Əmlak Məsələləri Dövlət Komitəsi ən müasir texnologiyalar əsasında Azərbaycanda fasiləsiz fəaliyyət göstərən 37 stansiyadan ibarət AZPOS sistemləri vasitəsilə dövlət qurumları və özəl şirkətlərə geodeziya və kadastr xidmətləri göstərir.
AZPOS sisteminin (Azerbaijan Positioning Observation System) imkanlarından geodeziya, çöl-ölçmə işləri aparmaq istəyən şirkətlər, avtomobil və ya dəmir yolları, su və kanalizasiya, neft kəmərlərinin çəkilişi ilə məşğul olan qurumlar istifadə edə bilir. Bu sistemdən istifadə hər şeydən əvvəl dəqiqlik, bütövlük, fasiləsiz, etibarlı, davamlı və keyfiyyətli xidmət kimi üstünlüklər qazandırır. İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən yararlanmaq imkanına malikdir. Bunun üçün Komitənin tabeliyində olan "Kadastr və Yer Quruluşu Layihə Tədqiqat Mərkəzi MMC-yə müraciət edilməlidir. Bundan sonra Mərkəz müraciət edən şirkət və ya təşkilatların AZPOS sisteminə qoşulmasını təmin edir. Həmin şirkət və təşkilatlara istifadəçi adı və parol verilir ki, sistemə daxil olmaqla ona yaxın stansiyalar vasitəsilə lazımi koordinatları hesablaya bilir və digər geodeziya xidmətlərindən faydalana bilir.
Qeyd edək ki, hazırda AZPOS sisteminin xidmətlərindən istifadə edən şirkət və qurumlar sırasında istifadəçi sayına görə su, kanalizasiya xətlərinin çəkilişi və neft-mədən işi, neft kəmərlərinin salınmasını həyata keçirən qurumlar üstünlük təşkil edir.
AZPOS Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan Respublikası ilə Dünya Bankının birgə həyata keçirdiyi "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində quraşdırılıb. AZPOS şəbəkəsi məlumatları dəqiq vaxt rejimində Differensial Qlobal Naviqasiya Peyk sistemi vastəsi ilə emal etdikdən sonra elektron formada ötürür.
Sistem geodeziya xəritələrinin hazırlanması üçün baza rolunu oynayır. AZPOS daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk siqnallarını qəbul edir. Sistem hələ tam işə düşməyən Avropa İttifaqının Galileo peyk siqnallarını da qəbul etmək iqtidarındadır. 37 ədəd Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları bir-biri ilə əlaqə yarada biləcək konkret məsafələrdə yerləşdirilib. Respublika ərazsində hər hansı çöl-ölçmə işləri aparılarkən bu avadanlıqlar vasitəsilə müəyyən ərazilərin koordinatları vurulur. Sonra həmin məlumatlar stansiyalar vasitəsilə bazaya ötürülür. Bundan sonra istənilən ərazidə torpaq üzərində hər hansı iş görülərkən, məsələn avtomobil yolu çəkilərkən, yaxud su və ya kanalizasiya boruları çəkilərkən həmin koordinatlardan istifadə olunur.
Müqayisə üçün bildirək ki, AZPOS fəaliyyətə başlamazdan əvvəl çöl-ölçmə işlərini aparmaq həm fiziki baxımdan çətin idi, həm də hər hansı ərazinin koordinatlarını müəyyənləşdirmək üçün uzun vaxt tələb olunurdu. İndi isə bu stansiyaların qurulması sayəsində istənilər ərazinin koordinatlarını daha rahat, həm də çox qısa vaxt ərzində əldə etmək olur. Üstəlik əvvəllər bu proses üçün bir neçə işçi qüvvəsi tələb olunurdusa, indi bir mühəndis AZPOS sistemindən istifadə etməklə və düyməni basmaqla ərazinin koordinatlarını verə bilir.
Bu stansiyalar dövlət əmlakının elektron idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edir. Daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsinin yaradılması və ortofotoxəritələrin hazırlanması məhz AZPOS şəbəkəsinin texniki imkanlarına əsaslanır. Həmçinin, sistem əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün geodeziya, xəritə və kadastr məlumatlarının bazası rolunu oynayır. Bütün sahələr üzrə cari və perspektiv mərzçəkmə işlərinin yerinə yetirilməsində istifadə edilir. Məhz bu sistemin yaradılması sayəsində yeni peyk və aerofototəsvirlər vasitəsilə rəqəmli ortofotoxəritələrin tam dəsti hazırlanır, torpaq sahələrinin xəritələri tərtib edilir.
Sistemin digər üstünlüyü yeni ortofotoxəritələr vasitəsilə kadastr məlumatlarının düzgünlüyünü yoxlamaq imkanı yaratmasıdır. Mövcud kadastr məlumatlarını, o cümlədən keçmiş dövrlərdə qeydiyyata alınmış torpaq sahələrinin ölçülərini, konfiqurasiyalarını, hüquqi sənədlərdə (dövlət aktları və şəhadətnamələr) əks olunmuş texniki göstəriciləri faktiki vəziyyətlə müqayisədə yoxlamaq imkanı verir.
Beləliklə, AZPOS sistemi həm də özəl sektorda mərzçəkmə və kadastr ölçmələrinə dair işlərin aparılması ilə bağlı bilik və bacarıqların artırılmasına xidmət edəcək. Belə ki, 37 ədəd geodeziya istinad stansiyaları şirkətlərə mərzçəkmə xidmətlərini daha tez və maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirmək imkanı yaradacaq. Bu sistem bütün mərzçəkənlərin, o cümlədən topoqrafiya və inşaat sahəsində çalışan mütəxəssislərin işini rahatlaşdıracaq və daha sürətli edəcək. AZPOS şəbəkəsi hər şeydən əvvəl ipoteka, tikinti və daşınmaz əmlakla bağlı digər xidmətlərin keyfiyyətini daha da artıracaq.