Gecə saatlarından Şəkidə müşahidə olunan güclü yağış fəsadlar törədib.

Unikal.org Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Kiş çayında sululuğun miqdarının artması nəticəsində çayın üzərində salınan müvəqqəti körpünü su aparıb. Kiş çayının üzərində yerləşən və Kiş kəndini mavi yanacaqla təmin edən boru xətti sıradan çıxıb. Nəticədə kəndə mavi yanacağın verilişi dayandırılıb.Həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə aparan körpülər və yollar dağılıb.Şəkinin Çınqıllı dərə adlanan ərazisində torpaq sürüşməsi təhlükəsi yaşanıb.

Leysan yağışları nəticəsində Şəkinin digər kəndlərinə ziyan dəyib. Baş Küngüt və Qudula kəndlərində kəndarası yollar bərbad vəziyyətə düşüb və körpülər dağılıb. Eyni zamanda, Şəki şəhəri, Oxud və Kiş kəndlərini su ilə təmin edən xəttlər sıradan çıxıb. 60 metrlik su kanalı lil qatı ilə örtülüb. Suyun verilişi dayandırılıb.

Kiş kənd əhalisinin alternativ Oxud yolu vasitəsilə şəhərlə əlaqəsi bərpa edilib. Aidiyyətiqurumlar hadisə baş verən əraziyə baxış keçirib. Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Hazırda Kiş və Şin çaylarında suyun miqdarı normadan artıqdır. Bu cür hava şəraitininsə hələ bir müddət də davam edəcəyi gözlənilir.