İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Rusiya əleyhinə təhdidlər dolu doqquz dəqiqəlik video yayımlayıb.
"Youtube da yerləşdirilən videoda terrorçular Rusiyada cihad edəcəklərini, həmçinin Rusiya prezidenti Vladimir Putini öldürəcəklərini bəyan ediblər.
Hazırda Rusiya hüquq mühafizə orqanları videonun gerçək olub-olmamasını araşdırır.
Xatırladaq ki, 2014-cü ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Elə həmin il iyunun ayının sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.