Ermənistanda silahlı üsyan hadisəsinin əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqları əngəlləmək, Rusiyanın təşəbbüsünə zərbə vurmaq idi. Hər halda bunun danışıqlar prosesinə təsirini hiss edəcəyik. Hətta ola bilər ki, Sarkisyan danışıqlardan imtina da etsin.
Unikal.org bildirir ki, bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Ermənistanda baş verən silahlı üsyan cəhdi, onun yatırılması və bundan sonrakı proseslərin mümkün gedişatı ilə bağlı məsələləri şərh edərkən deyib.
Ekspertin fikrincə, indiki iqtidar buna səbəb kimi ölkə daxilində vəziyyətin pis olmasını göstərə bilər: "Yəni bu təsir hərtərəfli ola bilər. Hələlik konkret fikir söyləmək çətindir. Amma bu məsələ, əsasən, Rusiya-Ermənistan münasibətləri çərçivəsində, özü də qapalı şəkildə müzakirə və həll olunacaq. Çünki bu hadisə müttəfiq Rusiyanı narahat etməyə bilməzdi. Bu, təbii ki, iki ölkə arasında münasibətlərə təsir edəcək. Ola bilər ki, Ermənistan bundan daxildə vəziyyəti stabilləşdirmək və dəstək üçün Rusiyadan əlavə silah alınması üçün istifadə etsin".
E.Ələsgərov hesab edir ki, əslində, İrəvanda hakimiyyət silahlı üsyan qaldırmış terrorçuları qısa vaxtda zərərsizləşdirə bilərdi. Çünki qapalı yerdə 20 nəfər silahlı adama qarşı əməliyyat həyata keçirmək problem deyildi. Sadəcə, məsələnin bu qədər uzanmasının səbəbi başqa idi. Çünki iqtidar özü hadisələrin gedişatının belə olmasını istəyirdi: "Prezident Serj Sarkisyan, ilk növbədə, müttəfiqi Rusiyaya nümayiş etdirmək istəyirdi ki, baxın, bizdə belə bir silahlı müxalifət var və əgər mən hakimiyyət getsəm, bu məsələ ilə siz məşğul olmalı olacaqsız. Yəni siz Qarabağ məsələsini həll edirsiz, amma sonra bunlar gəlib məsələyə müdaxilə edəcəklər. Elə ona görə də Sarkisyan uzun müddət heç bir bəyanat vermədi, fikir bildirmədi, üzə çıxmadı və faktiki olaraq bu hadisədən öz hakimiyyətini gücləndirmək üçün istifadə etdi".
Onun fikrincə, elə məhz bu səbəblərdən məsələ hər iki tərəfdən süni olaraq çox şişirdilmişdi: "Bəzi mətbuat orqanları hadisələri çox şişirtmişdi. Məsələn, Rusiya "RBK"sı xəbər verir ki, İrəvandakı etiraz nümayişlərində təxminən min nəfər iştirak edir. Amma Ermənistan mətbuatı bu rəqəmi şişirdib Sarkisyana qarşı böyük müxalif qüvvə kimi təqdim edirdi. Elə hakimiyyətə yaxın mətbu orqanları da bunu şişirtməkdə maraqlı idilər. Amma faktiki olaraq hadisələr zamanı heç bir siyasi lider ortaya çıxmadı. Ortada isə ASALA terror təşkilatının üzvləri olan silahlı bir qrup idi. Lakin bu 15 gün ərzində onlar son məqama kimi terrorçu adlandırılmadı. Çünki bu qrupun üzvləri vaxtilə Sarkisyanla çiyin-çiyinə Azərbaycan torpaqlarının zəbt edilməsində, azərbaycanlılara qarşı terror aktlarının və soyqırımların törədilməsində iştirak edən adamlardır. Yəni onları terrorçu adlandırmaq, Sarkisyanı da terrorçu adlandırmaq kimi bir şey idi. Ona görə də bu sözü işlətmirdilər. Yalnız sonda təhlükəsizlik xidməti bildirdi ki, terror təşkilatı yox, terror qruplaşması zərərsizləşdirilib. Yəni 15 günlük hadisələrin sonunda yalnız bir cümlə ilə bunu qeyd ediblər".