Oğuzda qonşular su üstündə bir-birinə ağır bədən xəsarətləri yetirib.
Unikal.org bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, iyulun 23-ü günorta saatlarında Oğuz rayonu Yemişənli kənd sakinləri 1961-ci il təvəllüdlü Qeysəddin Qaqa oğlu İbrahimov və 1988-ci il təvəllüdlü Elməddin Şükür oğlu Xələfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. 55 yaşlı Qeysəddin İbrahimovun xəsarətləri ağır olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 28 yaşlı Elməddin Xələfovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, rayonun Yemişənli kənd sakinləri olan və qonşulaqda yaşayan Qeysəddin İbrahimovla Elməddin Xələfov arasında su üstündə mübahisə düşüb. Qonşular arasında baş verən mübahisə davaya çevrilib və onlar bir-birinə ağır bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.