Milli Məclisin növbədənkənar iclası keçirildi
09:17 20-01-2016
CƏMİYYƏT
Oqtay Əsədov: "Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda prezident tərəfindən işlər görülür"
Dünən Azərbaycan Milli Məclisinin 2016-cı il yaz sessiyasında növbədənkənar xüsusi iclası keçirilib. İclası spiker Oqtay Əsədov açıq elan etdikdən sonra dövlət himni səsləndirilib.
İclasın gündəliyinə "Əmanətlərin sığortalanması haqqında", "Əmanətlərin tam sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", "Gömrük tarifi haqqında" qanunlara və Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər daxil edilib.
Spiker Oqtay Əsədov Milli Məclisin deyib ki, son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda prezident tərəfindən işlər görülür. Onun sözlərinə görə, iqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq. O, iqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı prezident tərəfindən parlamentə təqdim olunan layihələri buna misal çəkib: "Prezidentin bu sahədə çox operativ addımları var".
Milli Məclisin növbədənkənar iclasında iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib. Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: "Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Buna baxmayaraq, problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər".
Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: "Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir".
Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: "Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar".
Fəzail Ağamalı çıxışında ölkədə dollarla kredit verilməsini tənqid edib: "Bu gün xalq soruşur ki, kreditlər niyə milli manatla deyil, dollarla verilir? Bu, birbaşa Konstitusiya pozuntusudur".
F. Ağamalının sözlərinə görə, kreditlər, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir".
Sədr Oqtay Əsədov isə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona görə verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq".
MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov son vaxtlar iqtisadi məsələlərlə bağlı səsləndirilən fikirlərlə razılaşmayıb: "Cənab prezidentin bu istiqamətdə çox dəqiq planları, proqramları var. Banklarla bağlı olan məsələ gündəmə gəlib. Biz gözləyirik ki, iqtisadi blokdan olan dövlət nümayəndələri bu məsələlərə bağlı ictimaiyyətə məlumat verəcək. Banklardakı vəziyyət, problemlər barədə məlumat vermək lazımdır ki, insanlar bilsinlər. Yoxsa, heç bir məlumat verilmədən proseslər həyata keçirilir və insanlar arasında çaşqınlıq yaranır. Qəsdən sabotaj və ajiotaj yaradan qruplar, sosial şəbəkələrdə xüsusi olaraq öyrədilmiş insanlar var. Heç bir hadisə olmadan gündəmə elə məsələlər qoyurlar ki, bizdə guya ərzaq qıtlığı var. Ona görə, insanların məlumatlandırılması vacibdir. Təklif edirəm ki, mütəmadi olaraq ictimaiyyətə məlumat verilsin ki, hansı banklarda problemlər var. Son müşavirədə cənab prezident vurğulayıb ki, atılan addımlar ölkəyə yeni investisiyaların gəlməsi və iş yerlərinin açılması baxımından vacibdir. Bu istiqamətdə sahibkarlara müraciət edirəm ki, cənab prezidentin çağırışına dəstək versinlər, yerli istehsalın inkişafına kömək olsunlar".
"Ölkədə unun qiymətinin stabilləşdirilməsi çox vacib qərardır. Ümumiyyətlə, son günlər qəbul edilən qərarlar çox ciddi addımlardır. Hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır və Azərbaycanın kifayət qədər maliyyət ehtiyatları var". Bu sözləri Milli Məclisdəki müzakirələrdə çıxışı zamanı millət vəkili Vahid Əhmədov deyib.
Çıxış edən Zahid Oruc isə ixtisarlardan danışıb: "Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, "Azərenerji"ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan "Azərişıq" adlı qurum var. Bu siyahını uzada da bilərik". Spiker Oqtay Əsədov isə Zahid Orucun çıxışına "Sənin yerin görünür" replikası ilə cavab verib.
Müzakirələrdən sonra Milli Məclisin növbədənkənar iclası başa çatıb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42