İyul ayında erməni silahlı bölmələri atəşkəs rejimini 370 dəfə pozub.
Unikal.org bildirir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
İyul ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.
Ötən ay erməni silahlı bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. Düşmən tərəfinin snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları baş leytenant Məmmədov Toğrul Səyyad oğlu və əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olublar.
İyul ayında da cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub. Düşmənin ön xətdəki təxribatlarının qarşısı qətiyyətlə alınıb.
Qeyd edək ki, iyun ayında atəşkəs 655 dəfə pozulub.