Oqtay Şirəliyev "Avromed"qarşısında çarəsiz qaldı
10:38 14-01-2016
İQTİSADİYYAT
Ölkənin bir nömrəli dərman inhisarçısı yenə sabotaja əl atır
Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə sahib olan "Avromed" firması dolların məzənnəsinin kəskin dəyişməsi ilə əlaqədar apteklərə dərman verilməsini dayandrıb. Bu barədə əczaçılıq sektorundakı mənbələr bildiriblər.
Bakının bir neçə aptekində aparılan sorğu bu məlumatı təsdiqləyib. Məlum olub ki, apteklər demək olar ki, Yeni ilin əvvəlindən "Avromed"in anbarlarından dərman ala bilmirlər. Nəticədə apteklərdə mövsümü xəstəliklərə qarşı dərmanların əksəriyyəti yoxa çıxıb, hətta baş ağrısına qarşı adi dəmanları ("Spazmalgon", "Sitramon" və s. ) apteklərdə tapmaq mümkün deyil. Tapılanda isə bu dərmanla Tarif Şurasının müəyyən etdiyi qiymətdən az qala iki dəfə baha təklif edilir.
Əczaçılar bildiriblər ki, "Avromed" apteklərə dərman verilməsini ancaq bu gün bərpa etməyə hazırlaşır. Lakin dərmanların qiymətinin artacağı da gözlənilir. Çünki firma dolların manata nisbətdə məzənnəsinin kəskin artmasını əsas gətirərək dərmanları köhnə qiymətə satmaq istəmir.
Başqa bir məlumatda da bildirilir ki, son günlər apteklərdə dərman qıtlığı müşahidə olunur. Xüsusilə də mövsümi xəstəliklərə qarşı çox istifadə olunan dərmanlar, onkoloji və şəkərli diabetin müalicəsində istifadə olunan pereparatlar "yoxa çıxıb".
Apteklərdə deyirlər ki, qiymət artımından sonra depodan dərman almaq problemə çevrilib: "Məsələn, "Kistaqloqilin", "Oksiprogesteron", "Spazmolizin", "Nexium" yoxdur. Olmayan dərmanların yerinə əvəzedicilər təklif edirik. Lakin əksər hallarda xəstələr əvəzedicilərlə razılaşmırlar".
Dərman firmaları isə qiymət artımından sonra dərman qıtlığının yaranmasında depoları günahlandırır. "Akvamed" firmasından deyiblər ki, anbarda kifayət qədər dərman ehtiyatları var: "Bizim firma ürək xəstəliklərinin müalicəsində istifadə edilən, o cümlədən allergiya və öskürəyə qarşı dərmanlar gətirir. Firmamıza məxsus dərmanlar Tarif Şurasının müəyyənləşdirdiyi dərmanlarla satılır. Hələlik qiymət artımı yoxdur".
"Evroplus" firmasından isə qiymətlərin artıb-artmadığı ilə bağlı suallara cavab verməsələr də dərman ehtiyatı olduğunu, "Avromed"in deposuna vaxtlı-vaxtında dərman verildiyini deyiblər.
"Buta farm" firmasından dollar bahalaşandan sonra dərmanların qiymətinin artması, eləcə də satışla bağlı sualları cavablandırmaqdan imtina ediblər.
Apteklərə dərman paylanılmasını həyata keçirən "Avromed" isə dərman qıtlığı və qiymətlərlə bağlı suallara cavab verməyə hazırdır. Lakin şirkətdən hazırda sualları cavablandıra biləcək səlahiyyətli şəxslərin işdə olmadığı əsas gətirilərək təkrar müraciət etməyi məsləhət görüblər.
Xatırladaq ki, ötən ilin fevralında manatın birinci devalvasiyasının ardınca da analoji vəziyyət yaranmışdı və apteklərdə dərman qıtlığı yaranmışdı. Daha sonra açıqlandı ki, dərman bazarını inhisarda saxlayan firmalar prezidentin dərmanları bahalaşdırmamaq barədə göstərişindən sonra sabotaja əl atıblar və apteklərə dərman verilməsini dayandırıblar. Hansı ki, bu firmaların əslində dərmanları dəyərindən bəzən 10 dəfə baha satdığı məlum olmuşdu.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında inhisarçılığa və soyğunçuluğa son qoymaq üçün qəti tədbirlərin görülməsini tapşırdı. Bundan sonra Tarif Şurası dərman pereparatlarının ölkə üzrə vahid satış tariflərini müəyyən etdi. Nəticədə əksər dərmanlar xeyli ucuzlaşdı. Lakin manatın ikinci devalvasiyasından sonra dərman firmaları Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə işləməkdən faktiki olaraq imtina edir. Üstəlik dolların "qara bazar" kursunun tez-tez dəyişməsini əsas gətirərək anbarlarının qapılarını da bağlayıblar.
Maraqlıdır ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi hələlik bu məsələ ilə bağlı hər hansı münasibət bildirməyib. Ümumiyyətlə, adıçəkilən nazirliyin dərman bazarında yaranmış neqativ vəziyyətə vaxtında və ciddi müdaxilə etməkdə bir o qədər həvəsli olmadığı aydın görünür.
Ekspertlərin bəziləri də eyni qənaətdədirlər, baxmayaraq ki, onlar da buna konkret izahat verməkdə çətinlik çəkirlər. Əsas ehtimallardan biri budur ki, Azərbaycanın dərman bazarının aparıcı şirkətlərinin bir çoxunun arxasında güclü məmur himayəçiliyi dayanır. Elə bu da Səhiyyə Nazirliyinin sözügedən sahədə vəziyyəti nizamlamaq üçün daha təsirli addımlar atmaq imkanlarını məhdudlaşdırır.
Xatırladaq ki, prezident Nazirlər Kabinetinin sonuncu iclasında da manatın devalvasiyasındn sui-istifadə edənlərə qarşı sərt tədirlərin görülməsini tapşırıb. Hüquq-mühafizə orqanları artıq "Alfa-med" firmasının və bəzi broyler fabriklərinin rəhbərlərinə qarşı qiymətləri süni şəkildə artırmağa görə cinayət işi qaldırıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17