Azərbaycan tankçıları "Beynəlxalq Ordu Oyunları - 2016 yarışları çərçivəsində keçirilən "Tank biatlonu yarışlarında iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org bildiriblər ki, müsabiqənin ikinci günündə Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistan tank heyətləri fərdi ustalıqlarını nümayiş etdiriblər.

"Fərdi sürücülük mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 kilometr olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tank əleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.

Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tank əleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir.

Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. "Fərdi sürücülük mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla "Estafet mərhələsində iştirak etmək hüququ qazanacaq.