəziləri bunda maraqlı da deyil. Çünki belədə vergidənyayınma çətinləşir...
publika.az bunları nəzərə alaraq məsələ ilə bağlı vəziyyəti araşdırıb.
Vergilər Nazirliyi: lazımi potensial mövcuddur
Vergilər Nazirliyi bildirib ki, bu qərar aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi məqsədini daşıyır: "Bununla əlaqədar, belə malların dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə müddəalar Vergi Məcəlləsinə daxil edilib".
Nazirlik onu da bildirib ki, bu mexanizmin tətbiqi ölkədə heç bir problem yaratmayacaq: "Çünki, aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisindəki ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində pos-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır".
Ölkədə nə qədər
pos-terminal var?
Bankların statistikasına əsasən, ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb. Bunun 62 faizi Bakı şəhərinin payına düşür. Ölkədə 6 milyona yaxın şəxsin plastik kartı var. Statistik göstəricilərə görə, pos-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 milyon manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 milyon manat təşkil edib, artım həcmi 18 milyon və ya 12% olub.
Onu da qeyd edək ki, bank sahəsi üzrə mütəxəssislər ölkədə nağdsız ödənişləri artırmaq üçün bankların müəyyən tədbirlər gördüyünü, lakin effektiv nəticə əldə etmədiklərini deyirlər.
Pos-terminalı necə
quraşdırmalı?
Kommersiya bankları təsərrüfat subyektlərində pos-terminalların quraşdırılmasında sərbəstdirlər. Təsərrüfat subyekti pos-terminalın quraşdırılması üçün bu qurğunu quraşdıran istənilən bank-ekvayerə (pos-terminalın təsərrüfat subyektində quraşdırılmasını təmin etmiş və pos-terminal vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün təsərrüfat subyektinə bank hesabı açmış bank) müraciət edərək xidmət haqlarını və müqavilənin şərtlərini razılaşdırdıqdan sonra müqavilə bağlayır. Müqaviləyə əsasən pos-terminalın mülkiyyətçisi bank-ekvayer və yaxud təsərrüfat subyekti ola bilər.
Bank-ekvayer terminalın istifadəçisinə təsərrüfat subyektinin fəaliyyət növündən asılı olaraq pos-terminalda ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, beynəlxalq ödəniş kartlarının xüsusiyyətləri və saxta kartların müəyyənləşdirilməsi üzrə təsərrüfat subyektinin əməkdaşlarını (kassirləri) təlimatlandırır.
Bank-ekvayer pos-terminalın quraşdırılması və terminala xidmət göstərilməsinə dair kart prosessinq mərkəzi (KPM) ilə bağladığı müqaviləyə uyğun pos-terminal quraşdırılacaq təsərrüfat subyekti haqqında məlumatları KPM-yə təqdim edir.
KPM pos-terminalın quraşdırıldığı vaxtdan etibarən l (bir) iş günü müddətində terminalın Vergilər Nazirliyində qeydiyyata alınması və qeydiyyat nömrəsinin əldə edilməsi üçün müvafiq məlumatları nazirliyə göndərir. Nazirlik isə öz növbəsində l (bir) iş günü müddətində terminalın qeydiyyat nömrəsini KPM-yə göndərir. Qeydiyyat nömrəsi alındıqdan sonra KPM 2 (iki) iş günü müddətində müvafiq məlumatları özündə əks etdirən terminalın qeydiyyat vərəqəsini bank-ekvayerə göndərir. Bank-ekvayer xidmət mərkəzindən aldığı terminalın qeydiyyat vərəqəsinin əslini 3 (üç) iş günü müddətində təsərrüfat subyektinə göndərir. Təsərrüfat subyekti qeydiyyat vərəqəsini aldıqdan sonra terminalda əməliyyatların aparılmasına başlayır.
Müvafiq kommersiya bankı pos-terminal üçün müraciət edən təsərrüfat subyektini qiymətləndirdikdən sonra xidməthaqqı barədə qərar verir. Bəzi banklar pos-terminala görə müştəridən depozit məbləği tələb edir. Bəziləri isə perspektivli təsərrüfat subyektlərindən bunu tələb etmir. Yəni, banklar xidməthaqqı təyin edib-etməməklə, eyni zamanda xidməthaqqının və depozitin həcmi ilə bağlı məsələlərdə sərbəstdir.
Bu arada qeyd edək ki, banklar 300-400 manat olan pos-terminalları öz vəsaitləri hesabına alırlar. Cihazların istifadə olunmaması isə bankları öz pos-terminal şəbəkəsini genişləndirməkdən çəkindirir.
Pos-terminal
quraşdıran banklar
və onların
xidmət tarifləri
"BTB" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 0, aylıq xidməthaqqı 20 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 1-2 %.
"Expressbank" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 250, aylıq xidməthaqqı 20 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidmət haqqı 1,2-2,2 %.
"Bank Standard" QSC KB- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 0, aylıq xidməthaqqı 25 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 1-2 %.
"Əmrahbank" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 200, aylıq xidməthaqqı 15 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 1,2-2,2 %.
"Kapital Bank" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 500, aylıq xidməthaqqı 30 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidmət haqqı 0,5-3 %.
"Kredobank" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 250, aylıq xidməthaqqı 10-20 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 2-2 %.
"Günaybank" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 0, aylıq xidməthaqqı 20 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 1,2-2,2 %.
"ACCESS Bank" QSB- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 150, aylıq xidməthaqqı 50 manat, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 1-2,2 %.
"Bank of Baku" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 0, aylıq xidməthaqqı 0, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 0,8-2%.
"Azər-Türk Bank" ASC- təsərrüfat subyekti tərəfindən qoyulan depozitin həcmi maksimum 500, aylıq xidməthaqqı 0, aylıq dövriyyədən əməliyyatlar üzrə xidməthaqqı 1-2%.
10 milyonlarla vəsait büdcədən yayındırılır...
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, alkoqollu içki və siqaret satışı sahəsində 10 milyonlarla dollar vəsait büdcədən yayındırılır: "Plastik kartla satışın tətbiqinin əsas məqsədi həmin vəsaitləri büdcəyə cəlb etməkdir. Nağdsız ödənişləri izləmək mümkündür. Mütəmadi olaraq spirtli içkilərdən istifadə edənlər var. Müəyyən çətinliklər müvəqqəti olacaq. Bəzi mağazalar hətta özləri plastik kartlar alaraq kartı olmayan vətəndaşların əvəzindən ödənişlər edirlər. Digər tərəfdən plastik kart almaq çətin prosedur deyil".
Ekspert deyir ki, aksizli malların nağdsız qaydada satışı bütövlükdə bu sahədə uçotun şəffaflaşdırılmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına da müsbət təsir göstərməlidir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53