Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı həmin rayonların İcra Hakimiyyəti başçılarının müavinləri və baş memarları ilə növbəti görüş keçirilib.
Komitədən Unikal.org-a verilən məlumata görə, komitə sədri Abbas Ələsgərov iclasın keçirilməsində əsas məqsədin respublikada ilk dəfə reallaşdırılan pilot layihənin həyata keçirilməsinə başlanmasından ötən 4 ay ərzində görülmüş işlər, komitə və baş memarlar arasındakı birgə fəaliyyət, meydana çıxan çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu vurğulayıb.
Sədr qeyd edib ki, bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer olunub. Bu layihə çərçivəsində yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən artıq sakin köçürülməli, 1 mln. kvadratmetrə yaxın yaşayış sahəsi tikilməlidir. Komitə tərəfindən tikinti nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb. Bu günə qədər təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A. Ələsgərov bu işin ləng getməsindən narahatlığını dilə gətirib.
Həyəcan doğuran ən başlıca məsələ bir sıra hallarda hazırlanan eskiz layihələrinin görülmüş planlaşdırma işlərinə uyğun gəlməməsidir. Eskiz layihəsinin heç bir hüquqi bazasının olmadığını, qanunvericiliklə nəzərdə tutulmadığını qeyd edən A. Ələsgərov bir neçə kobud faktlarla rastlaşdığını bildirib: "Bir kvartal üçün yerinə yetirilmiş planlaşdırma işlərində nəzərdə tutulmuş reqlamentlərin heç bir əsası olmadan 0,2 - 0,5 ha ərazilərə tətbiq edilməsi, belə kiçik ərazilərdə 3-4 ədəd 16 mərtəbəli binanın yerləşdirilməsinə cəhd göstərilməsi kimi hallar mövcuddur".
Komitə sədri eskiz layihələrini hazırlayan memarların səriştəsizliyindən, şablon layihələrdən istifadə etməsindən geniş bəhs edib: "Bu gün öz işinə etinasız yanaşan bu layihəçilər standart olaraq 16 mərtəbəli binalar layihələndirməklə, bir çox hallarda isə artıq hazır olan layihələrinə kosmetik düzəlişlər etməklə öz işlərini bitmiş hesab edirlər. Q-şəkilli və yaxud 10-14 mərtəbəli bina layihələri bu gün demək olar ki, yox səviyyəsindədir. 3D modellərin qurulması ilə bir sıra hallarda tikintidə qeyri-peşəkar olan investorların gözünə kül üfürməklə onlarda özləri barədə yüksək rəy yaratmağa çalışırlar. 3D modellər ayrı bir binanı təsvir etməklə yekunlaşmamalı, bütün dünyada olduğu kimi, onu şəhərsalma baxımından tam xarakterizə etməlidir. Təqdim edilmiş eskiz layihələrindəki fasadlar isə dözülməz vəziyyətdədir".
A. Ələsgərov bu məsələdə heç bir güzəştin mümkün olmayacağını, fasadların estetik cəhətdən mükəmməl hazırlanmalı olduğunu və ümumi bir ansambl yaratmalı olduğunu kəskin şəkildə diqqətə çatdırıb.
"Nöqtəvi", "pərakəndə" tikinti layihələri xroniki xəstəlik olaraq qalır. "Pilot layihə" çərçivəsində əgər qəzalı hər hansı bir binanın - məsələn yataqxananın, təxirəsalınmadan sökülməsinə ehtiyac yaranmışdırsa, onun yerində təcili bir yaşayış binasının tikintisinə razılıq verilməsi mümkündür. Lakin bu yalnız sonradan qısa bir zamanda müvafiq ərazinin planlaşdırma işlərinin yerinə yetirilməsi, ona qədər isə həmin ərazidə heç bir tikinti fəaliyyətinin həyata keçirilməməsi şərti ilə mümkündür. Digər ağrılı məsələ bir pilləkən qəfəsində 7-8 mənzil yerləşdirilən yaşayış binalarının layihələndirilməsidir. Bu mənzillərin əksəriyyətinin bir otaqlı olması gələcəkdə bir sıra məişət problemlərinin yaranması gətirib çıxara bilər", - deyə sədr bildirib.