Ekoloji qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər cərimə olunublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Unikal.org-a verilən məlumata görə, 2016-cı ilin 6 ayı ərzində qurumun apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, balıq ehtiyatlarının, fauna və floranın mühafizəsi, o cümlədən məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilmiş qanun pozuntularına görə 1070 akt və 351 protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 319 müddətli "məcburi göstəriş verilib.
Məlumata görə, ümumilikdə, 329 iş üzrə 395780 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 249 iş üzrə 483841 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı isə 2647 iş üzrə 494304 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 207 işdən 115-nə, icra qurumlarına göndərilən 172 işdən 87-nə, məhkəmələrə göndərilən 129 işdən 25-nə baxılaraq müvafiq tədbirlər görülüb.