"Məscidə namaz qılmağa gələn bəzi insanların yol verdiyi hərəkətlər ibadətə mane olur".
Unikal.org xəbər verir ki, bunu "Report"a "Heydər" məscidinin axundu hacı Rüfət Qarayev deyib.
Onun sözlərinə görə, namaza mane olan amillərdən biri telefonlardır: "Bəzən namaza gələn insan mobil telefonunun səsini almır. Namaz əsnasında telefonlardan çıxan müxtəlif səslər ibadətə mane olur. Aparılan təbliğat nəticəsində bu hallar son zamanlar azalıb. Əvvəllər bu hal daha çox olurdu. Başqa bir problem telefonlara yüklənən azan proqramı ilə bağlıdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tətbiq etdiyi azan vaxtı var. Amma çox zaman telefonlara yüklənən proqramlar ayrı-ayrı vaxtlarda azan səsləndirir ki, bu da problemlərə yol açır. Yaxşı olar ki, namaz qılanlar telefonlarına QMİ-nin təyin etdiyi azan proqramını yükləsinlər".
Axund onu da bildirib ki, məscidə namaz qılmağa gələn insanlar bəzən özləri ilə 3-4 yaşlı uşaqlarını da gətirirlər ki, bu amil də namaza mane ola bilir. Belə ki, böyüklər namaza başlayanda nə edəcəklərini bilməyən uşaqlar ortada gəzir, səs edirlər.
R.Qarayev bildirib ki, məscidə gəlib namaz qılanlar arasında 12-13 yaşlı yeniyetmələr də olur. Onun sözlərinə görə, namaz qılmağa gələn 20 insandan 2-si yeniyetmə olur.
Axund qeyd edib ki, namaz qılmağa gələnlər əvvəlki illərdən fərqli olaraq məsciddə təmizliyə əməl edirlər.
"Allahın evi"ndən oğurluq olub-olmaması məsələsinə gəlincə isə R.Qarayev bəzən belə halların olduğunu bildirib: "Bəzən məsciddə oğurluq halları olur. Amma bunu namaz qılmağa gələnlər deyil, bu ad ilə gələnlər edir. Belə adamlar namaz qılmağa gələnlərlə birlikdə məscidə daxil olurlar. İnsanlar ibadətə başladıqdan sonra onlar oğurluq edirlər. Bir neçə dəfə namaz qılanların telefonlarının oğurlanması faktı qeydə alınıb. Sonradan oğrular tapılıb və əşyalar sahiblərinə geri qaytarılıb".