İşıq pulunun cüzi artımından sonra paytaxtdakı uşaq əyləncə mərkəzlərində qiymətlər qaldırılıb. İndi bir uşağın 2-3 saatlıq əylənməsi valideynə 100-150 manata başa gəlir.
İsti yay aylarında valideynlər, xüsusən də məzuniyyətini istirahət mərkəzlərində keçirə bilməyənlər, uşaqlarını əyləndirmək üçün məhz belə yerlərə üz tutmağa məcbur qalırlar.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, həftəsonları əyləncə mərkəzlərində müştəri əlindən tərpənmək olmur. Baxmayaraq ki, hamının üzündə narazılıq var: uşaqlar əyləncənin tez bitməsindən, valideynlər isə bahalıqdan şikayətçidirlər.
Məsələ ilə yerində tanış olmaq üçün Bakının uşaq əyləncə mərkəzlərindəki qiymətlərlə maraqlandıq.
Əvvəlcə "Megafun" əyləncə mərkəzinə baş çəkdik. Devalvasiyadan sonra "Megafun"dakı mağaza və kafelərin əksəriyyəti bağlansa da, əyləncə mərkəzi fəaliyyətini davam etdirir. Oyunların qiyməti 2-6 manatdır. Amma əylənmək istəyənlər üçün ən yaxşı seçim 25 manat ödəyib kart almaqdır. Kart, boulinq istisna olmaqla, bütün oyunlar üçün keçərlidir. Lakin bir kartdan iki uşaq istifadə edəcəksə, biri digərinin oyun müddətinin bitməsini gözləməlidir. Boulinq oynamaq istəyənləri sə 6 manat ödəməlidirlər. Maşın yarışları da 6 manata başa gəlir.
Buz üzərində sürüşmək, qorxu tunelinə səyahət kimi əyləncələri də nəzərə alsaq, 2-3 saatlıq oyun 80-100 manata başa gələcək.
Uşaq qaynadılmış qarğıdalı, cipsi, sərinləşdirici şirə istəsə bunun üçün də əlavə 20 manat ödəmək lazımdır.
"Megafun"da nahar etmək hər kəsin cibinə uyğun deyil. Çay dəsgahı 20 manat, pitsa 10-16 manat, şirə 5-10 manat, 100 qramlıq dondurma 10 manat, içərisində kartof qızartması və sandiviç olan uşaq menyusu 10 manata başa gəlir.
"28 Moll" ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən məkanda oyun oynamaq üçün 2 manat verib kart almaq lazımdır. Oyunların bir dəqiqəsi 1 manat 50 qəpikdən 5 manata qədərdir. Məsələn, öküzün üstündə 3 dəqiqə hoppanmaq 5 manata başa gəlir. Yerə yıxılan uşağın növbəti hoppanmağına daha 5 manat "qurban gedir".
Maşınla yarışa qatılmaq üçün də 5 manat ödəmək lazımdır. Güllə atmaq, tennis, boulinq də ayrı-ayrılıqda 5 manatdır. 3 topu şarın içərisinə salmaq, 20 qəpiklik oyuncağı götürmək üçün isə aparata 2 manat yüklənilir.
1 manat 50 qəpiklik oyun aparatlarının qarşısı isə boşdur.
Beləliklə, yarım saat içərisində 100 manatından keçən valideyn, əyləncəsi yarımçıq kəsildiyindən narazı qalan övladını peşman halda geri qaytarır.
Elə həmin ticarət mərkəzində nahar eləmək üçün kafelər var. Yəqin ki, çoxlarının yolu bu kafelərdən keçib. Məsələn, "Mado" kafesində "sandiviç", "pitsa" yemək və şirə içmək təxminən 20 manata başa gəlir. İşdir menyuya dondurma və çay əlavə edilərsə, bu zaman 10 manat artıq ödənilməlidir.
Müştərisi həmişə çox olan "McDonalds", "KFC" kimi kafelərdə də qiymətlər dəyişib. "Biq Maq", "Çizburger", "Çiken" kimi qidalar, dondurma və içkilər üçün 10-15 manat ödəmək lazım gəlir. "Manqal" və ya "Köfteçi" kafelərində isə qiymətlərdən "dodaq uçuqlayır".
"Metro Park" ticarət mərkəzinin 4-cü mərtəbəsindəki əyləncə məkanında da attraksionlar, müxtəlif oyunlardan karta pul yükləməklə istifadə etmək mümkündür. Bunun üçün ilk növbədə 3 manat verib kart almaq lazımdır. Doğrudur, bu mərkəzdə quraşdırılan oyun aparatları, yelləncəklər daha çox kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulub. Zoomda (uşaqların içində oynadığı, kiçik toplarla, yumşaq kreslolarla dolu məkan) yeləncəkdə 3 dəqiqə fırlanmaq, aparatda balığı yaxalamağa cəhd 10 manata başa gəlir. Amma təbii ki, uşaq bu 5-10 dəqiqəlik əyləncədən razı qalmır. Daha bir neçə oyun və beləliklə, valideynin 50 manatın nə vaxt xərcləndiyindən xəbəri olmur. Bu əyləncə mərkəzində nahar, çay süfrəsi təxminən 20-30 manata başa gəlir.
"Olimpik Star" əyləncə mərkəzində də qiymətlər fərqli deyil. Hoppanmaq, tullanmaq, top atmaq kimi əyləncələrin qiyməti 2 manatdan 6 manatadəkdir.
Təbii ki, 5 manat verib 5 dəqiqə oynayan uşaq razı qalmır. Beləliklə də, uşağın istəyi ilə 50-60 manat göyə sovrulur. Nəsə yemək arzusunda olanlar 30-40 manat ödəməklə sadə nahar edə bilərlər.
Siyahını uzatmaq da olar. Ancaq ehtiyac görmürük. Çünki paytaxtdakı uşaq əyləncə mərkəzlərində vəziyyət təxminən eynidir. Qiymətlərin necə və hansı əsaslarla tənzimləndiyi açıqlanmasa da ya zəlzələdən, ya vəlvələdən bahalaşmaya hər ay "əsas yaranır". Uşaqların əyləncəsindən pul qazananlara isə "dur" deyən yoxdur.